Keçmiş dünya bir nömrəli tennisçisi Arantxa Sançes Vikario həyatının ən böyük peşmanlıqlarından birini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, ispaniyalı sabiq tennisçi keçmiş ərinə maliyyə işlərini etibar etdikdən sonra təxminən 36 milyon avro mükafat pulunu itirdiyini bildirib.
“Özümü tamamilə tennisə həsr etmişdim. Maliyyə işlərimi idarə etməyi bilmirdim və uşaqlarımın atası olduğu üçün ona kor-koranə güvəndim. Sonradan anladım ki, o, düşündüyüm insan deyilmiş”, – deyə Sançes Vikario La Vanguardia qəzetinə müsahibəsində bildirib.
2024-cü ildə Barselona məhkəməsi Arantxa Sançes Vikario və keçmiş ərini aktivləri gizlətməkdə təqsirli bilib. Keçmiş tennisçi bu iş üzrə iki il müddətinə şərti cəzaya məhkum edilib.
54 yaşlı idmançı hazırda məşqçilikdən əldə etdiyi gəlirin yarısını borclarını ödəməyə sərf etdiyini deyib.
Qeyd edək ki, Arantxa Sançes Vikario 2002-ci ildə peşəkar karyerasını başa vurub.
