Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Ucnoqta.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ondoqquzmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 2 nəfər bina sakini təxliyə edilib.
Xəsarət alan yoxdur.