Səhiyyə Nazirliyi dərmanların dəyişdirilməsi ilə bağlı keçirilən aksiyaya münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ixtioz və bullyoz epidermoliz genetik qüsurlar nəticəsində yaranan və dərinin zədələnməsi ilə nəticələnən irsi xəstəlikdir.
Qeyd olunub ki, bu xəstəlikdən əziyyət çəkən xəstələrin dərman və tibb vasitələri ilə təminatı məqsədilə Nazirlər Kabinetinin 2 sentyabr 2023-cü il tarixli Sərəncamı əsasında “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilib: "Tədbirlər Proqramı ixtioz və bullyoz epidermoliz xəstəliklərinin erkən aşkarlanmasına, ixtioz və bullyoz epidermolizli xəstələrin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsinə, həyat keyfiyyətinin artırılmasına, onların qoruyucu sarğı materialları, digər sistem və xarici təsirli dərman vasitələri ilə təmin edilməsinə, əhalinin bu sahədə məlumatlılığının artırılmasına yönəlib.
Sərəncamla təsdiq edilən Tədbirlər Planının icrası ilə bağlı Səhiyyə Nazirliyində “İxtioz və bullyoz epidermoliz xəstəliyi ilə mübarizə aparan tibb müəssisələrinin dərman preparatları, zəruri reaktiv, avadanlıq və tibbi ləvazimatlarla davamlı təminatına dair” müvafiq Komissiya yaradılıb və siyahıya Komissiya tərəfindən baxılır. Sərəncama əsasən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin icrasının monitorinqi və qiymətləndirilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, təsdiq edilən Tədbirlər Proqramının icrası üçün dövlət tərəfindən ayrılan vəsaitə uyğun olaraq qeyd edilən xəstələrin həyat tərzinin yaxşılaşdırılması və simpomların yüngülləşdirilməsi məqsədi ilə istifadə olunan yerli kremlər, dərman preparatlarının siyahısı tərtib olunub. Bu siyahılara uyğun olaraq xəstəliyin ağırlıq dərəcəsinə görə, onların gündəlik tələbatları təmin edilir. Qeyd edək ki, dərman preparatlarının molekulyar tərkibi dəyişməyib. Bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır. Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valediyenlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər.
Zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir.
Hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib. Dispanserizasiyadan keçən xəsətələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir.
Proqrama əsasən Komissiya tərəfindən bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim ediləcək.
Səhiyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb".