“Oynadığım bütün rollar mənim balalarımdır”

17:27 - 14 Avqust 2019 - Mədəniyyət

Möylə Mirzəliyev: “Tamaşada aktyor 5 dəqiqəlik çıxışı ilə elə bir obraz yarada bilər ki, böyük rollarda oynayan adamları kölgədə qoyar”

Uşaqlıqdan aktyorluğu sevib və “Böyüyəndə mütləq aktyor olacam”- deyib. Atası isə onun riyaziyyat müəllimi olmağını istəyirmiş. Lakin buna baxmayaraq o, öz istəyindən dönməyib və İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) “Musiqili Komediya Aktyorluğu” fakültəsinə qəbul olub. Və artıq 30 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir. Deyir ki, öz işini, peşəsini çox sevir və oynadığı bütün rollar onun üçün doğma və əzizdir:

“Aktyorun bütün rolları, xırdalı-böyüklü hamısı özü üçün doğmadır. Rollarım mənim balalarımdır. Birinə yaxşı desən, o biri səndən küsəcək. Tamaşanı oynayanda həmin rol sənə xor baxacaq. Ona görə rollar arasında fərq qoymaq olmaz. Oynadığımız rollar bizim həyatımızdır. Səhnəyə çıxdınsa deməli o rolu yaratmalısan. Bu, sənin birinci növbədə peşə borcundur. İkincisi də rolu sevməlisən.

Oynadığın obrazı sevməsən, ürəklə yanaşmasan xalq tərəfindən həmin obraz sevilməyəcək”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı Akademik Musiqili Teatrın istedadlı və çox sevilən aktyoru Möylə Mirzəliyev dedi.

- 30 ildən çoxdur, sənətdəsiniz. Bu, elə də az müddət deyil. Möylə Mirzəliyev bu illəri daha çox necə xatırlayır?
- Hər bir aktyorun keçmiş xatirələri onun üçün doğma və əzizdir. O illərdən mənə çox xoş xatirələr qalıb. Çünki teatr elə bir məbəd, ocaqdır ki, ağrılı-incikli günlər belə insan üçün əzizdir, xoşdur. Öz işimi, peşəmi çox sevirəm.

- İlk dəfə aktyor olmaq istəyi ailədə necə qarşılanıb?
- Uşaqlıqdan bu sənəti sevmişəm. Hər zaman deyirdim ki, böyüyəndə mütləq aktyor olacam. İndi bəzi həmkarlarımız deyir ki, mən təsadüfən bu sənətə gəlmişəm. Amma məndə elə olmayıb. Uşaqlıqdan bu sənəti istəmişəm və gəlmişəm.
Atam istəmirdi, amma anam razı idi. Atam həmişə riyaziyyat müəllimi olmağımı istəyirdi. Çünki bizim dövrümüzdə müəllimə böyük şəxsiyyət kimi baxırdılar. Düzdür, indi də elədir. Amma müəllimin hörməti sanki cavanlara aşılanmır. Amma o dövrlə bu dövr arasında fərq var. İndi dövlətimiz şükür müəllimlərə hər cür qayğı göstərir. Uşaq vaxtı yay aylarında düşərgələr düzəldirdik. Bu düşərgələrdə sənəti sevən sinif yoldaşlarımızla səhnələr göstərirdik, insanlar maraqla izləyirdi.

- Teatra gəlişiniz necə olub?
- Universiteti bitirəndən sonra ilk dəfə təyinatımı Opera və Balet Teatrına almışam. Bir müddət burda işləmişəm. Vokal müəllimim SSRİ xalq artisti rəhmətlik Lütfəli İmanov olub. Məni bura məsləhət gördü, dedi, bir az xor artisti kimi işlə, sonra səni solist keçirəcəm. Orda artıq xırda rollar da oynamağa başlamışdım. Məni ştata keçirmək istəyirdilər. Daha sonra isə Akademik Musiqili Teatra gəldim.

- Bu il Akademik Musiqili Teatrın 110 illik yubileyi olacaq. Bu yubileyə nələr hazırlamısınız?
- Repertuar çox zəngindir. Yubileylə əlaqədar inşallah bir çox tamaşalar qoyulacaq. Açılışımız Üzeyir Hacıbəylinin əsərləri - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” tamaşaları ilə açılacaq və davamı gedəcək. Repertuarda da bizim bu il premyera tamaşalarımız olacaq.

- Prezidentin mart ayında imzaladığı fərmanla Akademik statuslu teatr oldunuz. Bu nəyi dəyişdirdi?
- Dövlət başçımıza çox minnətdaram. Bu fərman çox şeyi dəyişdirdi. Köklü dəyişikliklər oldu. Bizim teatrımıza, mədəniyyət və incəsənətə çox böyük köməyi oldu. Bilirsiniz, mədəniyyət sahəsində hər zaman çətinliklər olub. Amma dövlətimiz bizə yardım göstərdi. Tamaşaçıların alqışı, sevgisi birinci növbədədir. Amma eyni zamanda aktyorun məişət qayğıları olmayanda yaxşı olur, özünü işə verə bilirsən. Teatrda olanda başımız qarışır, ordan çıxanda yada düşür ki, evdə kartof, soğan yoxdur və s. (Gülür). Amma indi şükür Allaha hər şey əladır, yəni artıq qayğımız yoxdur. Ona görə də bizim əsas işimiz yaradıcılıqla məşğul olmaqdır.

- Rəhbərlik sizə necə şərait yaradır?
- Rəhbərimiz Əliqismət müəllim çox sağ olsun, həqiqətən bizə hər cür şərait yaradır. O, çox böyük dəyişikliklər edib. Teatrda yüksək səviyyədə canlanma var, istedadlı gənc aktyor və aktrisalarımızın irəli getməsi üçün şərait yaradılır. Repertuarlarımız zənginləşir. Repertuarımızda dünya ədəbiyyatının, dünya teatrının əsərləri oynanılır. Bizim teatrın aktyorları bir çox xarici ölkələrə gedib və ordan çox gözəl mükafatla qayıdıblar. Bütün bunlar hamısı yeni rəhbərliyin nailiyyətidir. Heç bir narazılığımız yoxdur, doğrudan da hər şey yaxşıdır.

- İllərin təcrübəli aktyoru kimi bu günün gənc aktyor və aktrisalarını bəyənirsinizmi?
- İstedadlı aktyor və aktrisalarımız var. Eyni zamanda orta və bir az aşağı səviyyəlisi də var. Aktyor və aktrisalar ələkdən keçirilərək ələnirlər. Orda teatrı sevən, teatrın hər əziyyətinə qatlanan, nazını çəkən, həqiqətən sevən adamlar dözür və qalır. Özünü teatrda görməyən adamlar isə artıq yavaş-yavaş sıradan çıxır. Teatrı gərək ürəkdən sevəsən. Dövlətimiz bizə çox gözəl şərait yaradıb. Teatrımızın binası çox gözəldir, yaxşı yerdədir, maaşlar yaxşıdır. 90-cı illərdə bizim teatrların vəziyyəti çox çətin idi.  O vaxtı gedənlər, getdi, qalanlar qaldı. Qalanlar yaşlı aktyorlar da indi əziyyətlərinin bəhrəsini görürlər. İnşallah biz də görəcəyik, yəqin ki, bizi də qiymətləndirərlər.

- Rollarınıza nəzər saldıqda çox məhsuldar bir aktyor olduğunuzu görürük. Amma dövlət tərəfindən sizə hər hansı bir fəxri ad verilməyib. Fikrinizcə, ömrünün yarıdan çoxunu sənətə həsr etmiş aktyora bu ad niyə verilməyib?
- Bu, əksər yaşlı aktyorların yaralı yeridir. Şikayət etmirəm, sadəcə gözləyirəm. İnşallah məni də yada salarlar.

- Teatrın 110 illik yubileyində sizə fəxri ad arzu edirik...
- Çox sağ olun, təşəkkür edirəm.

- Bu günə qədər bir çox rolları ifa etmisiniz. Bəs bu rollardan özünüzə ən yaxın, doğma hiss etdiyiniz hansı rolunuz olub?
- Aktyorun bütün rolları, xırdalı-böyüklü hamısı özü üçün doğmadır. Rollarım mənim balalarımdır. Birinə yaxşı desən, o biri səndən küsəcək. Tamaşanı oynayanda həmin rol mənə xor baxacaq. Ona görə rollar arasında fərq qoymaq olmaz.

Oynadığımız rollar bizim həyatımızdır. Səhnəyə çıxdınsa deməli o rolu yaratmalısan. Bu, sənin birinci növbədə peşə borcundur. İkincisi də rolu sevməlisən. Oynadığın obrazı sevməsən, ürəklə yanaşmasan xalq tərəfindən həmin obraz sevilməyəcək. Rəhmətlik Süleyman Ələsgərovla, İsi Məlikzadənin “Subaylarınızdan görəsən”, “Hərənin öz ulduzu” tamaşaları bizdə gedirdi. Rəhmətlik Xanım Qafarova ilə baş rolu oynamışıq.

“Hərənin öz ulduzu” tamaşası bizim teatrın repertuarında düz 17 il getdi. Çünki tamaşaçılar tərəfindən çox sevilirdi. Hər tamaşa Musiqili Teatrda bu qədər uzun müddət getmir.

- Ürəyinizdə qalan hər hansı bir nisgilli obraz qalıbmı?
- Bu sualı çox yerində verdiniz, gözləyirdim (gülür). Əlbəttə, var. Hər zaman o rolu ürəyimdə sevmişəm. Amma elə qoy ürəyimdə də qalsın. Demək bir az yaxşı çıxmır. Həmin rolu oynamağı çox istəyərdim, amma alınmayandan sonra nə etmək olar. İnşallah şərait yaranar, həmin rol mənə verilər. Hazırda oynadığım bütün rollardan razıyam, repertuarım zəngindir.

- Bu günə qədər sizə verilən rollardan eləsi olubmu ki, oynamaq istəməyəsiniz?
- Xeyr, elə bir şey olmayıb. Mənə nə rol verilibsə, ürəklə oynamışam. Bəzi aktyorlarda bir xüsusiyyət var ki, xırda rol veriləndə narazılıq edirlər, oynamaq istəmirlər. Belə şeylər mənə çox təəccüblü gəlir. Aktyor özünü hər rolda sınamalıdır. Balaca rolu yaxşı yarat, görəcəklər ki, öhdəsindən yaxşı gəlirsən, başqa rolları da sənə etibar edəcəklər. Tamaşada aktyor 5 dəqiqəlik çıxışı ilə elə bir obraz yarada bilər ki, böyük rollarda oynayan adamları kölgədə qoyar.

- Sizi serial və reklam roliklərində də görürük. Hazırda hər hansı seriala dəvət varmı?
- Bəli, əvvəllər seriallara çəkilmişəm. Daha sonra bir neçə serialdan təklif gəlmişdi, bəzi səbəblərdən dolayı qəbul etməmişəm. Əvvəllər seriallarımızın keyfiyyəti lap pis idi, indi bir qədər irəliləyiş var. Seriallarda bəzi rejissorlar özünün qonşusunu, qohumunu gətirir. Seriala gərək barmaqarası baxılmasın, professional adamlar çağırsınlar. Türklər seriallarla çox irəli getdi. Çünki onlar yaxşı maddi vəsait ayırırlar və peşəkar aktyorlarla işləyirlər. Bizimkilər kimi sözü deyib kadrdan çıxmırlar. Sifətə baxırsan nə mimika var, gözə baxırsan heç nə oxuya bilmirsən. Serial sahəsində nöqsanlar çoxdur.

- Serialların qonorarı bir aktyor kimi sizi razı salırmı?
- Xeyr, razı salmır. Bəzi rejissorlar teatrda işləyən peşəkar aktyorları seriallara az dəvət edirlər. Çünki peşəkar aktyor oynadığı rolun əsasında haqq tələb edir. Amma elə cavan adamları çağırırlar ki, heç qonorar da istəmirlər. Deyirlər ki, əsas odur ki,  biz rol oynayıb kameraya düşək. Belə şey etmək olmaz, düzgün deyil. Amma onu da deyim ki, içində yaxşı rejissorlarımız da var. Onlar da hələ barmaqla sayılacaq qədərdir. Hamısına uğurlar arzulayıram.

- Möylə Mirzəliyevin ürəyində demək istədiyi nələr var?
- Peşəmiz çətindir, acılıdır, şirindir. Sənətkar ömrü çətindir. Aktyor qəlbi çox kövrəkdir, çox yuxadır. Onlar gərək birinci özlərini gözləsinlər, pis adamlardan uzaq dursunlar, yoldaşlıq etməsinlər. Çünki könül görüb, qəlb bulananda adama pis təsir edir. Ona görə də gərək aktyorun könlünü sındırmayalar.

Könül Oruc


Xəbər xətti