Çimərlik mövsümü bu tarixdə başlayır

16:38 - 12 İyun 2025 - Cəmiyyət

Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən etibarən başlayacaq.

Ucnoqta.az-ın məlumatına görə, hər il olduğu kimi bu il də insanlar 15 iyundan başlayaraq Abşeron yarımadasında çimərlik mövsümünün başlanması ilə əlaqədar dənizkənarına üz tuturlar. Mövsümün başlanması və müddəti hava şəraitindən asılı olaraq dəyişir.

Ümumilikdə isə bölgədə çimərlik mövsümü iyun ayının əvvəllərindən sentyabr ayının əvvəlinə qədər davam edir.

Abşeron yarımadasında yerləşən çimərliklər müxtəlif kateqoriyalara bölünür: ictimai çimərliklər, özəl çimərliklər, dənizkənarı istirahət mərkəzlərinin ərazisində olan çimərliklər və boş sahələr. Bu çimərliklərin hər biri mövsüm öncəsi hazırlıq işlərinə aprel və may aylarından başlayır. Xüsusən özəl çimərliklərdə və istirahət mərkəzlərində cari təmir işləri görülür, ərazi abadlaşdırılır, sakinlərin və qonaqların rahatlığı üçün şərait yaradılır. Bu işlərin təşkili və icrasına çimərliklərin yerləşdiyi rayonlar üzrə məsul nümayəndələr və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunurlar. Nazirlik tərəfindən çimərliklərdə mütəmadi olaraq yoxlamalar həyata keçirilir.

Abşeron yarımadasında - Şıx, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı çimərliklərində İDEA İctimai Birliyi tərəfindən ictimai çimərliklər yaradılıb. Bu layihə İctimai Birliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Layihə çərçivəsində dənizkənarı ərazilərdə yaradılan çimərliklər paytaxt sakinləri və şəhərə üz tutan qonaqlar üçün pulsuz xidmət göstərir. Çimərliklərdə güllüklər, söhbətgahlar, sanitariya qovşaqları, eləcə də avtomobil dayanacaqları təşkil olunub. Mövsüm ərəfəsində ərazilərdə abadlıq və cari təmir işləri aparılıb, bəzi yerlərdə rənglənmə işləri də həyata keçirilib. Bu ərazilərin təmizliyinə xüsusi diqqət yetirilir, tullantıların daşınması üçün əlavə tədbirlər görülür.

Həm ictimai, həm də özəl çimərliklərdə və istirahət mərkəzlərində polis əməkdaşları tərəfindən asayişin qorunmasına nəzarət edilir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və tibb işçiləri ərazidə xidmət aparırlar.

Qeyd edək ki, ictimai çimərliklərə giriş tamamilə pulsuzdur və bu ərazilərdə heç bir xidmət üçün ödəniş tələb olunmur. Özəl çimərliklərə də giriş ödənişsizdir, lakin göstərilən xidmətlərə (kafedən, güllük və sanitariya qovşaqlarından istifadə və s.) görə ödəniş edilir.

Bununla belə, bəzi hallarda çimərlik ərazilərində təmizliyə riayət olunmaması halları müşahidə olunmaqdadır. İctimai çimərliklərdə spirtli içki istifadəsi, tullantıların əraziyə atılması, su kanallarının sıradan çıxarılması kimi neqativ hallara rast gəlinir. Bütün çimərliklərdə zibil konteynerləri quraşdırılsa da, bəzi vətəndaşların bu qaydalara əməl etmədiyi bildirilir. Bununla əlaqədar olaraq, çimərlik rəhbərləri və yerli sakinlər təmizliyə riayət olunmasını tələb edirlər.

Xəbər xətti