Usta aşpaz

10:13 - 7 Yanvar 2017 - Cəmiyyət

Onu çoxdan tanıyıram. Tanışlığımızın tarixi bir qərinədən artıq olar. Qara topa bığları yaraşıqlı sifətinə bir qədər də gözəllik verirdi.
Raykomun, sonradan icra hakimiyyətinin yeməkxanasının aşpazı Hüseynbaba Təhməzovu rayonumuzda tanımayan az tapılar. Ustalıqla hazırladığı ləziz yeməklərdən doymaq olmur. Cənub bölgəsində keçirilən plov yarışlarında həmişə qalib sayılıb və onun bişirdiyi plova birinci yer verilib. Mərcili plovunun ləzzəti isə özgə aləmdir. Müxtəlif xuruşlardan hazırladığı Şərqin bu şah xörəyi adla deyilir.
Supunun, şorbasının dadı-tamı bambaşqadır. Kababların, xüsusən toyuq və balıq ətindən şişə çəkdiyi kababların dadı damaqdan getmir. Həm də ki ədviyyatı ilə bir yerdə: darçını, sumağı, zəncəfili, istiotu və s. Piti, bozbaş, qızartma, lülə və tavakababı, kələm, yarpaq və badımcan dolması da öz yerində.
Hüseynbaba Lerik qəsəbəsində Kəkül kişinin ailəsində dünyaya göz açıb. Gənc yaşlarında, 1961–1964-cü illərdə Bakı şəhərində kulinariya məktəbini bitirib. Ordu sıralarında xidmət edib. Təhsil aldığı illərdə “İnturist” mehmanxanasında ixtisası üzrə işləyib. 1970-ci illərdə raykomun qonaq evinin müdiri və yeməkxanasında baş aşpaz vəzifəsini aparıb. Bacarığı və xidməti nəzərə alınaraq Sovetlər vaxtında mərkəzi ittifaq tərəfindən ali dərəcəli diplomla – “Usta aşpaz” diplomu ilə mükafatlandırılmışdır.
Plovdan danışarkən usta Hüseynbaba ona belə rəy verir: “Düyü plovu Şərq xalqları, o cümlədən azərbaycanlılar arasında geniş yayılmış xörək növüdür. Bəzi regionlarda ona “aş” da deyirlər. Plov “süzmə” və “daşma” olmaqla iki üsulla hazırlanır. Süzmə çilov (lobyalı, mərcili, əriştəli plov) üçün, bir qayda olaraq, artımlı və yaxşı dəm alan düyü növlərindən (sədri, ənbəri, ağqılçıq və s.) istifadə edilir. Daşma çilovlar akulə, çiləyi və s. düyü növlərindən bişirilir. Süzmə plovun düyüsünə bəzən əriştə, paxla, lobya, mərci, kişmiş, şüyüd və s. qatılır. Plov hazırlamaq üçün bir qədər duzlu suda saxlanan düyü qaynadıldıqdan sonra aşsüzənlə (çətənədən də istifadə edilir) süzülür, un, yumurta, qatıq və yağdan hazırlanmış xəmir yayılaraq qazanın dibinə çalınır, ocaqda dəmə qoyulur. Bu zaman düyünün üstünə yağ və dəmlənmiş zəfəran tökülür. Plovun qazmağı və qarası (xuruş) süfrəyə ya ayrıca verilir, ya da plovun üstündə qoyulur. Plovun qaraları növünə görə, əsasən, qoyun, quş əti, balıq, yağ, yumurta, meyvə qurusundan (albuxara, qaysava, şabalıd, qoz, tərəvəz və s.) hazırlanır. Plovun müxtəlif növləri vardır (deyilənə görə, üç yüz növ): qovurma plov, çığırtma plov, cücə plov, şüyüd plov, boranı plov, döymə plov, fisincan plov, səbzi plov, qiymə plov, kükü plov, döymə plov, daşma plov, südlü plov      və s.”.
Beləliklə, Hüseynbaba sənətinin mahir ustası olmaqla bərabər, həmçinin maraqlı müsahibdir. İllərcə raykom katibləri, rayon rəhbərləri və yüksək səviyyəli qonaqlarla, ziyalılarla təmasda olmuş bu sadə əmək adamı həyatdan, insanlardan çox şeylər öyrənib əxz etmiş, bütün bunlar onun dünyagörüşünə təsirsiz ötüşməmişdir.
Hüseynbaba dostlarını heç vaxt unutmur və onlarla daim əlaqə saxlayır. Yeri düşəndə danışır ki, raykom katiblərindən Sultan Məmmədov xarakteri etibarilə seçilirdi. Onun güclü yaddaşı vardı. O, boş vaxtlarını mütaliəsiz keçirməzdi. Rus dilini mükəmməl bilirdi və nadir ədəbi nümunələri əldə edib oxuyurdu. Sultan müəllim marağımı duyur və onun tövsiyəsi ilə dünya ədəbiyyatından lazımi əsərləri tapır, gecələr mütaliə edirdim.
Homer, Dostoyevski, Drayzer, Heminqueyin, dünya fatehləri haqqında yazılmış əsərlərin adlarını çəkir və onları oxuduğunu söyləyir. Hüseynbaba Təhməzovun şəxsi kitab qalereyasını klassik yazıçıların əsərləri bəzəyir. Nizami, Firdovsi, Sədinin seçilmiş əsərləri, “Qabusnamə”, “Siyasətnamə” onun stolüstü kitablarıdır.
Bir vaxt ziyalıların diskussiyalı söhbətinə müdaxilə edib masonluğun tarixi və yayılma coğrafiyasından danışaraq maraqlı nüanslara toxunarkən yoldaşları təəccübləndirmişdi. Onun digər ədəbi məsələlər barədə şərh verməsi bizi inandırdı ki, öyrənməklə, mütaliə etməklə çoxlu məlumatlar əldə edib faydalana bilərsən.
Azərbaycanın cənub bölgəsinin özünəməxsus milli mətbəxi, kulinariyası mövcuddur ki, burada başlıca yeri xörəklərin hazırlanması, bişirilməsi qaydaları tutur. Deyirlər, plov qara kostyum kimidir, yasda da geyirsən, toyda da. Həqiqətən, belədir. Xörəklərin şahı sayılan bu yeməyin süfrəsi hər zaman hörmətli və əzizdir. Və xüsusən bir şərtlə ki, plovla birlikdə təndirdə bişirilən balıq ləvəngisi ola və onu da usta Hüseynbaba bişirə.
Usta sənətkarın yaşı yetmişi haqlasa da, hələ gümrahdır. Biz ona cansağlığı, xoşbəxt həyat arzulayırıq.


Rəzzaq Sucayev

Xəbər xətti