Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2026-cı ilin iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Müraciət edənlərdən 4 nəfəri qadın, 15 nəfəri kişi, 3 nəfərin isə şəxsiyyəti naməlum olub.
Qeyd edilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub. Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırır.
