Seçkilərin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır

18:16 - 28 Fevral 2020 - KİVDF

Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir

Məzahir Pənahovun sədrliyi ilə fevralın 25-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Qeyd olunub ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilər azad və ədalətli şəkildə keçirilərək ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa 19 siyasi partiyanı, seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Namizədlik iddiasında olanlar hətta seçkilər təyin olunduğu gündən başlayaraq bütün seçki kampaniyası ərzində sosial şəbəkələr və onlayn media vasitəsilə heç bir maneə olmadan sərbəst və geniş təşviqat aparıblar. Bundan başqa Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı olmaqla, ümumilikdə 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə etməklə, çoxlu sayda böyük ölçülü lövhələr quraşdırılıb. Seçkiqabağı təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 40 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb.

Seçkilərlə bağlı daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli – Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib. İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

Artıq Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Bu barədə  MSK katibi Mikayıl Rəhimov məlumat verib. M. Rəhimov bildirib ki, yekun protokol Konstitusiya Məhkəməsinə fevralın 26-da təqdim olunub.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləməlidir.

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir. Bəs bu, qanunvericiliklə necə tənzimlənir?  Qeyd edək ki, Seçki Məcəlləsinin İyirmi yeddinci fəsili bu məsələyə aydınlıq gətirir. Məcəllənin 171-ci maddəsi ilə Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi tənzimlənir. Bu maddənin 171.1 bəndinə əsasən,  Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə (Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri) uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər (171.3). Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir (171.4.).

Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması isə onun birinci iclasının keçirildiyi gündən başlanır. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün hesab edilir.
Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir. Bu maddəyə əsasən, yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir. Seçkilərin təyin edilməsi barədə sərəncam onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

Milli Məclisə təkrar seçkilər isə 172-ci maddə ilə tənzimlənir. Bu Məcəllənin 170.2-ci maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər (173.1).

 Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir (173.2).

Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Xatırladaq ki, MSK 25 fevralda Milli Məclisə seçkilərin nəticələrini yoxlayıb və yekun vurub.

 

Xəbər xətti