"Şahruddin Məhəmmədəliyevin situativ qərarlar verməkdə sıxıntısı var".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq qapıçısı Cahangir Həsənzadə "köhlən atlar"ın Fransada "Nant"a 1:2 hesabı ilə uduzduğu UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçında Şahruddin Məhəmmədəliyevin rəqibin ilk qolundakı səhvi barədə danışarkən deyib.
AFFA-nın texniki direktorunun sözlərinə görə, qolkiperin ayaqla yaxşı və ya pis oynaması onun mövcud durumundan asılıdır: "Bu məsələyə daha geniş prizmadan baxmaq lazımdır. Premyer Liqada nə qədər bu situasiyaya düşüb və təzyiqlə üzləşib? Bu kimi suallar var. Şahruddinin ayaqla zəif oynadığına inanmıram. O, ayaqla kifayət qədər keyfiyyətli oynayır. Sadəcə bu cür səviyyəli beynəlxalq oyunlarda vərdiş etdiyi vəziyyətlərdən fərqli situasiyaya düşür. Texniki element olaraq bu barədə sıxıntısı yoxdur. Premyer Liqamızda "Qarabağ"ın qapısına nə qədər təzyiq olur və qapıçı belə halla üzləşir? Məhz bu səbəblərə görə vaxtaşırı bu cür mikrosəhvlər baş verir. Düşünürəm ki, növbəti matçlarda bu cür hallar azalacaq".
43 yaşlı keçmiş oyunçu qarşılaşmanın vacibliyinin də çərçivə qoruyucularının durumuna və psixoloji hazırlığına təsir etdiyini diqqətə çatdırıb: "Şahruddin Məhəmmədəliyev səhv qərar versə də, bütün qarşılaşmanı nəzərə alsaq, keyfiyyətli oyun sərgiləyib. Sadəcə, qapıçının mövqeyi elədir ki, xırda səhvlər də bağışlanmır. Premyer Liqada belə səhvlər o qədər də gözə çarpmır. Bu səhvi xüsusi vurğulamaq istəməzdim. Qarşılaşmada səhv etməyənlər ehtiyat oyunçular skamyasında əyləşənlər və tribunadan oyuna baxanlardır. Bu, oyunun bir hissəsidir. Vacib olan odur ki, Məhəmmədəliyev səhvdən sonra inamlı oyun sərgilədi. Bu da hər qapıçıya xas olan xüsusiyyət deyil".
Həsənzadə "köhlən atlar"ın ümumi oyunu haqqında da danışıb: "Bu barədə ancaq müsbət fikir söyləyə bilərəm. Komanda nəticəyə baxmayaraq, öz oyununu sərgilədi və kifayət qədər keyfiyyətli futbol göstərdi. Zaman-zaman oyun üstünlüyü də bizim komandamızın tərəfində idi. "Nant" da öz növbəsində ilk matçdakı kimi boşluqlar vermirdi. "Qarabağ" uduzsa da, oyun planı və futbolçuların köklənməsi barədə qətiyyən mənfi fikir söyləmək olmaz. Rəqib son dəqiqələrdə oyunçusunun fərdi ustalığı sayəsində hesabda önə keçdi və bizim vəziyyəti xeyrimizə dəyişmək üçün imkanımız olmadı".
Qeyd edək ki, Cahangir Həsənzadə 2005 - 2007-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib.