Metropolitendən istifadə qaydaları və həmin qaydaların pozulmasına görə nəzərdə tutulan məsuliyyət məsələlərindən əksər sərnişinlər xəbərsizdirlər.
Ucnoqta.az xəbər verir ki, bəzi sərnişinlər, xüsusilə gənclər, qatarda maşinistlə əlaqə düyməsini sıxaraq ehtiyac olmadan danışırlar.
Bəs görəsən, maşinistlə əlaqə düyməsindən istənilən vaxt istifadə etmək olarmı?
Qeyd edək ki, metropolitendən istifadə qaydalarına əsasən, "sərnişin-maşinist" rabitə düyməsindən yalnız həqiqi fövqəladə hallar zamanı istifadə olunmalıdır. Bu zərurət aşağıdakı halları əhatə edə bilər:
Əgər sərnişinlərdən birinin halı pisləşərsə, vaqonda yanğın, tüstü və ya başqa təhlükəli vəziyyət baş verərsə, davranışı təhlükəli olan sərnişinlər və ya hər hansı cinayət halı, məsələn oğurluq, zorakılıq və s olarsa, əgər sərnişin vaqonda təhlükəli texniki nasazlıq hiss edirsə, bu hallarda maşinistlə əlaqə düyməsindən istifadə etmək olar. Digər hallarda həmin düyməni sıxmaq qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 306.1-ci maddəsinə görə, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə, 200 manat məbləğində cərimə nəzərdə tutulub.