“Mülki əhaliyə qarşı törədilənlər beynəlxalq cinayətdir”

13:52 - 18 İyul 2020 - SİYASƏT

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Sərhədyanı kəndlərdə yaşayış evləri də atəşə tutulub, dinc əhali arasında ölən və yaralananlar var. Əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Azərbaycana qarşı törədilən erməni təxribatı barədə Ucnoqta.az-a danışan BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirib ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı müəyyən növ silahlardan istifadə etməsi, hətta bir qarış torpaqlarımızın işğal olunmaması belə təcavüz faktıdır: "1974-cü ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Təcavüzün müəyyən edilməsi haqqında” qətnamədə göstərilir ki, təcavüz təkcə müəyyən bir ərazinin işğal edilməsi demək deyil, təcavüz hətta o deməkdir ki, bir dövlət tərəfindən başqa bir dövlətə qarşı müəyyən silahlardan istifadə edilir. Burada Ermənistanın niyyəti də aydındır: onun əsas məqsədi yeni ərazilərin işğalıdır. Bu məsələnin birinci tərəfidir.

İkinci vurğulayacağım məqam ondan ibarətdir ki, doğrudan da, Ermənistan tərəfindən atəşkəsin pozulması, silahlardan istifadə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Ermənistan və Azərbaycan dövlətlərinin hər ikisi 1949-cu il “Müharibə qurbanlarının beynəlxalq hüquqi müdafiəsi haqqında” 4 Cenevrə beynəlxalq konvensiyalarının iştirakçısıdır. Ermənistan özünün beynəlxalq öhdəliyinə əməl etməyərək həmin konvensiyaların müddəalarını kobud şəkildə pozur. Bu gün mülki əhaliyə qarşı törədilənlər beynəlxalq cinayətdir. 76 yaşlı bir sakinin öldürülməsi nə deməkdir? Bu şəxs nə kombatantdır, yəni nə döyüş iştirakçısıdır, nə iştirakçılar siyahısına daxil edilən köməkçi heyətin üzvüdür. O, mülki əhali kateqoriyasına daxildir. Mülki əhalinin silahlardan atəşə tutulması və öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq humanitar hüquq müharibə dövründə insan hüquqlarının müdafiəsinə yönəlmişdir, müharibə aparılmasının metod və vasitələrini məhdudlaşdırır, onları reqlamentləşdirir. Beynəlxalq humanitar hüquq iki hissədən ibarətdir: Haaqa və Cenevrə hüququ. Haaqa hüququ müharibənin aparılmasının üsul və vasitələrini müəyyənləşdirən hüquq sistemidir, Cenevrə hüququ isə müharibə iştirakçılarının, o cümlədən, mülki şəxslərin hüquqlarını qoruyan hüquq sistemidir. Bu gün Ermənistan hər iki hüququn prinsiplərini kobudcasına pozur.

Bundan başqa, Ermənistan işğal edilmiş ərazilərdə öz vətəndaşlarını və kənar şəxsləri yerləşdirir ki, Dağlıq Qarabağda və ona bitişik 7 rayonda biz bunun şahidi oluruq. İşğal edilmiş ərazilərdə isə tarixi-mədəniyyət abidələrinin məhv edilməsi Ermənistanın dövlət kimi gündəlik həyat tərzidir. Bunlar da müharibə cinayətlərinə aiddir.

Mən bir daha təcavüz faktı məsələsinə qayıdıram. Vacib deyil ki, hər hansısa bir ərazi işğal edilsin, Tovuz rayonu istiqamətində atəşkəs rejiminin pozulması və artilleriya qurğularından istifadə etməklə mövqelərimizin atəşə tutulmasının özü belə təcavüzdür. Bununla bağlı böyük tədbirlər həyata keçirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllini ciddi tələb etməliyik. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin heç biri bitərəflikdən irəli gələrək Ermənistana kömək edə bilməz. Vacib məsələlərdən biri də bundan ibarətdir.

Biz bu istiqamətdə nələr etməliyik? Ciddi informasiya müharibəsi aparılmalıdır. Yəni Ermənistanın etdiyi beynəlxalq cinayətlər beynəlxalq cəmiyyət qarşısında professional şəklində qaldırılmalıdır. Səfirliklərin fəaliyyəti bu istiqamətdə daha da gücləndirilməlidir. Bundan başqa, əvvəlcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında işğal edilmiş ərazilərin azad edilməsi üçün ciddi işlər aparmalıyıq. Ciddi işlər bilirsiniz, nədir? Müvafiq qurumlar tərəfindən bu məsələ dayanmadan dünyaya çatdırılmalıdır. Bu gün Ermənistan bizə hücum etdi, biz ATƏT-ə müraciət edək, belə olmamalıdır. Biz hər gün ATƏT, Avropa Şurası, MDB, BMT və s. beynəlxalq təşkilatlarla işləməliyik, bizim hər günümüz müharibə günü olmalıdır. Yəni beynəlxalq qurumlarla əməkdaşlıq istiqamətinə də ciddi fikir verilməlidir. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsi ilə. Daha sonra problemin həlli və dünya ictimaiyyətinə çatdırılması üzrə ciddi Dövlət proqramları qəbul edilməlidir. Bu ayrıca bir müzakirə mövzusudur”.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyevin sözlərinə görə, hələ Ermənistanla Azərbaycan arasında müharibə başlayan ilk gündən Azərbaycan tərəfi dünyaya bəyan edir ki, bu Ermənistanın Azərbaycana qarşı geniş miqyaslı silahlı təcavüzüdür: 
"Amma əfsuslar olsun ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu təcavüzü çalışıblar ki, Dağlıq Qarabağ ətrafında olan münaqişə kimi qələmə versinlər. Hətta bir çox qurumlar Dağlıq Qarabağ ərazisini mübahisəli zona kimi də nəzərdən keçirirlər. Ermənistan hələ 90-cı illərdə belə Qazax rayonuna silahlı təcavüzlər, Naxçıvana hücum cəhdləri edib. Yəni bu təkcə Dağlıq Qarabağ üzərində deyil, Ermənistan Azərbaycan arasında olan bir müharibə olub ki, bu da böyük güclərin maraqlarının toqquşduğu ərazidə baş verib. Hər zaman Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti işğal altında olan torpaqların işğaldan azad olunmasından ibarət olub.

Tovuz istiqamətində baş verənlər geosiyasi amillərlə bağlıdır. Ermənilər Tovuzda müəyyən təxribatlar törətməklə Azərbaycanı vadar edirlər ki, onların ərazisində hansısa əməliyyatları keçirsin və bununla da ölkəmizi qınaq obyektinə çevirsinlər. Bildiyiniz kimi, Ermənistanla Rusiya arasında müqavilə var və bu müqaviləyə görə Rusiya Ermənistanın təhlükəsizliyinə dair üzərinə öhdəliklər götürüb. Tovuz istiqamətində təxribat xarakterli hərəkətlərin törədilməsi ilə Ermənistan iki dövlət arasında olan müharibəni geniş miqyaslı müharibəyə çevirməyi düşünür. Başlıca olaraq dünyaya Azərbaycanı işğalçı bir dövlət kimi tanıtmaq istəyirlər ki, bununla da diqqəti Dağlıq Qarabağ problemindən yayındırmağı fikirləşirlər. Bəs Azərbaycan nə etməlidir? Azərbaycan ordusunu daha da gücləndirməli, hər an, hər dəqiqə ermənilər tərəfindən törədilən təxribatlara hazır olmalıdır”.

Millət vəkili, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov Ucnoqta.az-a bildirdi ki,  beynəlxalq humanitar hüquq müharibənin aparılması, eyni zamanda döyüşlər sonrası istər dinc əhaliyə, istərsə də kombatantlara, döyüşçülərə münasibətdə addımların hüquqi əsaslarını müəyyənləşdirir: 
"Bu vaxta qədər müşahidə etdiklərimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq humanitar hüquqa, nə Haaqa, nə Cenevrə hüququnun heç bir müddəasına məhəl qoymur. Əslində bu gözlənilən bir haldır. Çünki Ermənistan 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymayan bir dövlətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin biganəliyi, onların danışıqlar xətrinə danışıqlar aparması, bəzi həmsədr dövlətlərin illərdir, Ermənistana siyasi, diplomatik, hərbi yardım formasında birbaşa dəstək göstərməsi Ermənistanı arxayın salıb. Məlumdur ki, ermənilərin bu gün nə hərbi, nə də insan potensialı baxımından Azərbaycanla açıq müharibəyə girməyə gücləri və imkanları yoxdur. Onlar yalnız kənar dəstəyə arxalanmaqla təxribatçı addımlar atırlar. Tovuzda baş verənlər Azərbaycana qarşı aşkar müharibə deyil, bu ermənilərin atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətmək cəhdidir.

Ermənilərin xüsusən dinc əhalini hədəf alması bu aktların təxribat xarakterini bir daha nümayiş etdirir. Bilirsiniz ki, Tovuz rayonunda sərhədyanı kəndlərimizdə yaşayış evləri atəşə tutulmaqdadır, dinc əhali arasında ölən və yaralananlar var, bir neçə ev dağılmış vəziyyətdədir, lakin, bunlara baxmayaraq bu günə qədər Ermənistanın aşkar təcavüz və vandalizm aktları ilə bağlı heç bir təşkilat ciddi reaksiya verməyib. Baxmayaraq ki, Azərbaycanda konkret cinayət əməlinə görə təqsiri sübut olunmuş şəxsin ədalət mühakiməsi önünə çıxarılması üçün həmin o insan hüquqlarının müdafiəsi təsisatları səs-səsə verərək ard-arda bəyanatlar verirdilər. Bu gün evi atəşə məruz qalan tovuzlunun, evində öldürülən Əziz kişinin hüququ hüquq deyilmi? Heç olmasa, ən azından formal da olsa, Ermənistan tərəfindən mülki əhaliyə qarşı yönələn artileriya hücumunun pislənməsi ilə bağlı beynəlxalq təşkilatlar səy göstərməli idi. Beynəlxalq təşkilatlar tərəfləri yalnız sakitliyə çağırır. Əlbəttə, Azərbaycan güclü dövlətdir, öz səylərimiz öz gücümüz və nüfuzumuz problemləri həll etməyə bizə imkan verir. Artıq erməninin və onun havadarlarının qarşısında 90-cı illərin Azərbaycanı yoxdur. Məhz Cənab Prezidentin hücum diplomatiyası xəttini rəhbər tutaraq istər hərbi təxribatlar, habelə 76 yaşlı sakinimizin öldürülməsi ilə bağlı Azərbaycan Milli Məclisi beynəlxalq təşkilatlara, Milli Məclisin hər bir işçi qrupu isə aidiyyatı parlamentlərə müraciət edib. Yunanıstanla əməkdaşlıq üzrə işçi qrupunun sədri olaraq bildirim ki, bizim işçi qrup da Yunanıstan Parlamentinə məsələ ilə bağlı müraciət ünvanlayıb”.

Millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Ermənistan tərəfindən iriçaplı silahlardan dinc əhalini yaşadıqları yerlərdən tərk etməyə vadar etmək üçün istifadə olunur: "Demək olar ki, orduya atılan hər bir mərminin ikincisi dinc əhali üçün nəzərdə tutulub. Dondar Quşçu, Ağdam, Əlibəyli və sərhəd boyunca yerləşən digər kəndlərimiz məqsədyönlü şəkildə atəşə tutulur ki, dinc əhali öz yaşayış yerlərini tərk etsin. Buraya, təbii ki, mülki əhalinin konstutision hüquqlarının pozulması, insan haqqlarının tapdalanması, beynəlxalq hüquq normalarına zidd olan hərəkətlər kimi hallar daxildir. Mən ATƏT-in Minsk qrupuna, münaqişəyə cavabdeh təşkilatlara müraciət edirəm ki, onların nümayəndələri gəlib həmin ərazilərə baxış keçirsinlər. Bir neçə gün öncə Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov ermənilər tərəfindən vuruldu. Bu insan haqqlarının kobud şəkildə pozulmasıdır”.

Rövşən Tahir


Xəbər xətti