Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Mahmudlu Babək Süleyman oğlunun anım günüdür
Ucnoqta.az xəbər verir ki, Babək Mahmudlu 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olub.
Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirib.
Manqa komandiri Babək Mahmudlu “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurub. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə edib.
27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv edib.
Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. 1 noyabr 2020-ci il tarixində doğulduğu Biləsuvar şəhərində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Babək Mahmudlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
