Xəbər verildiyi kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesinin vaxtı növbəti dəfə uzadılıb. Belə ki, bununla bağlı artıq 3-cü dəfədir ki, qeydiyyat prosesinin müddəti uzadılır. Elan olunan müddətin uzadılması valideynlər və müəllimlər arasında müəyyən suallar yaradıb.
BŞTİ-dən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyat müddətinin bir neçə dəfə uzadılması planlaşdırılan prosesdə hər hansı problemin olması ilə bağlı deyil:
“Qeydiyyat müddətinin uzadılmasının əsas məqsədi şagird qəbulu qaydalarına uyğun olaraq bütün şagirdlərin təhsil hüququnun tam təmin edilməsi, layihəyə qoşulmaq istəyən bütün valideynlər üçün bərabər imkan yaradılması və seçim hüququnun maksimum səviyyədə qorunmasıdır. Bu qərar daha çox valideynlərin müraciətlərinin nəzərə alınması, seçim imkanlarının genişləndirilməsi və daha çox şagirdin yeni təmayül tədris modelindən faydalanmasına şərait yaradılması məqsədi daşıyır”.
BŞTİ vurğulayıb ki, qeydiyyat müddətinin uzadılması müəllimlərin seçilməsi və yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun şəkildə qeydiyyat prosesi ilə paralel davam etdirilir:
“Hazırda müəllimlərin seçimi və yerləşdirilməsi prosesi davam edir, şagird sayı və formalaşacaq təmayül sinifləri dəqiqləşdikcə müəllim təminatı həyata keçirilir. Tədris ili başlayana qədər bu prosesin tam yekunlaşdırılması planlaşdırılır”.
Valideynlər arasında yaranan tərəddüdlərin aradan qaldırılması üçün yeni təmayül tədris modelinin üstünlükləri barədə davamlı məlumatlandırma və maarifləndirmə işlərinin aparıldığı bildirilib. Qeyd olunub ki, əlavə sualları olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qurumun məlumatına görə, məktəblərin və təmayül siniflərinin yeni dərs ilinə hazırlanması əvvəlcədən tərtib edilmiş plan əsasında müxtəlif istiqamətlər üzrə paralel şəkildə həyata keçirilir.
“Qeydiyyat prosesinin davam etməsi hazırlıq işlərinə mane olmur və bütün təşkilati məsələlərin sentyabrın 15-də başlayacaq tədris ilinə qədər başa çatdırılması nəzərdə tutulur”.
BŞTİ həmçinin bildirib ki, qeydiyyat müddətinin uzadılması layihəyə marağın aşağı olması ilə bağlı deyil. Məqsəd layihədən yararlanmaq istəyən bütün şagirdlər üçün əlavə imkan yaratmaq və valideynlərin seçim hüququnu tam təmin etməkdir.
Qurum hesab edir ki, layihəyə ictimai etimadın daha da gücləndirilməsi üçün valideynlərin mütəmadi məlumatlandırılması, layihənin üstünlüklərinin izah edilməsi, uğurlu təcrübələrin paylaşılması, məktəblərdə maarifləndirici görüşlərin təşkili və müraciətlərin operativ cavablandırılması mühüm əhəmiyyət kəsb edir.
BŞTİ xatırladıb ki, Azərbaycanda təmayül sinifləri və ayrı-ayrı təmayül məktəbləri əvvəlki illərdə də fəaliyyət göstərib və bu sahədə müsbət təcrübə mövcuddur: “Bununla belə, hazırda tətbiq olunan model yeni təşkilati yanaşmaya əsaslandığından əvvəlki illərin ali məktəblərə qəbul və digər statistik nəticələrinin yeni layihə ilə birbaşa müqayisəsi metodoloji baxımdan düzgün hesab edilmir. Layihənin real nəticələrinin növbəti illərdə şagirdlərin təhsil nailiyyətləri, buraxılış və ali məktəblərə qəbul imtahanlarının göstəriciləri əsasında ayrıca qiymətləndirilməsi mümkün olacaq”.
Emin
