Qurban Qurbanov "Nant"la keçiriləcək matç haqda danışıb

23:46 - 20 Oktyabr 2022 - İDMAN

"Yaxşı nəticə əldə etmək istəyirik. İstənilən rəqibə qarşı minimum onların səviyyəsində oynamağa çalışırıq. Baxmayaraq ki, bizdən yüksək səviyyəli çempionatlarda çıxış edirlər".

Ucnoqta.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la keçiriləcək səfər matçı haqda danışarkən deyib.

O, Bakıda 3:0 hesabı ilə qalib gəldikləri rəqibin oyunlarını izlədiyini və həmin qələbənin aldadıcı ola biləcəyini qeyd edib: "Oyunumuzu daim qorumaq mənim üçün çox vacibdir. Avropa arenasında stabil oyun göstərmək önəmlidir. Əsas məqsədim komandanı matçlara hazırlamaqdır. Ola bilər ki, heç-heçə də bizi qane etsin. Qalibiyyət daha yaxşı olar. Məğlubiyyət haqda düşünməyək. Oyunlarına baxmışam. Onların məğlubiyyətləri bizi aldada bilər. Bir neçə epizodda texniki səhvlər olur ki, bununla hamımız rastlaşmışıq. “Frayburq”a böyük hesabla uduzsalar da, çempionat matçında başqa dinamika, sürət var idi. Çox yaxşı idilər, hücum futbolu göstərdilər. Sanki bizimlə oyuna hazırlıq kimi idi. Qarşıda 4-5 gün vaxtımız var. Daha yaxından təhlil edəcəyik".

Qurbanov Franasda keçiriləcək görüşdə mümkün təxribat barədə isə deyib: "Klub rəhbərliyi bu işlə məşğul olur. Son vaxtlar təxribatlar azalıb. Belə şeylərə fikir vermirik".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti