Bayram günlərində bu küçələrdə maşınla hərəkət etmək olmayacaq

15:04 - 18 Mart 2024 - Xəbər

17 mart tarixində Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təhlillər aparılıb.

Bu barədə Ucnoqta.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması effektiv olub. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.

Müsbət nəticələr nəzərə alınaraq, 20-26 mart tarixlərində – Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.

Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.

Xəbər xətti