Valideynlərin boşanmasının özü deyil, onların davamlı münaqişələri və bir-birinə qarşı mənfi münasibəti uşaqlara daha çox psixoloji zərər vurur.
Ucnoqta.az bildirir ki, psixoloqların sözlərinə görə, uşaqlar üçün ən vacib amil sakit və təhlükəsiz ailə mühitidir. Davamlı mübahisələr olan ailədə yaşamaq, bəzi hallarda valideynlərin ayrı yaşamasından daha ağır təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, boşanma zamanı uşağa baş verənlərin onun günahı olmadığı mütləq izah edilməlidir. Çünki uşaqlar çox vaxt valideynlərinin ayrılmasına özlərini səbəbkar hesab edirlər.
Psixoloqlar həmçinin valideynlərə uşağı digər valideynə qarşı qızışdırmamağı, qarşılıqlı hörməti qorumağı və yaşına uyğun şəkildə dürüst izah verməyi tövsiyə edirlər.
Onların fikrincə, uşaq gec-tez həqiqəti öyrənir. Buna görə də ayrılıq barədə danışarkən məsuliyyəti qarşı tərəfin üzərinə atmaq, təhqir etmək və ya uşağı manipulyasiya etmək düzgün deyil.
Mütəxəssislər vurğulayırlar ki, hər iki valideyn uşaq üçün dəyərlidir və əsas məqsəd onun özünü təhlükəsiz, sevilən və günahsız hiss etməsini təmin etməkdir.
