“Qarabağ Futbol Klubu” MMC təsisçinin dəyişdiyini bəyan edib.
Klub bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilr ki, oktyabrın 13-də, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 94 ünvanında ("Azərsun Holdinq" MMC-yə məxsus ünvandır) “Qarabağ Futbol Klubu”nun iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda təsisçi dəyişikliyi ilə bağlı Klubun nizamnaməsinə dəyişikliklərin edilməsi - nizamnaməsinin 6-cı redaksiyada təsdiq edilməsi, dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər müzakirə olunacaq.
Bununla belə, elanda klubun yeni təsisçisi barədə məlumat verilməyib.
Xatırladaq ki, “Qarabağ Futbol Klubu” kommersiya qurumu kimi 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,616 milyon manatdır.///report