Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalının tam yenilənmiş versiyası – e-fhn.gov.az istifadəyə verilib. Yeni portal müasir tələblərə cavab verir və vətəndaşlara daha rahat, sürətli və funksional xidmətlər göstərmək üçün optimallaşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, portalda vahid giriş sistemi – digital.login tətbiq edilib, bu da istifadəçilərə asan identifikasiya olunaraq elektron xidmətlərə müraciət etməyə imkan yaradır. Vətəndaşlar portal vasitəsilə özləri barəsində tərtib olunmuş protokolların statusunu izləyə, müxtəlif xidmətlər üzrə sorğular göndərə və e-xidmətlərdən rahat şəkildə yararlana bilərlər.
Eyni zamanda, portal AsanPay sistemi ilə inteqrasiya olunub ki, bu da ödənişlərin daha operativ və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır.
Qeyd edək ki, istifadəçilərin əvvəlki müraciətlərinə və protokollara dair məlumatlara maneəsiz çıxışını təmin etmək məqsədilə portalın əvvəlki versiyasına keçid imkanı saxlanılıb. Lakin yeni müraciətlər yalnız yenilənmiş portal üzərindən aparıla bilər.