Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Qızıl Tac” şadlıq sarayında saxtalaşdırma yolu ilə spirtli içkilərin istehsal olunduğunu aşkarlayıb.
Bu barədə Ucnoqta.az-a AQTA-dan məlumat verilib.
Belə ki, daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 15A ünvanında fəaliyyət göstərən Fiziki şəxs Şirinov Vüsal Telman oğluna məxsus “Qızıl Tac” şadlıq sarayında plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı şənlik mərasimində istifadə üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan 3 ədəd 1 litrlik, 10 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı və 1 ədəd 0.7 litrlik “Mынсkъ” əmtəə nişanlı alkoqollu içkiləri aşkar edilib.
Araşdırma zamanı qanunsuz olaraq saxta spirtli içkilərin istehsalında araq butulkalarından təkrar istifadə olunmaqla, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi müəyyən edilib.
Aşkar olunmuş faktla bağlı dərhal alkoqollu içkilərin realizasiyası dayandırılmış və məhsullar möhürlənərək saxlanca verilmişdir. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir. Faktla bağlı əlavə məlumat veriləcək.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.