Namizəd səsvermə gününə azı 10 gün qalmış namizədliyini geri götürə bilər

18:42 - 17 Fevral 2020 - KİVDF

Bunun üçün müvafiq seçki komissiyasına yazılı ərizə verməlidir

9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 mübarizə apardı. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin deputatlığa namizədliyi ləğv edilib. Araşdırma zamanı məlum olur ki, hazırda Milli Məclisin sıravi deputatlarının əməhaqqı parlamentin sədrinin maaşının 70 faizi qədər, komitə sədrlərinin maaşı 80 faizi qədər, sədr müavininin maaşı 90 faizi qədər, birinci müavinin maaşı 95 faizi qədərdir.

Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Sıravi deputatın maaşına əsasən aparılan hesablamalarımız göstərir ki, parlament sədrinin rəsmi maaşı 2 471 manat, birinci müavinin rəsmi maaşı 2 347 manat, müavinin rəsmi maaşı 2 224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır. Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib.

Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3 201 manat, birinci müavinin aylıq gəliri 3 077 manat, müavinin aylıq gəliri 2 954 manat, komitə sədrlərinin aylıq gəliri isə 2 707 manat, sıravi deputatın aylıq gəliri 2460 manat edir.
Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.

Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730*3), parlament sədrində 7413 manat (2 471*3), birinci müavində 7 041 manat (2 347 *3), müavində  6672 manat (2 224 *3), komitə sədrlərində 5 931 manatdır (1977*3) .
Yuxarida qeyd edildiyi kimi 125 deputat mandatı uğrunda 1314 mübarizə aparıb. Bəs, qeydə alınmış namizədin seçkilərdə iştirakının şərtləri nədir və namizədin namizədlik statusundan imtina etməsi necə tənzimlənir? Sualın birinci hissəsinə  Seçki Məcəlləsinin 71 ci maddəsi aydınlıq gətirir. Bu maddəyə əsasən,  seçkilərdə iştirak edən qeydə alınmış namizəd bu Məcəllənin 2.6-cı maddəsində göstərilən şərtlərlə əməl etməlidir.  Buraya  mətbuat azadlığına hörmət bəsləmək, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq,. seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq, seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq, seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək,  seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək, səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək, seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək, seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq, seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək, hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq, seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək, dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək, təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək, təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və ya iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək, heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək daxildir Kifayət qədər  əməl edilməli şərtlər var. Onların bir çoxunun pozulması isə . Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.

Seçkilərdə iştirak edən qeydə alınmış namizəd həmçinin yuxarıda qeyd edilənlərlə yanaşı, qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləməli,  qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləməli, seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi 321 nəfəri namizədliyini geri götürüb. Sualın ikinci hissəsini təşkil edən bu məsələ  Seçki Məcəlləsinin 73-1 maddəsi ilə tənzimlənir.  Həmin maddədə qeyd edilir ki,  irəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir.

Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

Həmin maddəyə əsasən, səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatları göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının) adlarından istifadə edilə bilməz, referendum üzrə səsvermə bülletenlərində isə heç bir işarə qoyula bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir. Qeydə alınmış namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda məlumatda qeydə alınmış namizədin məsuliyyətə alındığı Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməlidir.

Xəbər xətti