Səhra deyildikdə ilk ağla gələn qum təpələri və yandırıcı istilikdir. Həqiqətən də, Yer üzərində qeydə alınan ən yüksək temperaturların bir qismi məhz səhralarda müşahidə olunub.
Ucnoqta.az xəbər verir ki, lakin mütəxəssislərin fikrincə, bu ərazilərdəki güclü istiliyin səbəbi yalnız Günəş şüaları və ya qum deyil. Burada atmosfer prosesləri və səthin xüsusiyyətləri əsas rol oynayır.
Səhralar həmişə isti olmur
İqlimşünaslar səhranı temperatura görə deyil, yağıntının miqdarına görə müəyyən edirlər. İllik yağıntının 250 millimetrdən az olduğu ərazilər səhra hesab olunur.
Bu səbəbdən Yer kürəsinin ən böyük səhrası Afrikadakı Sahara deyil, Antarktidadır. Antarktida “buz səhrası” sayılır, çünki burada yağıntı olduqca az düşür. Qitənin mərkəzi hissəsində qış aylarında temperatur mənfi 60 dərəcəyə qədər enə bilir.
Ən quraq ərazilər niyə 30-cu paralel yaxınlığında yerləşir?
Sahara, Ərəbistan və Avstraliyadakı Böyük Viktoriya səhrası kimi isti səhraların əksəriyyəti ekvatordan təxminən 30° şimal və cənub enliklərində yerləşir.
Bunun səbəbi atmosferdəki hava dövranıdır. Ekvatorda Günəş yer səthini güclü qızdırır, isti hava yuxarı qalxır və soyuyaraq yağıntı yaradır. Daha sonra hava kütlələri 30-cu paralellər ətrafında yenidən aşağı enir. Enərkən sıxılan hava isinərək daha da quruyur və rütubətin buxarlanmasına səbəb olur. Nəticədə burada quraq iqlim formalaşır.
Səhralarda istiliyin üç əsas səbəbi
Mütəxəssislər səhralarda ekstremal istiliyi yaradan üç əsas amili qeyd edirlər:
Buludların az olması. Quru hava şəraitində buludlar demək olar ki, yaranmır. Buna görə Günəş şüaları maneəsiz şəkildə yer səthinə çataraq onu güclü qızdırır.
Qumun və daşların tez isinməsi. Su istiliyi yavaş qəbul etdiyi halda, qum və daşlar aşağı istilik tutumuna malikdir. Onlar Günəş enerjisini sürətlə udur və qısa müddətdə çox qızır. Eyni səbəbdən gecə də istiliyi tez itirdikləri üçün səhralarda hava kəskin soyuyur.
Bitki örtüyünün azlığı. Yaşıl ərazilərdə bitkilər buxarlanma vasitəsilə ətraf mühiti sərinləşdirir. Səhralarda isə bitki örtüyü çox az olduğundan bu təbii soyutma mexanizmi işləmir və istilik yer səthində daha çox toplanır.
Məhz bu amillərin birgə təsiri nəticəsində bəzi səhralarda hava temperaturu 56–57 dərəcəyə, torpaq səthinin temperaturu isə 80 dərəcədən yuxarı səviyyəyə çata bilir.
