Kim sevirsə idmanı...

17:33 - 7 Avqust 2019 - KİVDF

İdman uşaqların sağlam inkişafı ilə yanaşı psixoloji və sosial baxımdan inkişafına da dəstək verir

İdmanın insan sağlamlığındakı əhəmiyyətli rolu hər keçən gün daha da gün üzünə çıxır. Artıq Azərbaycan da bir idman ölkəsidir. Gənclərimizin dünya səviyyəli idman yarışlarında ölkəmizi təmsil etməsi, vətənimizə qalibiyyət mükafatları ilə dönməsi, eyni zamanda ev sahibliyi etdiyi möhtəşəm idman yarışları Azərbaycanın hər zaman bu sahəyə diqqət göstərdiyinin bariz nümunəsidir. Həm fərdi, həm kollektiv idman növlərində ölkəmiz daim inkişaf edir və irəliyə gedir. Bütün şəhər və rayonlarımızda uşaq və gənclərin idman inkişafı üçün ən müasir idman kompleksləri, məktəblərdə zallar fəaliyyət göstərir. Elə bu müsbət göstəricilərin nəticəsidir ki, uşaqlar arasında idmana maraq daha da artıb. O cümlədən valideynlər də övladlarının idmanla məşğul olması üçün onlara dəstək verirlər.

Danılmaz həqiqətdir ki, müasir dövrdə kompüterin və televiziyanın həyatımıza daxil olması ilə uşaqlar idmandan uzaq, hərəkətsiz bir həyat tərzini mənimsəməyə başlayıblar. Halbuki, idman uşaqların fiziki inkişafı ilə yanaşı psixoloji və sosial baxımdan inkişafına da dəstək verir.

İdmanın bədən sağlamlığının yanında psixoloji olaraq da uşaq üzərində müsbət təsirləri vardır. İctimai bir qrupa daxil olma, qrup içərisində özünü reallaşdıra imkanı tanıyan idman fəaliyyətləri uşaqların sağlam bir psixologiya ilə böyümələrinə imkan yaradır.

Güclü və sağlam bədənin yolu idman etməkdən keçir

İdman edərkən insanın bütün bədən üzvləri işləyir. O, uşağın inkişafına kömək edir. Əgər uşaq fiziki cəhətdən zəifdirsə, tez yorulur və xəstələnirsə, idman onun bədənini möhkəmlədəcək, immunitetini artıracaq. Dərs oxumaq asanlaşacaq. Hər gün idman edən uşaq möhkəm bədənə və gözəl qamətə sahib olur. Güclü və sağlam bir bədənin yolu idman etməkdən keçir. Gənc yaşda edilməyə başlanan idman əzələləri doğru şəkildə yaxşılaşdırır, sümükləri möhkəmləndirir və yağ hüceyrələrinin gərəksiz böyüməsinə mane olur. İdman edən uşaqlar bədənlərini yaxşı tanıyır, qabiliyyətlərini və bədənlərinin hansı idman növünə meylli olduqlarını erkən yaşda kəşf edirlər. Kim hansı idmana uyğun, ya da bu mövzuda sərhədləri nədir, kimi sualların cavabını asanlıqla tapırlar. Xüsusilə gimnastika kimi idmanlar uşaqların elastik bir bədənə sahib olmasını təmin edir. Bu rahatlıq irəliləyən yaşlarda istənilən idmanın daha asan edilməsinə imkan yaradır.

Xüsusilə məktəb yaşındakı uşaqların tez-tez xəstələnməsinə rast gəlirik. İdman edən uşaq isə yuxarıda bəhs etdiyimiz doğru qidalanma və idman nəticəsində güclü bir immunitetə sahib olur.

Ürək və damar sağlamlığını qoruyar.

Daimi olaraq kiçik yaşdan başlayaraq idman edən uşaqların ürək iş sistemi də nizamlı olur və gələcəkdə ürək-damar xəstəliyinə tutulma riski aşağı düşür. Onurğa əyilməsinin  qarşısını almaq üçün ən təsirli yol, dik  bir duruş və idman uşaqları onurğa əyilməsi kimi xəstəliklərdən qoruyur. İdman edən uşaq kökəlməkdən də sığortalanmış olur. Sağlam qidalanma və nizamlı idman nəticəsində belə bir problemlə qarşılaşma ehtimalları da aşağıdır. Köklüklə mübarizənin ən təsirli yolu uşaq yaşda edilən idmandır.

Uşaq və yeniyetmə psixologiyası üçün əvəzolunmaz terapiya

İdman xüsusilə də uşaq və yeniyetmələrin psixologiyasına müsbət təsir edir. Fərdi idman növləri özünə inam hissinin, şəxsi problemlərini həll edə bilmə qabiliyyətini artırır. Kollektiv idman növləri isə paylaşmağı, yardım etməyi, kollektiv halda hərəkət edərək şəxsi çıxarlarının komandanın önünə keçməsini kontrol etməyi öyrədir. İdmanla məşğul olan bir uşaq zamanını doğru istifadə etməyi öyrəndiyindən məktəb müvəffəqiyyətini də bərabərində gətirir. Mütəmadi fiziki aktivlik ilə uşağın qüvvət və dayanıqlılığı artır, sümük inkişafı yaxşılaşır, kökəlmə problemi olmur. İdmanla hərəkətsizlik və həddindən çox kökəlmənin nəticəsi olaraq yeniyetmə dövründə yarana biləcək ürək-damar xəstəlikləri, şəkər xəstəliyi və digər sağlamlıq problemlərinin inkişafının qarşısı alına bilir. İdmana başlamazdan öncə uşağın idman etməyə əngəl ola biləcək bir sağlamlıq probleminin olub-olmadığı dəyərləndirilməlidir. Uşağın yaşı, anatomik və funksional quruluşu, qüvvəti nəzərə alınaraq hansı idman növləri ilə məşğul ola bilməsinə qərar verilməlidir.

Güləşə 12, ştanqa 15-16, boksa 17 yaşdan başlamaq məsləhətdir...

5-lə 7-di yaş arasında, yəni erkən uşaqlıq dövründəki uşaqlar mütəmadi məşqdən çox, qaçış, hoppanma, tullanma, üzmə kimi bütün bədən hərəkətlərini özündə daşıyan, böyük əzələ qruplarını işlədən aktivliklər seçilməlidir. Yaradıcılığı və araşdırmağı inkişaf etdirən oyunlar, bəsit fiqurları olan rəqs folklor aktivlikləri dəstəklənməlidir. Bu yaş qrupunda uşaq daha çox fərdidir, buna görə fərdi aktivliklərə yönləndirilməlidir. Orta uşaqlıq dövründə, yəni 8-9 yaş ətrafında isə yuxarıdakı aktivliklərə əlavə olaraq velosipedə, kollektiv idmanlara, təməl idman hərəkətlərinin öyrənilməsinə yönələn aktivliklərə, kompleks fiqurları olan rəqs və folklor aktivliklərinə başlana bilər. Bu yaş dövründə qup aktivlikləri daha çox seçilə bilər.

Komanda ilə birlikdə mübarizə, liderlik, şəxsi intizamın inkişafı baxımından əhəmiyyətlidir. Hər uşağa liderlik şansı verilməlidir. 10 yaşından sonra müsabiqə tərzi fərdi və komanda idman növlərinə, qrup fəaliyyətlərinə ağırlıq verilməlidir. Şəxsi və komanda idman növlərində müsabiqə tərzi proqramlara başlana bilər. Spesifik idman növlərinə aid işlər üçün uyğun yaşlar isə; Gimnastika, futbol, basketbol, voleybol, atletika, tennis, xizək üçün 9-11 yaş, güləş üçün 12 yaş, velosiped üçün 14 yaş, ştanq üçün 15-16 yaş, boks üçün isə 17 yaşdır.

Ailələrə düşən vəzifələr nələrdir?

 İdman edərək uşağınıza nümunə olun.
Məktəbdə və ya çöldə ailəvi fəaliyyət proqramlarında iştirak edin.

 Uşağınızı cəsarətləndirin, istiqamətləndirin.

 Məsləhətlərinizi verin, onu dəstəkləyin.

 Uşağınızın fiziki qabiliyyətləri və gücünün xaricində hədəflər təyin etməyiniz idmandan uzaqlaşmasına səbəb ola bilər.

Uşaqların anatomik, fizioloji və psixoloji baxımdan inkişafları davam etdiyindən məşq proqramları hazırlayarkən diqqətli olmaq lazımdır.  Uşağın təhlükəsizliyi hər zaman öndə gəlir. Uşaqlarda idmanla həddindən çox məşğul olma ilə bağlı yaralanma və travmalar ola bilər. Uşaqların bədən istiliyi isti və soyuq şəraitdə həyata keçirilən idman yerlərinə uyğunlaşdırılmalıdır. Buna görə şəraitə uyğun paltar geymələri və kifayət qədər maye içmələri vacibdir.

Üzgüçülük və gimnastika aqressiv davranışlardan uzaq idman növləri

Həmçinin mütəxəssislər bildirir ki, uşaqları idmana yönəldərkən bəzi məsələlərə də diqqət etmək vacibdir.

Pediatr Vaqif Qarayev bildirir ki, aqressiv idman növləri uşaqların psixologiyasında aqressivliyə səbəb olur. Uşağın sağlam böyüməsi üçün idman hava-su kimi vacibdir. Uşaqlar aqressiv oyunlara, kinolara çox baxdıqlarına görə daha çox bu cür davranışlar tələb edən idmana meyl edirlər: “Mən bunu qəbul etmirəm. Xüsusən də kiçik yaşlı uşaqlar gərgin məşqlərə dözmür. İdmanın elə növləri var ki, uşaqları boy baxımından fiziki inkişafdan saxlayır. Mənim valideynlərə təklifim budur ki, uşaqlarını üzgüçülüyə qoysunlar. Bu həm idmandır, həm də suyun sağlamlığa çox ciddi faydaları var. İstər uşaqların normal böyüməsində, çəki atmasında, psixikanın inkişafında üzgüçülüyün çox böyük rolu var. Burada çətin heç nə yoxdur. Uşağı lazımsız dərnəklərə sürükləməkdənsə, üzməyə aparın. Əgər üzgüçülük istəməsəniz, gimnastika da çox gözəl idman növü sayılır. Burada da heç bir aqressivlik yoxdur. İstər oğlanlarda, istərsə qızlarda  əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında, xüsusən də qamətin düzgün olmasında həm gimnastikanın, həm də üzgüçülüyün rolu müqayisə olunmazdır. Mən həkim olaraq bu iki idman növünü məsləhət görərdim. Düzdür, oğlan uşaqları özünü müdafiə etməyi bacarmalıdır, bu mütləqdir. Amma özünü müdafiə etmək üçün bütün oğlanlar professional idmançı olmalıdır? Əzələsində güc olsa, bu, bəs edir”.

Dərs nailiyyətləri yüksəlir

Göründüyü kimi güclü və sağlam bir bədənin yolu idman etməkdən keçir. Həmçinin araşdırmalar sayəsində idmanın şagirdlərin dərs göstəricilərinin müsbət yöndə irəliləməsində də böyük rolu olduğunu ortaya qoyur.  Amerikada aparılan bir araşdırmaya əsasən 6 ilə 18 yaş arası təxminən 12.000 uşaq və gəncin üzərində aparılan araşdırmada fiziki fəallığın şagirdlərin məktəb uğuruna necə təsir etdiyi müşahidə olunub.

 Tədqiqatçıların araşdırmaları sonunda fiziki fəallıqla akademik biliklər arasında əlaqə ortaya çıxıb. Buna görə, fiziki mənada daha fəal olan şagirdlərin, tələbələrin akademik uğurları da daha yüksək olub. Tədqiqatçılar, idman növlərinin beyinə daha çox qan və oksigen getməsini təmin etdiyini, Endorfin artımını təmin edərək stressi azaltdığını və hissləri tarazlaşdırdığını, beləliklə, insanın bilik sistemində inkişaf yaratdığını vurğulayır.

Bu nəticələr, təhsildə yalnız akademik məzmun və öyrənmə üstündə deyil, fiziki fəallıq kimi müxtəlif sahələrdəki uğurlarda da rol oynayacağına diqqət çəkir.

Məktəb uğurundan narahatlıq duyulan, sistemli iş və intizamla bağlı dəstəyin faydalı olacağı düşünülən uşaqlara, ekspertlərin ilk təklifi, idmandır. Enerjisini atan, sosial bir qrupa aid olan uşaq xoşbəxt olur, ətrafının dəstəyi və qazandığı uğur onu motivasiya edir. Sağlamlığı, müqaviməti, görünüşü və bacarıqları yoldaşları içində də hörmət oyadır. İdman edən uşaq özünü təsdiq edir, dəstək görür və sevilir. Bütün bu müsbət töhfələr uşağın dərs uğuruna da müsbət istiqamətdə təsir göstərir.

İdmanın uşaqların fiziki və psixoloji sağlamlığa faydalarını saymaqla bitməz. Odur ki, bu istiqamətdə valideynlər də onlara dəstək olmalı və övladlarının hər birini idmana yönləndirməlidirlər ki, bunun üçün ölkəmizdə hər bir şərait var.

Xəbər xətti