“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan millisinə dəvət almaması ilə bağlı paylaşım edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İnstaqram hesabında baş məşqçi Canni De Byazi tərəfindən yığmaya çağırılmamağı ilə bağlı məsələyə aydınlıq gətirib:
“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram. Hər iki matçda milli formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi klubun növbəti oyunlarına yönəldəcəyəm. Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər”.
Əldə etdiyimiz məlumata görə isə, Qara Qarayevin milliyə çağırılmamağının səbəbi ötən toplanışdan baş məşqçi Canni De Byazi ilə aralarında olan gərginlikdir. Belə ki, yarımmüdafiəçi Millətlər Liqasının bundan öncəki 4 oyununda meydana az çıxması ilə bağlı baş məşqçi Canni De Byaziyə irad bildirib. İtalyan mütəxəssis isə öz növbəsində bunun onu seçimi olduğunu deyib. Həmin vaxt millinin düşərgəsini tərk etmək istəyən Qara Qarayevə komanda yoldaşları mane olub.
Daha sonra aradakı problemlər böyüyüb və AFFA rəhbərliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan Q.Qarayevlə söhbət etməsini və bu məsələni bağlanmasını xahiş edib. Yarımmüdafiəçinin bu toplanışa çağırılmamasının da səbəbi budur.
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.