XTQ-nin hərbçisi Hadrut əməliyyatından DANIŞDI - VİDEO

10:18 - 9 Oktyabr 2022 - Cəmiyyət

"Bizim qrup 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına Murovdağ istiqamətindən başladı. Oradakı postlarda düşməni məhv etdikdən sonra növbəti tapşırıq Hadrutun azad edilməsi oldu".

Bunu "Report"un Xocavənd rayonunun Hadrut qəsəbəsinə ezam olunmuş əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən qazisi Elçin Fətullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Hadrut istiqamətinə daxil olanda ermənilərin bütün canlı qüvvəsi qəsəbənin içərisində və ətrafdakı dağlarda cəmləşmişdi: "Ermənilər üçün Hadrut strateji cəhətdən Şuşa qədər böyük əhəmiyyət daşıyırdı. Burada düşmənin böyük hərbi hissəsi yerləşirdi. Onlar təkcə 300-dən çox heyətini dağlarda yerləşdirmişdilər. Eyni zamanda, qəsəbə ərazisində də xeyli sayda canlı qüvvələri vardı. Düşmənin ciddi müqavimətinə baxmayaraq, qəsəbəyə daxil ola bildik. Çünki komandirimiz qarşımıza tapşırıq qoymuşdu ki, nəyin bahasına olursa-olsun Hadrut azad edilməlidir".

XTQ qazisi bildirib ki, Hadrut qəsəbəsində baş vermiş döyüşlər daha şiddətli olub: "Hərb tarixində şəhər və qəsəbə döyüşləri daha ağır döyüşlər sayılır. Düşmən bizə çox ciddi müqavimət göstərirdi, geri çəkilmək istəmirdi. Ancaq Azərbaycan Ordusunun aşa bilməyəcəyi maneə yoxdur. Qəsəbənin girişində ermənilərin 60-a yaxın canlı qüvvəsini məhv etdik. Onlar bizi bu dərəcədə güclü təsəvvür etmirdilər. Düşmən qarşımızda tab gətirə bilməyib yenidən yüksəkliklərə qaçmağa məcbur oldu".

 


Xəbər xətti