Hökumət postpandemiya dövründə də əhalinin aztəminatlı hissəsinə sosial dəstəyi davam etdirməsinə ehtiyac var
COVİD-19 pandemiyasına yoluxma sayı əvvəlki dövrlərə nisbətən azalsa da, pandemiyanın yaratdığı problemləri tam həll etmək mümkün olmayıb. Pandemiya səbəbindən bağlanılan iş yerlərinin bir qismi hələ də açılmayıb. Pandemiya insanların həyat və sağlamlığı üçün yaradığı təhlükə ilə yanaşı, həm də əhalinin sosial durumunu ağırlaşdırıb. Hazırda COVİD-19-a qarşı peyvəndlənmə aparıldığı üçün virusa yoluxanların və ölüm sayı azalır. Ekspertlər isə pandemiyanın insanların sosial durumuna təsirinin azaldılması istiqamətində də ciddi addımların atılmasını zəruri sayır.
İqtisadçı Rəşad Həsənov deyir ki, pandemiyanın təsirlərini düzgün qiymətləndirilməməsi görülən tədbirlərin də effektivliyinə təsir edib: "Hökumət pandemiya dövründə vəziyyəti düzgün qiymətləndirə bilmədi. Həm taktiki, həm də strateji baxımdan problemə yanaşma düzgün deyildi. Dəqiq statistikanın olmaması isə hökumətin bu istiqamətdə tələb olunan maliyyə həcmini planlaşdırması imkanlarını məhdudlaşdırdı. Ehtiyacı olan xeyli insan birdəfəlik maliyyə yardımından yararlana bilmədi. Həmçinin, sahibkarlıq subyektlərinə davamlı maliyyə yardımı göstərilməsi mümkün olmadı. Bu mənada həm prosesin özü düzgün idarə edilmədi, həm də kifayət qədər çatışmamazlıqla müşahidə olundu. Bundan başqa ailələr üçün sabit xərclər olan kommunal xərclər qarşılanmadı və aztəminatlı ailələrə dəstək göstərilmədi. Bu mənada pandemiyanın səbəb olduğu zərərin qarşılanması üçün hökumtin addımlarını tam effektiv saya bilmərik".
“Güzaran” Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Qadir İbrahimli də o qənaətdədir ki, hökumət koronavirus pandemiyası ilə bağlı yaranan problemlərin həllinə sistemli yanaşa bilmədi: “Burada əsas məsələ əhalinin sosial müdafiəsini təşkil etmək idi. İş yerini itirən, həmçinin, aztəminatlı ailələrə müavinət verilməsi vacib olsa da, hökumət bunu effektiv təşkil edə bilmədi. Həmçinin, postpandemiya dövrü üçün əhalinin sosial durumunu yaxşılaşdırmaq istiqamətində aydın bir plan ictimaiyyətə açıqlanmayıb”.

Özəl sektorda əmək müqavilələrinin sayı 794 minə çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız informasiya sorğusuna verilən cavabda bildirilir ki, 2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı məşğulluq və sosial rifaha dəstək məqsədi ilə ölkə əhalisinin 48 faizini və ya 4.8 milyon nəfəri əhatə edən fəaliyyət həyata keçirilib: “Bununla bağlı fəaliyyət 4 istiqamət üzrə 12 tədbiri əhatə edib. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanılması məqsədi ilə tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində 908 min nəfər işçinin iş yeri və əməkhaqqı gəliri qorunub. Qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində də tədbirlər həyata keçirilib. Özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə 24 faiz və ya 154 min artaraq 794 minə çatıb”.

Dövlət işsiz və işdən azad olunan şəxslərin sosial məşğulluğu və sosial müdafiəsi istiqamətində də tədbirlər həyata keçirib. Nazirlikdən verilən məlumata görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işsiz şəxslərin aktiv məşğulluğunun təmin edilməsi və onların əmək bazarına daxil olmasına dəstək göstərilməsi məqsədi ilə yaradılan haqqı ödənilən ictimai iş yerlərinin sayı pandemiya dövründə 90 minə çatdırılıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dost İş Mərkəzi” tərəfindən haqqı ödənilən ictimai iş yerlərinə cəlb olunan işsiz şəxslərlə əmək müqavilələri bağlanılır.
Dövlət Məşğulluğu Agentliyi orqanlarında işsiz kimi qeydiyyatda olan işsiz xə xüsusi karantin rejimi dövründə gəlirini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlı 600 min şəxsin yaşayış minimumu (2020-ci il üçün 190 manat) həcmində birdəfəlik ödəmə ilə təminatı proqramı icra olunub. 2020-ci ilin aprel-may aylarında bütün ölkə üzrə 600 min şəxs, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələr üzrə 3 dəfə ödəmə, dekabr ayında yenidən bütün ölkə üzrə ödəmə edilib. Bu istiqamətdə ümumilikdə 450 milyon manat vəsait xərclənib”.
Pandemiya dövründə 150 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, pandemiya dövründə özünüməşgulluq proqramının əhatə dairəsi də genişləndirilib: “2020-ci il ərzində 12 245 işsiz və işaxtaran aztəminatlı şəxs əmlaklarla təmin edilib. COVİD-19 Pandemiyası dövründə yerli qurumlarda işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxslər təlimlərə cəlb edilmədən, yerli qurumların köməyi ilə tərtib edilən biznes planlar əsasında seçdikləri istiqamətlər üzrə özünüməşğulluğa cəlb edilib. Müvafiq material, avadanlıq və digər əmlakla təmin olunub.
İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması tədbiri 1.3 min nəfəri əhatə etməklə, bu istiqamətdə 2.1 milyon manat vəsait xərclənib.
İşsizlikdən sığorta ödənişi bitən, lakin işlə təmin olunmayan şəxslərə və peşə hazırlığı kurslarında fasilə yaranan müdavimlərə xüsusi karantin rejimi dövründə sığorta ödənişi və təqaüdlərin davam etdirilməsi, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramın təkmilləşdirilməsi tədbirinə 950 nəfər cəlb edilib. Bu məqsədlə 620 min manat vəsait xərclənib.
Bundan başqa Dövlət Məşğulluq Ağentliyi tərəfindən əməkhaqqının birgə maliyyələşdirilməsi üzrə prioritet sahələrin və peşələrin siyahısı müəyyənləşdirilib. Sosial iş yerlərində işədüzəlmək üçün 219 işsiz və işaxtaran şəxsə göndəriş verilib.
Ümumilikdə, 2020-ci il ərzində 150 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib. O cümlədən 100 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub. Peşə hazırliğı kurslarına 1 014 nəfər cəlb olunub. 37 660 şəxs isə peşəyönümü tədbirlərinə cəlb olunub.
İşsizliyə görə sığorta ödənişi alanların sayı 2020-ci ildə 1292 nəfər, 2021-ci ilin yanvar-aprel ayları üzrə isə 873 nəfər təşkil edib”.
Pensiya, müavinət, təqaüd, ÜDSY üzrə ödənişlərə 5 milyard 743 milyon manat xərclənib
Nazirlikdən aldığımız məlumata görə, əhalinin xüsusi həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də addımlar atılıb: “Əhaliyə sosial ödənişlərin (Pensiya və müavinətlər) davamlılığı təmin edilib. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu üzrə əlavə olaraq 250 milyon manat vəsait yönəldilib. Ümumilikdə, 2020-ci ildə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat çox vəsait yönəldilib. O cümlədən, pensiya üzrə 20 faiz, prezidentin təqaüdü və müavinət üzrə 18 faiz, ünvanlı sosial yardım üzrə 41 faiz çox vəsait xərclənib.

Xüsusi karantin rejimi dövründə ünvanlı dövlət sosial yardımının (ÜDSY) müddəti bitən ailələrə yardımın verilməsi xüsusi karantin rejimi bitənədək davam etdirilib. Bu dövrdə ÜDSY-nin təyinatının sadələşdirilməsi tədbiri 9.4 min ailənin 38.9 min üzvünü əhatə edib. Bu məqsədlə 8.6 milyon manat vəsait sərf edilib. Qeyd olunanlarla yanaşı, 2020-ci ilin 1 martından etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaqların əlillik müddəti xüsusi karantin rejimi dövründə uzadılıb”.
9 872 tənha ahıla və 4024 əlilliyi olan şəxsə evdə sosial məişət xidmətləri göstərilib
“Yaşı 65-dən yuxarı olan tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi tədbirlərinin icrası istiqamətində sosial xidmət işçiləri səfərbər edilməklə pandemiyaya yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşlarla evlərində gündəlik (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, communal ödənişlərin edilməsində) sosial məişət xidmətləri göstərilib. Bakı şəhəri və respublikanın bölgələri üzrə 15 min tənha yaşlıya və əlilliyi olan şəxsə evlərində sosial xidmətin göstərilməsi işləri təşkil edilib”,- deyə ƏƏSMN-dən bildirilir.
Məlumata görə, 2020-ci ildə, ümumilikdə, 13 896 nəfər olmaqla 9 872 tənha ahıla və 4024 əlilliyi olan şəxsə evdə sosial məişət xidmətləri göstərilib: “Pandemiya ilə bağlı 2020-ci ildə yaşı 65-dən yuxarı olan 5958 şəxs müvəqqəti sosial xidmətə götürülərək sosial-məişət xidmətləri ilə təmin edilib. 2021-ci ilin I rübündə isə 8218 nəfər tənha ahıl və əlilliyi olan şəxsə səyyar sosial xidmət göstərilib. Onların da 6717-si tənha, ahıl şəxs olub”.
“Bundan başqa sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi tədbiri ilə əlaqədar dövlət büdcəsindən 40 milyon manat ayırılıb.
Əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında artırılması tədbiri ilə bağlı dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılıb.
Ümumilikdə, məşğulluq və sosial rifaha dəstək bölməsi üzrə 610 milyon manata yaxın vəsait xərclənib”,- deyə ƏƏSMN-dən bildirilir.
Pandemiya dövründə məşğulluq və sosial rifaha dəstək tədbirlərinə 610 milyon manata yaxın vəsait xərclənsə də, bu gün də əhalinin həssas təbəqəsinin sosial dəstəyə ehtiyacı var. Hökumət postpandemiya dövründə də əhalinin aztəminatlı hissəsinə sosial dəstəyi davam etdirməsinə ehtiyac var.
Pünhan Əfəndiyev
