"Qarşıda bizi iki çətin görüş gözləyir. Maksimum nəticə qazanmaq üçün oyunlara yüksək motivasiya ilə çıxacağıq. Məqsədimiz, təbii ki, qələbədir".
Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının və "Neftçi"nin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasının C divizionunda Slovakiya və Qazaxıstan seçmələrinə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi qrupun son iki matçında yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "İlk oyun səfərdə Slovakiya millisinə qarşı olacaq. Rəqibin oturuşmuş heyəti var. Xüsusən ev oyunlarında yaxşı çıxış edirlər. Bu da bizi daha diqqətli olmağa vadar edir. Məsuliyyəti anlayırıq, meydana yalnız qələbə üçün çıxacağıq. Hamımız çox istəkliyik. Motivasiya baxımından heç bir problemimiz olmayacaq".
Təcrübəli oyunçu Qazaxıstan yığmasının heyətində yaxşı oyunçular olduğunu söyləyib: "Son oyunun evdə olması bizə əlavə motivasiya verəcək. Hər iki matçda vuruşub, qalib gəlmək istəyirik. Bilirik ki, azarkeşlər bizdən qələbə gözləyir. İnanıram ki, onları sevindirəcəyik".
Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Qazaxıstanı qəbul edəcək.