Portuqaliyalı hücumçu Kriştiano Ronaldo qış transfer pəncərəsində "Mançester Yunayted"dən ayrılmağa yaxınlaşır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "qırmızı şeytanlar" 37 yaşlı futbolçunu cəmi 11 milyon avroya satmağa hazırdır.
Mənbənin məlumatına görə, söhbət Ronaldonun Devid Bekhemə məxsus Amerikanın “İnter Mayami” klubuna satılmasından gedir. Daha əvvəl Mayami klubunun portuqaliyalıya mövsüm üçün 34 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
Xatırladaq ki, mediada Ronaldonun "Mançester Yunayted"dən ayrılmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Eyni zamanda, Avropa klubları portuqalya maraq göstərmir. Bununla bağlı Kriştiano digər qitələrdən gələn komandaların təkliflərini nəzərdən keçirə bilər.
Ronaldo bu mövsüm bütün yarışlarda 9 oyuna çıxıb və cəmi 1 qol vurub. Futbolçunun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Qış transfer pəncərəsindəki satış "Mançester Yunayted"in Kriştianodan bir qədər pul əldə etmək üçün son şansıdır.