"Azərbaycan Bayrağı" ordenli, Türk Dünyasının böyük qəhrəmanı İbad Hüseynlinin müsahibəsi.
- İbad bəy, bir neçə ay əvvəl sizin haqqınızda “Xüsusi təyinatlı İbad” bədii filminin təqdimatı oldu. Sizin haqqınızda çox filmlər çəkilib, bir çox mahnılar bəstələnib. Bu filmin digərlərindən əsas fərqi nədə oldu?
- Mənimlə bağlı daha çox sənədli filmlər çəkilib. Sənədli filmlə bədii filmin əsas fərqi onun sənədlər əsasında çəkilməsidir. Sənədli filmlər çəkiləndən sonra bədii filmə yol açılır. Bu film sırf bədii film idi. Rejissor Natiq Novruzovun çəkdiyi ekran işində bir çox aktyor heyyəti yer almışdır. Zaman-zaman qəhrəmanlarımız üçün filmlər çəkilir, onların şərəfli döyüş yolu əks olunur.
- Filmdə həyatınızın hansı illəri əks olunub?
- Bu film mənim həyatımın cüzi bir hissəsini əks etdirib. Hazırda da istər Türkiyədə, istərsə də ölkəmizdə bir çox ssenarilər yazılır, istəyirlər mənim haqqımda film çəksinlər. Mənə elə gəlir ki, bu film təkcə mənim üçün yox, bütün qəhrəmanlar üçündür.
- Qarabağ uğrunda döyüşə getdiyiniz illər necə yadınıza gəlir?
- Mən ümumiyyətlə uşağlıq illərindən seçilmişəm. Bəzən fikirləşirəm ki, bəlkə də Allah tərəfindən seçilmiş insanlardanam. Vaxt-vədə yetişdi, hərbi xidmətə getdim. Biz o vaxtı rus ordusunda xidmət edirdik. 20 yanvar hadisələri baş verən zaman mən Sibirdə hərbi xidmətdə idim. Sıradan qabağa çıxaraq generala dedim ki, bizim xalqa silah qaldıran dövlətdə xidmət etmək istəmirəm. Onlar məni döydürdülər, çox pis cəzalandırdılar. 4 ay öncə məni hərbi xidmətdən azad edib,evə yolladılar. Gələn kimi də cəbhə bölgəsinə yollandım. Qarabağda kəşfiyyat komandiri oldum. Düşmənə döyüşün necə olduğun göstərdik.
- Hərbi xidmətdən birbaşa cəbhəyə yollandınız? Bəs valideynlərinizin xeyir-duasını almadınız?
- Valideynlərim məni görmürdü. Görəndə isə sevinclərindən ağlayırdılar. Təbii ki, valideynlərimin xəbəri var idi. Heç kim məni yatan, yemək yeyən yerdə görməzdi. Müharibə başlayandan sona qədər yorulmadan döyüşdüm. Mən yaralanandan 1 ay sonra müharibə qurtardı.
- Döyüşlərdə həmişə öndə gedənlərdən biri olmusuz. Elə yoldaşlarınız oldumu , son nəfəslərində sizə nəyisə vəsiyyət etsin?
- Mənim həyatımda çox möcüzələr baş verib. Çox ağır günlər yaşamağıma baxmayaraq, yaralarım sağalıb. Dost itkisi yarası isə heç vaxt sağalmayıb və sağalmayacaq da. Çiynimdə çox dostlarımı yola salmışam. Hansı yaralanırdısa son nəfəsdə mənim adımı çəkirdilər. O günləri xatırlamaq mənə çox ağırdır. Rövşən adlı bir döyüşçü dostum var idi, biz ona “Rembo” deyirdik. Onun döyüşdə ölməsi məni müharibədən ayrılmaz etdi. Ondan sonra and içdim ki, ölənə kimi döyüşəcəyəm.
- Ölümcül yaralandığınız döyüş hansı olmuşdu?
- Ağcabədi uğrunda gedən döyüşlərdə çox ağır yaralanmışdım. Mənim oradan sanki meyitimi çıxarmışdılar. Həkimlər demişdi ki, bunu niyə gətirmisiz? Axı bu ölüb! Baxıb görüblər ki, bədənim tərpənir. Bakıdakı qospitallardan birinə xəbər veriblər ki, kəşfiyyat komandiri can verir. Bədənim güclü olduğundan müavizinətimi saxlamışam. Hətta beyin qapağımı da açıb baxıblar. Bir sözlə Allahın istəyi ilə ölümdən dönmüşəm. Bu böyük bir möcüzədir.
- İbad bəy, bayaq sizlə söhbət edərkən öz ölümünüzü də gördüyünüzü dediniz. Onu necə xatırlayırsız?
- Mən komada olduğum zaman bu hadisəni danışmışam. Komadan çıxandan sonra yadıma salıb, xatırlatdılar. Komada olarkən gördüm ki, yataqdan qalxıram. Bizim kənddə Mirzə adlı ağır seyid var idi. O mənə deyir ki, özünə qayıt, qayıtsan sağalacaqsan. Mənə dedi ki, sağalsan mənim evdəki quran kitabımın arasına pul qoyarsan. Mən komadan ayıldım və bunu mənə xatırlatdılar. Birbaşa həmin seyidin ailəsinin yanına yollandım. Həqiqətən də onun ailəsinin pula ehtiyacı var idi, çünki mən getdiyim gün onun oğlunun toy günü idi.
- İbad bəy, bayaq idmandan danışdınız. Ümumiyyətlə İbad Hüseynli bu günkü gündə idmanla məşğul olurmu?
- İdmanın bütün növləri ilə məşğul olmuşam və bu gün də məşğulam. Elə bu günlərdə mənim adımı daşıyan “Çanakkala idman məktəbi” fəaliyyətə başladı. Bu məktəbin rəhbəri və baş məşqçiləri 3 qat Dünya və Avropa çempionu Tural Cavadov və Ruslan Nəzərovdur. Tural Cavadov mənim haqqımda çəkilən filmdə baş rollardan birini oynayır. Onun ermənilərlə səngərdə döyüş səhnəsi mənə çox xoş təsir bağışladı. Qəhrəmanlar canları bahasına torpağı qoruyurlar, idmançılarımız isə bayrağımızı dünyada dalğalandırırlar. Mən bununla fəxr və qürur duyuram.
- İki övladınız var: Altay və Atilla. Marağlı adları var, qəhrəmanlar yetişir?
- Hamı soruşur ki, övladların vətənpərvərdir yoxsa yox? Onlara mənim nəsə deməyim lazım deyil, onlar məni görüb vətənpərvər olacaqlar.
- Bir faktı da qeyd edim ki, sağ ikən öz şəkilini şəhidlik lövhəsinə vurmusuz. Buna sizi nə vadar etdi?
- Mən bütün döyüşlərin hamısında öndə olub, qalib gəlmişəm. Məndən arxada gedənlər hamısı şəhid olublar. Bəzən fikirləşirdim ki, niyə mən qaldım, onlar şəhid oldu? Buna görə də öz şəkilimi də gətirib, onların şəkillərinin olduğu siyahıya əlavə etdim. Onlar da mənim dostlarım, yoldaşlarımdır. Şəhidlik zirvəsi hər kəsə qismət olmur. Şəhid qocalmır, həmişə eyni yaşda qalır.
- Bu günkü gündə də düşmənin maraq dairəsindəsiz. Fəaliyyətinizi izləyilərmi?
- Qəhrəmanı sevmək lazımdır ki, düşmənin ürəyi partlayıb, ölsün. Düşmənin canını məhz bu cür almaq lazımdır. Onlar düşünür ki, İbad o vaxtı da sağ idi, bu günkü gündə də. Mənim və digər qəhrəman döyüşçülərimizin sağ olması onlara böyük zərbədir. Biz yaşadıqca onların ürəyinə xəncərlə od vururuq. Yaraları, ordenlər, medallar sağaltmır. Hər bir yara sağalır, müharibə yarası isə əsla. Ankarada, Azərbaycanın bir çox yerlərində küçələrə mənim adım verilib. Bütün bunlar bizə sadəcə bir təsəllidir. Bir şey yaramı sağalda bilər ki, Qarabağ qayıtsın. Biz ilk növbədə düşməndən qisas almalıyıq.
- Aprel döyüşlərindən sonra bir çox yüksəkliklər geri qaytarıldı. Alınan ərazilərdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Bu günkü gündə Cocuq Mərcanlıda yaşayış bərpa olunur. Bütün bunlar sizə necə təsir bağışlayır?
- Aprel döyüşləri başlayan kimi mən də səngərə getdim. Çünki mənim ora getməyim lazım idi. Gənclərimiz böyük vətənpərvərlik göstərərək şəhid oldular. Düşmən qorxdu ki, biz gəlsək, onlar məhv olacaqlar. Cocuq Mərcanlıda yaşayışın bərpa olunması o deməkdir ki, gözləyin biz gəlirik.