“Uşaqların vətənpərvər ruhda böyüdülməsi və tərbiyə olunması”

18:16 - 28 Avqust 2019 - KİVDF

Günel Hacızadə: “Vətənpərvərlik ruhunu uşaqlarda və gənclərdə daha çox inkişaf etdirmək üçün, ilk öncə həmin uşaqlara vətənini tanıtmaq lazımdır”
Əhməd Qəşəmoğlu: “Mənəviyyatı, əxlaqı güclü olanda insanlarda vətənpərvərlik hissləri də güclü olur”
Kamran Əsədov: “Fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır”

Gənclərin, uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizdə hər zaman aktual məsələlərdən olub. İstər dövlət, istərsə də qeyri-dövlət təşkilatları həmişə bu istiqaməti əsas prioritet hesab edərək gənclərin vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər, layihələr həyata keçiriblər. İnsanın ən ali hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək demək deyil. Vətənpərvərlik həm də vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinmək, yeri gələndə canından keçməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olub. Vətənimiz, torpağımız uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan, daima qəlblərimizdə, yaddaşlarımızda yaşayan şəhidlərimizi yaşından asılı olmayaraq hər bir kəs tanımalı və bununla fəxr etməlidir. Çünki biz bu gün onların etdikləri qəhrəmanlıqlar və dövlətimiz sayəsində rahat həyat sürə bilirik.

Psixoloq Günel Hacızadənin sözlərinə görə, vətənpərvərlik ruhunu uşaqlarda və gənclərdə daha çox inkişaf etdirmək üçün, ilk öncə həmin uşaqlara vətənini tanıtmaq lazımdır. Uşaqlarda məkan zaman anlayışı formalaşdığı ilk dövrdən, hansı ölkədə və şəhərdə yaşadığını bilməlidir: “Təxminən 5-6 yaşlarından uşaqlara bu informasiyalar ötürülməlidir. Bəzən hətta 8-9 yaşlarında olan uşaqlar nəinki hansı ölkədə yaşadığını, hətta hansı şəhərdə olduğunu və hansı millətə mənsub olduğunu da çətinliklə ifadə edə bilir. Qeyd etmək istəyirəm ki, bu informasiyaların ötürülməsi təbii ki, kifayət deyildir.
Ölkəsi, milliyəti, bayrağı haqqında informasiyalar öyrədildikdən sonra, vətən məzmunu daşıyan hekayələr, şeirlər oxutdurulmalıdır və ya oxunulmalıdır. Əslində, bildiyimiz kimi televiziya vasitəsi ilə ötürülən infomasiyaları uşaqlar daha çox və tez mənimsəyirlər. Yaxşı olardı ki, tele-verilişlərdə yalnız xüsusi günlərdə deyil, adi günlərdə də vaxtaşırı vətən məzmunu daşıyan verilişlər tərtib edilsin. Təəssüf ki, günümüzdə məktəbli uşaqlar 20 Yanvar, 26 Fevral kimi Azərbaycan millətinin acı günlərini sadəcə “tətil günü” kimi qəbul edirlər. Bir halda ki, bu mövzular yalnızca həmin günlərdə vurğulanır və xatırlanır, müasir gənclikdən nə gözləmək olar ki? Uşaqlara keçmişdə baş vermiş soyqırımların rəsmləri göstərilir, əsasən və sadəcə matəm günü olaraq qəbul etdirilməyə çalışılır. Bu da təbii ki, uşaqlar tərəfindən doğru qəbul edilmir. Həmin günlərdə insanların öldüyünü yox, şəhidlik zirvəsinə ucaldığını öyrətmək lazımdır. Qəhrəmanlıq dastanı yazmış igid, vətənpərvər insanların həyatlarından bəhs edilməli, kinofilmlərdə və teatrlarda səhnələşdirilməlidir”.

Psixoloq qeyd edir ki,  bir çox baxçalarda xüsusi günlər üçün uşaqlar hazırlaşdırılır, şeirlər əzbərlədilir, əsgər paltarı geyindirilir və s. Lakin mahiyyəti azacıq da olsa onlara ötürülmür deyə uşaqlar sadəcə şeir əzbərləməklə qalırlar: “Əgər məqsəd həqiqətən vətənpərvərlik aşılamaqdırsa, bayrağı sadəcə öpməyi deyil də, o bayrağın nə üçün öpüləcək qədər dəyərli olduğunu elə həmin körpələrin anlayacağı dildə onlara izah etmək lazımdır. Yoxsa uşaqlar bu davranışı sadəcə qurduqları teatrın kiçik bir parçasıymış kimi qəbul edərlər.

Məktəb çağlarında bu mövzu üzərində işlənilməsi çox daha vacib məsələdir. Vətən mövzulu dərslər, digər dərslərdən fərqləndirilməlidir. Yanıltmaclar və ya dağlara aid şeirlərdən, fərqli məzmunda uşaqlara ötürülməlidir. Bu baxımdan ibtidai sinif müəllimlərinə daha çox məsuliyyət düşür. Hətta ailəsində heç bir vətənpərvər insan olmayan uşağın ibtidai sinif müəllimələri vətənpərvərdirsə, o uşaq mütləqdir ki, Vətən sevgisi ruhuyla inkişaf edəcək”.

G.Hacızadə bildirir ki, bu işdə təbii ki, hər zaman olduğu kimi əsas vəzifə valideynlərin üzərindədir. Bu vəzifə artıq yalnızca valideynlik vəzifəsi deyil, həmçinin vətəndaşlıq vəzifəsidir: “Belə ki, vətənpərvər ruhda böyüdülmüş uşaqlar üçün baxçada və məktəbdə öyrədilənlər sadəcə yeni informasiya kimi qəbul edilir. Uşaqlar hər şeyin ilkini öz valideynlərindən qəbul edirlər. Əgər bir valideyn gün ərzində telefona sadəcə 1 saatını ayırsa və vaxtının daha çoxunu kitab oxuyaraq keçirərsə, şübhəsiz onun övladları da kitaba daha çox həvəsli olar. Çünki, uşaqlar valideynlərini təqlid edərək həyatı öyrənirlər. Eynilə də vətənpərvərlik mövzusu belədir. Yaşadığı ölkə, mənsub olduğu millət və torpaq haqqında evində xoş sözlər eşidən hər bir uşaq gələcəyin vətənpərvər şəxsiyyətidir”.

G.Hacızadə nəzərə çatdırır ki, hər yaş dövrünün özünəməxsus xüsusiyyətləri vardır: “Bu xüsusiyyətləri nəzərə alaraq deyə bilərəm ki, mücərrəd anlayışlar uşaqlarda 6 yaşında formalaşmağa başlayır və əsasən 12 yaşında tamamlanır. Yəni az öncə bəhs etdiyim kimi, baxça yaşlarında uşaqlara öyrədilən vətən mövzusu sadəcə informasiya olaraq qəbul edilir. 6 yaşından sonra həmin mövzular zaman-zaman ona xatırladıldıqca, yeni informasiyalar ötürüldükcə, daha çox analiz edir və mənimsəyir.
Xüsusilə qeyd etmək istəyirəm ki, soyqırımlarda vəhşicəsinə qətlə yetirilərək şəhid olmuş insanların rəsmlərini uşaqlara yalnızca 12-13 yaşlarından sonra və travmatik bir iz qoymadan göstərilə bilər. Kiçik yaşlarında bu rəsmlərlə tanışdırılan uşaqlarda vətənpərvərlik duyğusu aşılanmaq istənilərkən, qalıcı travmatik qorxular yaradılır. Cəsarət deyil, maskalanmış cəsarət formalaşdırılır. Xüsusilə oğlan uşaqlarında -“böyüyəndə əsgər getsəm, məni də bu cür öldürəcəklər”- düşüncəsi yaradır. Bu səbəbdən də mücərrəd anlayışı tam formalaşmamış uşaqlara yalnızca qəhrəman insanların həyatları nümunə kimi göstərilməlidir”.

Psixoloqun fikrincə, uşaqlarımızın və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsində muzeylərin, mədəniyyət abidələrinin danılmaz bir rolu var: “Uşaqlar həyatı öyrəndikcə daha çox suallar verir və hər şeylə daha çox maraqlanırlar. Xüsusilə, həmin yaş dövründə uşaqları valideynlər muzeylərə aparmalıdır ki, uşaq daha çox sual versin və maraqlansın. Tarixlə məktəb kitablarında deyil, muzeylərdə və sərgilərdə tanış olsun. Bəzi uşaqların tarix fənnini sevməməsinin səbəblərindən biri də məhz budur. Onlar üçün tarix yaşanmışlıq deyil, sadəcə bir neçə kitab dolusu öyrəniləcək dərs mətnləridir.

Təklif edərdim ki, ən azından tarix fənninin tədrisi başlamazdan öncə uşaqlar üçün tarixi muzeylərə və mədəniyyət evlərinə ekskursiyalar təşkil olunsun. Məsələn, Zeynəlabdin Tağıyevin adını oxumadan öncə onun ev muzeyini ziyarət etmiş bir uşaq, bu ada tarix kitabında rastladığı zaman daha həvəs və maraqla oxuyar, hətta əlavə araşdırmalar da apara bilər. Həmçinin ibtidai icma quruluşu barədə oxuduqda, həmin dövrdə Azərbaycanda həqiqətən də insanların yaşamış olduğunu muzeydəki nümunələrlə öyrəndiyi zaman dərs oxumağa həvəsi olmayan uşaqlar belə həmin mövzunu həvəslə mənimsəyər. Beləliklə də, öz millətinin necə qədim tarixi olduğunu, insanların bu torpaqlarda necə addım-addım inkişaf etdiklərini öyrəndikcə, uşaqda vətənə, millətə sevgi yaranar, artar və əbədiləşər”.

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əslində indiki vaxtda bu məsələyə daha çox diqqət ayırmağa ehtiyac yaranıb. Çünki qədimlərdə dünyaya gələn uşaqlar ailədən, yaşlılardan, qonşulardan və s. bu barədə eşidirdi: “İnsanlar arasında ictimai bir rəy var idi. İnsanlar daha çox vətən haqqında düşünürdülər. Vətənin müdafiəsi, torpağın qorunması qeyrət, hünər kimi aşılanırdı. İndi isə qloballaşmanın sürətlə getdiyi, müxtəlif informasiya vasitələrinin genişləndiyi və gənclərin çoxsaylı informasiyaların içərisində özünü itirdiyi halda vətənpərvərlik hissləri bir qədər zəifləyib. Vətənpərvərlik hissləri zəif olan ölkələrin aqibəti pis ola bilər. Çünki orda vətənə qarşı böyük sevgi yoxdursa, düşmən tərəfi istənilən vaxtda müdaxilə edə bilər və bu zaman isə insanlar etinasız olar. Bu də nəticədə bir sıra mənfi hallara gətirib çıxara bilər. Bu cür halların yaşanmaması üçün vətənpərvərliyə, onun təbliğinə ciddi şəkildə diqqət verilməlidir”.

Ə.Qəşəmoğlunun araşdırmalarına görə, insan davranışının formalaşmasında dörd amil mühüm rol oynayır. Bunlardan birincisi insanın fitrəti, ikincisi mühit, üçüncüsü alınan informasiyalar, dördüncüsü isə üstünlük verilən dəyərlərdir. Deyir ki, əgər biz vətənpərvərlik hissinin güclü olmasını istəyiriksə, bu modelə uyğun hərəkət etməliyik: “Qəlbən çox vətənpərvər olan insanlara onların fəaliyyət dairəsində kömək etməliyik. Belə olan halda cəmiyyətdəki insanlar görür ki, vətən sevgisi olan insanlara hamı hörmət edir, onlara qarşı yaxşı münasibət var. Bu zaman mühitdə dəyişikliklər baş verir. Ümumiyyətlə, ətrafımızdakı yaşlı insanlar gənclər üçün bir modeldir. Yaşlı insanların davranışları gənclərə hər zaman təsir edir. Bizdə əvvəllər ağsaqqal, ağbirçək institutları daha güclü idi. Yaşlı adamlar gənclərə nümunə olmalıdır”.

Sosioloq deyir ki, vətənpərvərliklə bağlı insanların informasiyası güclü olmalıdır: “Buna görə də çalışmalıyıq ki, vətən uğrunda çalışmış tarixi qəhrəmanlarımız barədə insanlarımıza geniş məlumat ötürülsün. Torpağını, yurdunu qoruyan insanlar barəsində informasiya verilməlidir. Bizdə indiyə qədər əksinə olub, qəhrəman kimi Koroğlu, Qaçaq Nəbini təbliğ etmişik. Amma bunlar torpağı qorumaq uğrunda vuruşmayıblar axı, sadəcə olaraq öz xanlarına, bəylərinə, ağalarına qarşı vuruşublar.

Ona görə də sovet rejimi o modeli daha çox insanların beyninə oturtmağa çalışırdı. Amma misal üçün, öz yurdu uğrunda vuruşan Gəncə xanı Cavad xanın adını heç yerdə demirdilər. Vətənin uğrunda vuruşan adamlar haqqında geniş məlumat olmalıdır. Qonşu Türkiyədə istənilən məktəb şagirdindən, gəncdən torpaq uğrundan vuruşan qəhrəmanların adını soruşsan hamısını əzbər bilirlər. Özüm bunu bir neçə dəfə yoxlamışam. Amma bizim gənclərimizin çoxunun məlumatı yoxdur.

Bu istiqamətdə işlər getməlidir. Təbii ki bu məsələdə təhsil sisteminin üzərinə böyük yük düşür. Bəzən məktəb direktorları, universitet rektorları ilə söhbət edirəm. Vətənpərvərlik onların əksəriyyətinin ağlında yoxdur. Amma bizim təhsil sistemimizin əsas komponentlərindən biri uşaqlarımıza və gənclərimizə sağlam vətənpərvərlik hisslərinin aşılanması olmalıdır. Təhsil sistemində vətəni təbliğ edən milli qəhrəmanlarımız haqqında stendlər olmalı, orda onların şəkilləri və haqqında məlumatlar yazılamalı, tez-tez videoçarxlar göstərilməlidir. Bu gün vətənpərvərliyə zərbə vuran maneələrimizdən biri televiziyalarımızdır. Vətən, torpaq və milli qəhrəmanlarımızla bağlı maraqlı və reytinq yığan verilişlər etmək olar. Sadəcə bunu televiziya rəhbərləri istəməlidir” .

Ə.Qəşəmoğlu bildirir ki, dinimizdə vətənpərvərliklə və mənəviyyatın zənginləşməsi ilə bağlı çoxlu tövsiyyələr var. İnsanların mənəviyyatının güclü olması üçün bunlardan istifadə etmək lazımdır: “Çünki mənəviyyatı, əxlaqı güclü olanda insanlarda vətənpərvərlik hissləri də güclü olur. Əxlaqsız, mənəviyyatsız adam öz vətənini sevə bilməz. Bu mümkün deyil. Bunlar hamısı bir-biri ilə bağlıdır. Bəzən görürük ki, öz milli qəhrəmanlarımız bir kənarda qalır, insanlarımız xarici qəhrəmanları araşdırır, onlara maraq göstərir. Bu istiqamətdə gedən işlər heç də ürəkaçan deyil. Amma buna hədsiz dərəcədə ehtiyac var.
Çünki qloballaşmanın sürətlə getdiyi vaxtda vətənpərvərliyi zəif olan ölkələrin gələcəyi çox acınacaqlı ola bilər. Divarı hörəndə necə ki, sement daşları bir-birinə bağlayır, vətənpərvərlik də ölkədəki insanları vətən uğrunda çalışmaq üçün bir-birinə bağlayır. Buna görə də bu məsələ diqqət mərkəzində olmalıdır. Yaxşı olar ki, bununla bağlı fəaliyyət proqramı hazırlansın”.

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Vətənə sevgi ilk növbədə  ailədən, ümumtəhsil məktəblərindən başlayır: “Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir”.

Ekspertin sözlərinə görə, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir: “Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Orta məktəb dərsliklərində Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”.

K.Əsədov hesab edir ki, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin V sinifdən məktəbi qurtarana kimi siniflərində oxuyan şagirdlərə və ali təhsil müəssisələrdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər daha çox verilsin. Təkcə tarix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informasiyalar verilməlidir.

Təhsil eksperti bildirir ki, artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır: “Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır”.

Ekspert xüsusi olaraq nəzərə çatdırır ki, orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var: “Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalıdır. Milli ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir.

Məktəblərə xüsusi olaraq istismardan çıxmış silahlarla təmin olunması üçün lazımı otaqların olması ilə yanaşı  yeniyetmələrə hərbi duyğuları aşılarkən fənn seçimi edilməməlidir. Hətta fiziki psixoloji dərsləri vasitəsilə belə şagirdlərdə milli ruhu artırmaq lazımdır. Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir.  İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.  Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi”.

K.Əsədov düşünür ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır: “Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Keçirilən dərslərdə işğal olunmuş  torpaqlarda fədakarlıqla döyüşən Milli qəhrəmanlarımızı, Qarabağ haqqında uşaqlara Qarabağı tanıtmaq, onun başına gətirilən faciələri aşılamaq lazımdır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Və onu qorumağı özünə borc hesab edər”.

Ekspert hesab edir ki, vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsinə xüsusilə pedoqogikada diqqət edilməlidir. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır: “Torpaqlarımızın 20 faizinin işğalda olduğu bir vaxtda orta məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirilir. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Dərsliklər hazırlanarkən bu prinsip nəzərə alınmalıdır”.

K.Əsədov vurğulayır ki, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır: “Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir”.

Təhsil ekspertinin sözlərinə görə, məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsi də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir: ““Cəsurlar”, “Şahinlər” kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi olaraq təşkil olunur. Bu işdə Təhsil və Gənclər İdman Nazirliklərinin, eyni zamanda bir sıra qeyri hökumət təşkilatlarının iştirakı var. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması diqqətə layiqdir. Keçirilən oyunlarda oğlanlarla yanaşı qızlarında iştirakı təmin edilir ki, bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər. Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyətin də mühüm rol oynayır”.

Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur.
Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Könül Oruc

Xəbər xətti