“Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlunun rüşvət alarkən saxlanılması görüntüləri yayılıb.
Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirlərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlığın siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 min manat pul vəsaitinin 1000 manatını alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1000 manatını oktyabrın 19-da xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.