UEFA Sankt-Peterburq və Bakıda keçiriləcək AVRO 2020-nin 14 final matçlarında göy qurşağı rəngli reklamların istifadəsini qadağan edib.
Bu barədə Sports.ru məlumat yayıb.
Bildirilib ki, turnirin sponsoru “Volkswagen” öz reklamında göy qurşağı rənglərindən istifadə edir. Lakin Sankt-Peterburq və Bakıdakı matçlarda belə bannerlər görünməyəcək. Belçika və İtaliya oyununun baş tutacağı Münhendə, eləcə də Ukrayna ilə İngiltərə milli komandaları arasındakı matçın keçiriləcəyi Romada isə analoji pankartlardan istifadə ediləcək.
Artıq “Volkswagen” şirkəti məsələ ilə bağlı açıqlama yayıb: “UEFA bizə məlumat verdi ki, Rusiya və Azərbaycan qanunlarına riayət olunmasına dair mövcud tələblər üzündən Sankt-Peterburq və Bakıdakı stadion reklamlarında göy qurşağı rənglərindən istifadə edə bilməyəcəyik. Bu qərara görə təəssüf edirik”, -deyə şirkətdən bildirilib.
Xatırladaq ki, keçən həftə UEFA Almaniya ilə Macarıstan matçı zamanı Münhendəki “Allianz Arena”da göy qurşağı rəngli işıqlandırılmanı da qadağan etmişdi.///oxu.az