Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
Ucnoqta.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə "Səbail" "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri 9 xalla 7-ci, qonaqlar 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 7-də paytaxt təmsilçisi, 6-da bölgə klubu qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.
Tura "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulacaq. "Ağ-qaralar" 22 xalla üçüncü, qonaqlar 25 xalla ikinci sıradadır. Tərəflər Premyer Liqada 16 dəfə qarşılaşıblar. 12 dəfə "Neftçi", 2 dəfə "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahibləri aşkar üstündür - 29:10.
Azərbaycan Premyer Liqası, XI tur
23 oktyabr (bazar)
16:00. “Səbail” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
“Bakcell Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1.