Sosial şəbəkədən həkim seçən azərbaycanlılara  XƏBƏRDALIQ

18:04 - 8 Yanvar 2025 - Cəmiyyət

Azərbaycanda sosial mediada həkim və xəstəxanaların reklamları geniş vüsət alıb. Bəzi insanlar sağlamlıqlarını etibar etdiyi insanları sosial mediadan seçir. Ancaq sosial mediada həkimlər əsasən tibbi bilik və bacarıqlarına görə yox, daha yaxşı reklam etmə bacarıqlarına görə önə çıxırlar.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, burada bəzən pasientin konfidensiallığı da pozulur.

“Fərdi məlumatların qorunması” haqqında qanunvericilik, həmçinin, “Əhalinin sağlamlığının qorunması” haqqında qanun da bunu qadağan edir. Bu kimi məlumatların yayılmasına pasiyent müvafiq məlumatlı razılıq formasını imzalamaqla ona aid şəkil və ya videonun ictimai yayılmasına icazə verməlidir. Əgər ixtisaslı həkim müayinəsinə ehtiyac varsa, bu, ilkin səhiyyə müəssisəsindən göndəriş əsasında olmalıdır.” 

Deputat bununla bağlı ümumi əhali arasında maarifləndirmənin aparılmasına böyük ehtiyac olduğunu da vurğulayıb.

Sosial şəbəkə eksperti Fərid Kazımov isə deyir ki, bu müstəvidə günü-gündən artan bir çox problemlə qarşılaşırıq və bunun həll yolu mütləq hüquqi yolla tənzimlənməlidir. 

“2 yanaşma var burda. Birincisi "Googe" sirkəti özü təkmilləşdirmə həyata keçirməlidir. Sosial şəbəkələri idarə edən qurumlar, şirkətlər özləri birinci reklamların qəbulunu təkmilləşdirməlidirlər, ikinci məsələ isə ticarət markasının qorunması, yəni ticarət adının hüquqi olmayan şirkət tərəfindən istifadə edilməsinin qarşısını almaqdır. Bu qeyri qanunidir. Bu nöqteyi nəzərdən də Azərbaycan tərəfi müxtəlif sosial şəbəkələrdə bir sıra qaydalar tətbiq edə bilər ki, onlar bu məsələnin qarşısını alsınlar.” 

Ekspert Əmrah Mövsümzadə isə bildirib ki, bu tip saxta reklamları müəyyənləşdirməyin ən ilkin metodu reklam paylaşanın səhifəsinə baxmaqdır.

“Çox insan burda saxta hesablardan və saxta izləyicilərdən istifadə edərək daha çox görünməyə çalışır ki, qarşı tərəfi inandıra bilsin. Bu zaman səhifəni izləyən şəxsləri analiz etmək, səhifədə paylaşılan koktentləri və paylaşımlara gələn şərhləri də diqqətlə nəzərdən keçirmək lazımdır”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə məsələ ilə bağlı vətəndaşlara bildirir ki, “Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə şikayətlərini bildirə bilərlər.”

Xəbər xətti