SOCAR ona məxsus olduğu iddia edilən yanacaqdoldurma məntəqəsinin qanunsuz tikilməsi barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, sözügedən yanacaqdoldurma məntəqəsi müqavilə ilə SOCAR brendindən istifadə etməklə fəaliyyət göstərib:
“Bu yanacaqdoldurma məntəqəsi franşiza əsasında, yəni SOCAR-ın brendindən istifadə barədə müqaviləyə əsasən fəaliyyət göstərib. Belə ki, məntəqənin özü SOCAR-a məxsus olmayıb. Franşiza sazişində qarşı tərəf olan sahibkar həmin müqavilənin dayandırılması ilə bağlı bildiriş verib”.
Qeyd edək ki, mətbuatda Bakı-Ələt–Astar magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranlarının və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına əsasən qanunsuz olduğu üçün sökülməsi barədə məlumat yayılıb.
