Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.
Teymur Rəcəbov 2747 xalla 5 pillə irəliləyərək, 11-ci sıraya yüksəlib. 2746 xalı olan Şəhriyar Məmmədyarov isə bir mövqe itirərək 14-cü yerdə qərarlaşıb.
Qədir Hüseynov (2661) 2 pillə irəliləyərək 86-cı yerə enib. 2646 xala malik Rauf Məmmədov 100-cü, Nicat Abbasov 102-cüdür.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2859) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2428) 37-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 98-ci pillədən 62-ci sıraya yüksəlib. Əvəzində Xanım Balacayeva (2379) 73-cü, Gülnar Məmmədova isə (2376) 78-ci yerə geriləyib.