“Uşağa mənəvi dəyərlər aşılamaq lazımdır”

09:04 - 1 Oktyabr 2019 - KİVDF

Əhməd Qəşəmoğlu: “Fiziki və mənəvi stress şəklində məktəbə gələn uşaqlarla psixoloji baxımdan məşğul olmağa ehtiyac var”

Uşaqların fiziki və mənəvi inkişafında əsas rol oynayan amillərdə biri, demək olar ki, ən əsası məktəblərdir. Onların sağlam ruhda böyüməsi, gələcəyə inamlı olması, mənəvi və fiziki cəhətdən inkişaf etməsi, onlara milli-mənəvi dəyərlərin  təbliğ olunması ən ümdə məsələlərdəndir. Bu işdə bütün sinif müəllimləri uşaqlara diqqət və qayğı ilə yanaşmalı, onlarda vətənpərvərlik hisslərini formalaşdırmağı bacarmalıdır.

Mövzu ilə bağlı “Üç nöqtə”yə danışan Sosioloq Əhməd Qəşəmoğlu məktəblərin uşaqların mənəvi və fiziki inkişafında mühüm rol oynadığını nəzərə çatdıraraq deyir ki, ötən ilin noyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində hazırladığı Milli Təhsil Konsepsiyasını təqdim edib. Bu konsepsiyada təhsillə bağlı demək olar ki, bir çox vacib məsələlər öz əksini tapıb: “Düşünürəm ki, indiki vaxtda orta məktəblərdə təhsil sistemi yenidən qurulmalıdır. Və bununla bağlı xarici ölkələrin çox gözəl təcrübələri var. Hazırladığım təhsil konsepsiyasında həmin xarici təhsil sistemini öyrənmişdim”.

Ə.Qəşəmoğlu hazırda təhsil sistemində diqqəti üç əsas məsələyə yönəltməli olduğumuzu qeyd etdi: “Bunlardan birincisi, məktəblərdə təhsil alan uşaqlarımızın fiziki cəhətdən sağlam olmasıdır. İkinci məsələ isə, onların daxili aləmlərinin, mənəvi cəhtədən zənginləşməsidir. Üçüncüsü isə, uşaqlarda öz əməyinə, dərslərinə, fəaliyyətinə yaradıcı bir münasibətin formalaşmasıdır. Bu üç meyar olanda ölkədə tərəqqi olur. Və təhsil də tərəqqiyə xidmət etməlidir”.

Sosiolqun fikrincə, məktəblərdə uşaqların fiziki sağlamlığı istiqamətində aparılan işlər o qədər də ürəkaçan deyil və burda ciddi, sistemli iş getmir: “Sovet dövründə məktəblərdə bədən tərbiyəsi dərsləri indikinə nisbətən daha məzmunlu keçirdi. Lakin indi o vaxtkı kimi bədən tərbiyə dərsləri də yoxdur. Biz eyni zamanda məktəblərin yeməkxanalarında uşaqların yaşı üçün mühüm və onların sağlam olması üçün lazım olan qidalara da diqqət vermirik. Məktəblərdə satılan qidaların demək olar ki, əksəriyyəti də kommersiya məqsədinə xidmət edir. Burda uşaqlara qayğıdan söhbət gedə bilməz və onların fiziki sağlamlıqlarının qayğısına qalmırlar. Təəssüf ki, evdə valideynlər də bu məsələlərə diqqət yetirmirlər. Və ailələrimizin 80 faizində problemlər mövcuddur. Evlənənlərin 25-27 faizi boşanır və təbii ki bundan iki dəfə artığı isə səhərdən-axşama kimi bir-biri ilə dalaşır, bütün günü mbahisəli vəziyyətdədirlər. Cəmi 20 faiz normal ailədən və orda böyüyən uşaqlardan söhbət gedə bilər. Və ailələrin belə problemli olması uşaqların həm mənəvi və fiziki inkişafına, həm də psixologiyasına zərbə vurur. Və fiziki və mənəvi stress şəklində məktəbə gələn uşaqlarla psixoloji baxımdan məşğul olmağa ehtiyac var. Lakin təəssüf ki, məktəblərdə bu istiqamətdə də iş yoxdur. Uşaqların evdə yaşadıqları bu problemlərlə bağlı məktəblərdə hər hansı profilaktik və bərbaedici tədbirlər də görülmür. Yəni məktəblərdə bu sahədə boşluqlar var. Uşaqlarımızın və yeniyetmələrimizin sağlamlığına diqqət hələlik arzuolunan dərəcədə deyil”.

Uşaqların mənəvi və fiziki inkişafında müəllimlərin rolunun daha vacib olduğunu vurğulayan Ə.Qəşəmoğlu bildirdi ki, məktəbdəki müəllimlər də uşaqlara qayğı və yanaşma baxımından müxtəlif qruplara bölünə bilərlər: “50 il bundan əvvəlki Azərbaycan müəlliməsi ilə indiki müəllimlər də eyni deyil. Mərhəmət hissi olan müəllimlərimiz uşaqlarda milli maraqları formalaşdırmağa çalışırlar. Amma bu hamısında yoxdur. Bəziləri bu məsələlərə başdansovdu yanaşırlar. Hətta bir sıra məktəblərdə müəllimlərin uşaqlardan maddi maraq güddüklərinin də şahidi oluruq. Bu zaman da həm uşaqlara mənəvi zərbə dəyir, həm də müəllimin fikri, diqqəti öz maraqlarına yönəlir. Və beləliklə nəticə olaraq uşaqların fiziki və mənəvi cəhətdən sağlamlaşmasına maneə yaranır”.

Ə.Qəşəmoğlu bildirir ki, uşaqların məktəblərdə fiziki və mənəvi inkişafının formalaşmasında əsas görülməli işlərdən biri də onlarda vətənpərvərlik hisslərinin düzgün şəkildə formalaşdırılmasıdır: “Çünki hazırda qloballaşmanın sürətlə getdiyi, gənclərimizin xarici informasiya şəbəkələrinin təsirinə məruz qaldığı və  dünyada mürəkkəb proseslərin baş verdiyi bir vaxtda ölkəmizdə əhali, xüsusilə də uşaqlar və gənclər arasında vətənpərvərlik hisslərinin yüksək olmasına çalışmaq lazımdır. Təbii ki burda da əsas iş məktəblərin və dərs keçən müəllimlərin üzərinə düşür. Vətənpərvərlik hissi yüksək olanda insan öz əməyinə diqqət yetirir. Vətən üçün yaxşı mütəxəssis olmağın vacibliyini anlayır. Ona görə də qloballaşma sürətləndikcə, özümüzü müdafiə və necə deyərlər immunitet möhkəmləndirilməsi üçün vətənpərvərliyi daha da gücləndirməliyik.

Təəssüf ki, bu gün ölkədə maarifləndirmə ilə bağlı da problemlər var. Uşaqların maarifləndirilməsi elmi əsaslara uyğun şəkildə aparılmalıdır. Uşaqların psixolgiyasına xüsusi diqqət yetirilməlidir. Çünki hər uşağın informasiya qəbul etmə xüsusiyyəti fərqli olur. Bu baxımdan çalışmaq lazımdır ki, görülən bütün işlər elmi əsaslara söykənsin. Bunun üçün də ümumi ortaq əsasnamə hazırlanmalı və məktəblərə təlimat verilməlidir. Təəssüf ki, bu istiqamətdə işlər hələ lazımı səviyyədə deyil”.

Uşaqlarla davranış qaydalarında danışan Ə.Qəşəmoğlu deyir ki, indiki cəmiyyət get-gedə elə mürəkkəbləşir ki, uşağa “olmaz” sözünü belə demək mümkünsüz olub: “Gərək valideyn çalışıb uşağını buna inandırsın. Əgər uşağın problemi onun mühitindədirsə onu inandıraraq mühitini dəyişmək olar. Əgər uşaq bütün günü məhlədədirsə, yaxud məktəbdə valideynin istəmədiyi bir uşaqla yoldaşlıq edirsə ona “Artıq yoldaşlarınla oynamayacaqsan” -  kimi ifadələr səsləndirmək düzgün deyil.  Mühitini dəyişməyin də yolları var. Bunu valideyn uşağa deməsən, onun qabiliyyətinə uyğun bir yerə aparmaqla edə bilər.  Və beləliklə uşaq özünə həmfikir olan uşaqlarla daha yaxın olacaq. Uşağa mənəvi dəyərləri daha çox aşılamağa çalışmalıyıq. Yəni o insan mənəviyyatla bağlı məsələlərdə daha çox təmasda olsun və bu dəyərlər onun həyatında daha çox rol oynasın. Bu işdə də təbii ki məktəbin və məktəb müəllimlərinin üzərinə böyük iş düşür”. 

Sosioloqun fikrincə, uşaqların həyatında mühüm rol oynayan məsələlərdən biri də onların sabaha inamının olmasıdır: “Məktəb müəllimləri və valideynlər uşaqlarını gələcəklə bağlı planlar qurmalarına, böyük adam olmalarını düşündürəcək məqsədləri qarşılarına qoymağa şərait yaratmalıdırlar. Bu istiqamətdə uşağa fikirlər aşılamaq, böyük şəxsiyyətlər haqqında danışmaq olar. Yaxud mənəviyyatla bağlı yaxşı söhbətlər etmək olar. Bəzən məktəb müəllimləri və valideynlər deyir ki, filan uşaq çətin tərbiyə olunur. Amma belə deyil. Ümumiyyətlə, çətin tərbiyə olunan uşaq yoxdur, düzgün tərbiyə olunmayan uşaqlar var. Biz ona görə çətin tərbiyə olunan uşaqlar deyirik ki, özümüz o metodları bilmirik. Biz metodları yaxşı bilməyəndə çətinlik çəkirik. Uşaqlarla onların dili ilə danışmağa çalışmaq və onların potensialını lazımi istiqamətə yönəltmək və onların mənəvi, psixoloji cəhətdən inkişaf etməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

Qeyd edək ki, gələcək nəslin sağlam formalaşması istiqamətində hərtərəfli addımların atılması vacibdir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm amillərdən biri məhz onların həyata psixoloji cəhətdən sağlam, hazırlıqlı olmasıdır. Hamımıza məlumdur ki, uşaqların fiziki və mənəvi inkişafında məktəblər əhəmiyyətli rola malikdir. Və dövlətimiz tərəfindən təhsil sahəsində uşaqların inkişafı üçün bir çox işlər həyata keçirilir. Ötən il Azərbaycanda “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər də uşaqların sağlam ruhda böyümələri və mənəvi cəhətdən daha düzgün inkişafına şərait yaradır.

Könül Oruc

Xəbər xətti