"Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi".
Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis ilk hissədə oyunçular arasında bəzi anlaşılmazlıqların olduğunu bildirib: "Buna normal baxıram. Futbolçular uzun müddət birlikdə deyil. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən açıq futbol gedirdi. Rəqibin hər oyunçusunun ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş oldu. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı oyunlarda daha diqqətli olacağıq".