Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsinin açılış mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, şanlı qələbəmizin ildönümünə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunan “Dəmir Yumruq” hərbi-vətənpərvərlik layihəsində ictimaiyyət nümayəndələr, rəsmilər, vətən müharibəsi qaziləri və Sabunçu Gənclər Evinin üzvləri iştirak edib.
Layihənin məqsədi parlaq Vətən müharibəsi zəfərindən sonra hərbi-vətənpərvərlik istiqamətində layihələrin daha da genişləndirilməsi, gənclərin hərbi savadlılığının artırılması, onların döyüş hazırlığının yüksək dərəcədə saxlanılması, həmçinin hərbi xidməti hələ keçməmiş gənclərə zəruri məlumatların nəzəri və praktiki şəkildə ötürülməsidir.
Layihənin rəsmi qonaqları qismində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Rəna Fərəcova və Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin direktoru Samir Mehralıyev çıxış edib.
“Zəfər” Gənclər Forumunun qonaqları qismində Şəhid İsrayıl Cəfərzadənin atası Namiq Cəfərov, Daxili İşlər Nazirliyinin İdman cəmiyyətinin baş məşqçisi Rəsul Məmmədov, Mübarizlər Vətənpərvərliyə Dəstək İctimai Birliyinin nümayəndəsi və qazi Toğrul Ənsərli çıxış etdi. 44 gün ərzində iştirakçılara hərb haqqında ilk təsəvvür, silahlarla tanışlıq və atış dərsləri, hərbi Nizamnamə və rütbələr, ərazidə hərəkət, minadan qorunma, kəşfiyyat, ilkin tibbi yardım, mühəndis İstehkam, əlbəyaxa döyüş, silahdan müdafiə, ideoloji və psixoloji hazırlıq təlim və fəaliyyətlər keçiriləcək.
Təlim və kurslar Sabunçu Gənclər Evində, “N” saylı hərbi hissədə, atış meydanlarında və açıq hava məkanlarında olmaqla həftənin şənbə və bazar günləri keçiriləcək.
