Azərbaycanda multikultural dəyərlər, tolerantlıq ənənələri əsrlərə söykənir

18:17 - 20 Fevral 2017 - KİVDF

Ölkəmizdəki tolerantlıq mühiti dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa bərabər münasibətinin nəticəsidir

Azərbaycan əhalisinin çoxmilli tərkibi onun sərvətidir, üstünlüyüdür. Bu, daim qiymətləndiriləcək və qorunub saxlanılacaqdır. Bu sözəri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib. “Tarix boyu Azərbaycanın yürütdüyü tolerantlıq siyasətindən xeyli danışmaq olar”, - deyən Kamal Abdullayev bunun əsasında cəmiyyətimizin nümayiş etdirdiyi ədalət, mərhəmət, şəfqət, acıma, anlayış, özünəinam kimi xüsusiyyətlərin dayandığını bildirib. Onun sözlərinə görə, ölkəmizdə tolerantlıq, multikulturalizm həyat tərzidir. "Azərbaycanda  multikultural dəyərlər, tolerantlıq ənənələri əsrlərə söykənir». K.Abdullayev bildirib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar. Milli azlıqların hüquq və azadlıqları, o cümlədən, etnik-mədəni, müxtəlif dinlərə məxsus insanların dini dəyərləri qorunur və bu demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görülür: "Təbii olaraq, ulu öndər Heydər Əliyev etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və tolerantlıq, multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir".
 Dövlət müşavirinin sözlərinə görə, Azərbaycan dövləti təkcə müxtəlif dinlərə ibadət edən, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan, müxtəlif dillərdə danışan insanların – vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı deyil, eyni zamanda bu insanların ulu babalarının qurub-yaratdıqları abidələri, bu günə qədər yaşatmış olduqları mədəniyyəti, dili qorumaqdadır. "Ölkəmizdə dövlət hesabına məscidlər, imamzadələr, müqəddəs ziyarətgahlar, eyni zamanda katolik və pravoslav kilsələri, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir", o deyib. Kamal Abdullayev bu gün Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin sərbəst olduğunu, multikulturalizm ənənələrinin Azərbaycan Prezidentinin söylədiyi kimi, həmişə yaşayacağını söyləyib. Bildirib ki, bu gün Azərbaycanda hansısa bir yəhudinin yanından keçən azərbaycanlı ona nifrət hissi ilə yanaşmır və ya təəccüblü şəkildə baxmır. Azərbaycanın belə bir təcrübəsi isə Avropada maraqla qarşılanır. Azərbaycanın multikulturalizm modeli bir növ katalizator rolunu oynayır. Avropanın bir çox qabaqcıl ölkələri multikulturalizm ənənələrindən əl çəkib. Amma Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq.
Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırki səviyyəyə gəlib çatması dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. "Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. "Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir. Azərbaycan xalqı və Azərbaycan dövləti isə öz vətəndaşını qorumaq, davamlı sabitliyini təmin etmək üçün məhz multikulturalizm siyasətinə böyük önəm verir". Onun sözlərinə görə, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir. «Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. "Biz tolerantlığın, multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. K.Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini deyib. O, etnik, dini və s. mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların cəmiyyətdə qorunmalı olduğunu bildirib: " Azərbaycanda bütün dünyaya örnək olacaq tolerant, multikultural mühit yaradılıb, təhlükəsizlik prinsipləri həyata keçirilib, bunların arasında ən önəmlilərindən biri də multikultural təhlükəsizlikdir. Azərbaycanda dini, milli müstəvidə həll edilə bilməyəcək heç bir məsələ yoxdur. "Azərbaycan dünyada öz sözü, potensialı və inkişaf hədəfləri olan bir dövlətdir. Azərbaycanda müxtəlif etnik azlıqların, dinlərin nümayəndələrinin sərbəst yaşamaları üçün hər cür şərait yaradılıb".
O bildirib ki, biz dünyaya öz dəyərlərimizi təqdim etməklə yanaşı, eyni zamanda dünyadan da öyrənməyə açıq bir cəmiyyətik. "Prezident İlham Əliyevin Azərbaycan multikultural cəmiyyətinin formalaşmasına verdiyi önəm ölkəmizdə multikulturalizm siyasətinin nikbin qütbünü formalaşdırıb. Bu gün dünyada, bəzi Avropa ölkələrində multikulturalizm siyasətinin iflasa uğradığının şahidi oluruq. Bəzən deyirlər ki, multikulturalizmin gələcəyi şübhə altındadır və zaman məsafəsinə bağlı dəyərdir. Amma bu, belə deyil, insan qəlbinin hərarətinin, mərhəmətinin, şəfqətinin və humanizminin zaman ölçüsü, tarixi olmur. Tarix əbədiyyətə doğru nə qədər davam edəcəksə, Azərbaycan multikulturalizmi və tolerantlığı, dünya multikultural və tolerant dəyərləri yaşayacaq, insanların bir-birinə mərhəməti, şəfqəti və sevgisi davam etdikcə bütövlükdə insanlıq işığı sönməyəcək”, - deyə Kamal Abdullayev vurğulayıb. K.Abdullayev bildirib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir: "Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Bütün bunların nəticəsində 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub".
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycanda tolerantlıq,  multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin bizim dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu tolerant, multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir və biz öz təcrübəmizi dünya ictimaiyyəti ilə bölüşməyə həmişə hazırdı. 

Xəbər xətti