Fövqəladə Hallar Nazirliyi (FHN) Səngəçalda qaz kəmərində baş vermiş partlayışla bağlı məlumat yayıb. Ucnoqta.az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Dövlət Neft Şirkətinin mütəxəsisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.