Azərbaycanda zorakılıq törədənlərin qohumluq dərəcəsinə görə bölgüsü açıqlanıb

15:27 - 29 Dekabr 2016 - Xəbər

Azərbaycanda zorakılıq törədənlərin qohumluq dərəcəsinə görə bölgüsü açıqlanıb. APA-nın xəbərinə görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova kollegiya iclasında bildirib ki, keçmiş ər (12%), qeyri-rəsmi yaşadığı kişi (12%), ögey ata, ata, böyük qardaş, nənə (5%), qayınata, qayınana, qayın və baldız (2%), gəlin və kürəkən (1%) və ər (68%) tərəfindən zorakılıqlar törədilib. O deyib ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur: “Bunun əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş həddində müəyyən olunmasıdır. Qeyd edim ki, erkən yaşda ərə gedən qadınların atalarının 15,8%-i, analarının 8,8%-i ali və orta ixtisas təhsilə, müvafiq olaraq 55,4 və 48,3%­-i ilk peşə-ixtisas və tam orta təhsilə, 26,2 və 39,2%-i ümumi orta təhsilə, 1,0 və 2,6%-i ibtidai təhsilə malik olub, 1,6 və 1,1%-nin isə təhsili olmayıb. Qızların erkən yaşda ərə verilməsinə, təhsildən yayınmasına şərait yaradan yanlış dini təsəvvürlərin, adət-ənənələri aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir”.
A. Veysəlova qeyd edib ki, 2016-cı ildə AQUPDK-ya 6096 müraciət daxil olub: “Bu il edilən müraciətlərdən 1437-i müsbət həll olunub. İnzibati orqanların fəaliyyəti və məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı da Komitəyə müraciətlər edilir. Buraya əsasən aliment, uşaq tələbi, uşaqla ünsiyyət, qadının yaşayış hüququnun pozulması, əmək hüququnun pozulması, uşağın qəyyumluğa verilməsi məsələləri daxildir”.

Xəbər xətti