“İndiyə qədər “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi olaraq regionlarda çoxsaylı maarifləndirmə tədbirləri keçirmiş, insanları irsi xəstəliklər, onların yaranma səbəbləri və qarşısının alınması yolları barədə məlumatlandırmağa çalışmışıq”.
Bu sözləri Ucnoqta.az-a açıqlamasında “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili bildirib. Təşkilat sədri qeyd edib ki, “Sağlam ailə, Sağlam cəmiyyət” adı altında fəaliyyətimizi daha geniş istiqamətlərdə davam etdirmək niyyətindəyik:
“Zaman keçdikcə gördük ki, sağlam cəmiyyətin formalaşması üçün yalnız ayrı-ayrı xəstəliklərlə mübarizə aparmaq kifayət deyil. Bunun üçün ailə sağlamlığını bütövlükdə əhatə edən, sağlam həyat tərzini təşviq edən, ailə dəyərlərini qoruyan və gələcək nəsillərin sağlamlığına yönələn daha geniş fəaliyyətə ehtiyac var.
Məhz bu zərurətdən irəli gələrək təşkilatımızın adının “Sağlam ailə, Sağlam cəmiyyət” olaraq dəyişdirilməsi qərara alınıb. Bu dəyişiklik əvvəlki fəaliyyətimizdən imtina etmək deyil, əksinə, illər ərzində qazandığımız təcrübəni daha geniş məqsədlərə yönəltmək, fəaliyyət istiqamətlərimizi genişləndirmək və daha çox insana fayda vermək niyyətimizin ifadəsidir”.
QHT rəhbəri bildirib ki, yeni adımız təşkilatın gələcək hədəflərini, cəmiyyət qarşısında məsuliyyətini və sağlam gələcək naminə üzərinə götürdüyü missiyanı əks etdirir:
“Bundan sonra da irsi xəstəliklərlə bağlı maarifləndirmə fəaliyyətimizi davam etdirməklə yanaşı, ailələrin və uşaqların sağlamlığı, sağlam həyat tərzinin təşviqi, gənclərin maarifləndirilməsi və ailə dəyərlərinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirməyi planlaşdırırıq.
Əsas məqsədimiz ailələrin, uşaqların və gənclərin sağlamlığına, sağlam həyat tərzinin təşviqinə, ailə dəyərlərinin qorunmasına və cəmiyyətdə sosial məsuliyyətin artırılmasına töhfə verməkdir.
Bu istiqamətdə maarifləndirmə tədbirləri, sosial layihələr və müxtəlif təşəbbüslər həyata keçirməyi planlaşdırırıq. Xüsusilə irsi xəstəliklər barədə məlumatlılığın artırılmasına, sağlam ailənin formalaşmasına və gələcək nəsillərin sağlamlığının qorunmasına diqqət yetirəcəyik”.
“İnanırıq ki, sağlam cəmiyyətin təməli sağlam ailədən başlayır. Bu yolda dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, ictimai təşkilatlar və cəmiyyətimizin fəal üzvləri ilə əməkdaşlığa hazırıq.
Yeni adımız yeni hədəflərimizin və daha geniş fəaliyyət istiqamətlərimizin ifadəsidir. Əvvəlki təcrübəmizə əsaslanaraq, insanlara faydalı olmağa və cəmiyyətimizin sağlam gələcəyinə töhfə verməyə davam edəcəyik”, – E.Nəbili qeyd edib.
