“Mənim gördüyüm, öyrəşdiyim jurnalistika tamam başqa idi”

17:58 - 24 İyun 2019 - Müsahibə

Rauf Ağayev: “Bizim dövrümüzdə bir tənqidi yazı yazanda bir qovluq sənəd, arayış yığırdım”

Orta məktəb illərində o qədər yaxşı oxuyub ki, üçüncü sinifdən birbaşa beşinci sinfə keçib. Musiqiyə gedib, idmanla məşğul olub və qızıl medal qazanıb. Hansı sahə ilə məşğul olur-olsun hər zaman uğur qazanıb, yeniliklərə imza atıb. Azərbaycan çempionatında iki dəfə 2-ci, bir dəfə də 3-cü yeri tutub. Azərbaycanda ilk müstəqil jurnalist cəmiyyəti olan “Azərbaycan gənc jurnalistlər cəmiyyəti”ni yaradıb.

Bu cəmiyyətin nəzdində uşaqların idarə etdiyi “Təmas” qəzetini yaradıb. Sonra daha bir yenilik edərək pulsuz qəzet çap etməyə başlayıb. Müsahibim xeyli müddət jurnalistika sahəsində çalışdıqdan sonra istiqamətini dəyişərək bank sektoruna keçib.

“Üç nöqtə” qəzetinin qonağı “Azər Türk Bank”ın Mətbuat Katibi Rauf Ağayevdir.

“O biri uşaqlar kimi dəcəllik etməyə vaxtım olmurdu”

Müsahibim 1958-ci il sentyabr ayının 2-də Şabran (keçmiş Dəvəçi) rayonunun mərkəzində anadan olub. Uşaqlıq illəri elə orda keçib, orta məktəbi də orda oxuyub başa vurub. Orta məktəbdə yaxşı oxuduğu üçün 3-cü sinifdən birbaşa 5-ci sinfə keçid edib. Deyir ki, ona görə də orta məktəbi bir il tez bitirib: “Ailədə iki qardaş, bir bacı olmuşuq. Mən evin ikinci uşağı idim. Hamımız ali təhsil almışıq.

Atam həkim-cərrah, anam isə ingilis dili müəlliməsi olub. Orta məktəbdə oxuya-oxuya eyni zamanda hər gün Musiqi məktəbinə də gedirdim. Orta məktəbdən evə gələn kimi tez yeməyimi yeyib musiqi dərslərimi hazırlamağa başlayırdım. Bir neçə saat hazırlaşdıqdan sonra musiqi məktəbinə dərsə gedirdim. Bizdə həftənin 6 günü dərs olurdu. Buna görə də necə deyərlər, o biri uşaqlar kimi dəcəllik etməyə vaxtım olmurdu. Musiqi məktəbini də fərqlənmə ilə bitirmişəm. Həmçinin idmana da gedirdim, “Əməyə və müdafiəyə hazır ol” devizi ilə idman yarışları keçirilirdi, orda qızıl medal almışdım”.

“Birinci yeri götürə bilmirdim, məndən də güclülər var idi ”

R.Ağayev deyir ki, orta məktəbi bitirdiksən sonra Şabran rayonunun 7 illik Uşaq Musiqi Məktəbində iki il fortepiano ixtisası üzrə müəllim işləyib: “Bundan sonra 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “Jurnalistika” fakültəsinə daxil oldum. Müəllimlərim jurnalistikada tanınan, adlı-sanlı insanlar - Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Cahangir Məmmədli, Tofiq Rüstəmov və s. olub. Universitet illərində də idmanla məşğul olmuşam. Universitetin yığma velosiped komandasının kapitanı olmuşam. Azərbaycan çempionatında iki dəfə 2-ci, bir dəfə də 3-cü yeri tutmuşam. Birinci yeri götürə bilmirdim, məndən də güclülər var idi. (gülür)”.

“Tox olanda belə onun yeməyini yeyirdim ki, ürəyi qırılmasın”

Tələbəlik illərindən, jurnalistikaya həvəsindən maraqla bəhs edən müsahibimiz deyir ki, universiteti bitirən zaman diplom işi üzrə rəhbəri Nəsir müəllim olub: “Nəsir İmanquliyev “Bakı”və “Baku” qəzetlərinin baş redaktoru, həm də bizim müəllimimiz idi. Düzdür, dərslərdə görüşsək də, diplom işini hazırlayarkən daha tez-tez ünsiyyətdə olmağa başladıq. Diplom işi ilə bağlı redaksiyaya onun kabinetinə gedirdim, lakin işləri çox olduğu üçün mənə deyirdi ki, evə gəl, orda rahat oturub məsləhət-məşvərətimizi edək. Nəsir İmanquliyev birinci vitse-prezident Mehriban xanım Əliyevanın babası olub.

Nəsir müəllimin həyat yoldaşı Gövhər xanım çox yaxşı insan idi. Tələbə olduğumu nəzərə alıb, mən gələn kimi gətirib qabağıma yemək qoyurdu. Tox olanda belə onun yeməyini yeyirdim ki, ürəyi qırılmasın. Bir dəfə vaxtından tez gəlmişdim, Gövhər xanım yemək gətirdi. Nəsir müəllim gəldi, gördü ki, mətbəxdə yemək yeyirəm. Dedi, buna niyə yemək verirsən, hələ baxım görüm yazdıqlarına yemək düşür, ya yox? (Gülür).

Azərbaycan Dövlət Universitetində hərbi kafedra olduğu üçün universiteti bitirəndən sonra bizə zabit rütbəsi verildi. Zabit rütbəsi alandan sonra həmin adamları əsgərliyə aparmırdılar. Universiteti qurtarandan sonra imtahan verib leytenant rütbəsi aldım”.

“Bu oğlan “ştatdankənar müxbir” işləyəcək, ona masa da ver, stul da”

R.Ağayev bildirir ki, universiteti bitirəndə digər fakültələrdən fərqli olaraq jurnalistikada təyinat yox imiş: “İstənilən yerdə gedib öz ixtisasımız üzrə işləyə bilərdik. Həmin vaxtı bir dostum Ağcabədiyə işləməyə gedirdi, dedi, istəyirsən sən də mənimlə gəl. Dostumla razılaşdım və gəlib hazırlaşmağa başladım. Universitetə gedib müəllimlərimlə görüşdüm. Sonra isə Gövhər xanımla görüşməyə getdim və Ağcabədiyə işləməyə gedəcəyimi dedim.

Dedi ki, orda tanışın, qohum-əqrəban varmı? Dedim, xeyr, heç kimim yoxdur. Dedi, bəs tanımadığın yerdə necə baş çıxaracaqsan? Məni israrla Nəsir müəllimin yanına göndərdi ki, onunla görüşməmiş rayona getmə. Redaksiyaya getdim, Nəsir müəllimin kabinetinə daxil oldum. Yazı oxuyurdu, eynəyinin üstündən mənə baxıb dedi ki, eşitdim Ağcabədiyə gedirsən. (Bildim ki, Gövhər xanım zəng vurub deyib ki, o uşaq gedib orda baş çıxara bilməz, gör onun üçün nə edə bilirsən) Nəsir müəllim dedi ki, burda işləmək istəyərsən? Bu təklif mənim ürəyimdən idi, dedim əlbəttə (gülür).

Daha sonra soruşdu ki, hansı şöbəni istəyirsən? Mən də ədəbiyyat və incəsənət şöbəsini seçdim. Bu onun da xoşuna gəldi. Bu şöbə digərlərinə baxanda ən rahat və qalmaqalsız şöbə idi. Zəng vurub şöbənin rəhbərini yanına çağırdı. Dedi ki, bu oğlan sənin şöbəndə “ştatdan kənar müxbir” işləyəcək, ona masa da ver, stul da. Qoy özünün stol-stulu olsun. Beləcə orda işləməyə başladım”.

“Bir ayın içində 9 nəfər öz istəyimizlə ərizəmizi yazıb çıxdıq”

Sonra rus dilində olan “Baku” qəzetində də ştat açılıb və R.Ağayev orda da işləməyə başlayıb. Deyir ki, orda ədəbiyyat, incəsənət, elm və təhsil sahəsində çalışırmış: “Burda sahə geniş olduğu üçün iş daha ağır idi. 1988-ci ilə qədər orda işlədim, Nəsir müəllim təqaüdə çıxdıqdan sonra rəhbərlik dəyişdi.

Nəsir müəllim öz işini çox gözəl bilən insan idi, idarəetmədə çox səriştəli idi. Rəhbərlik dəyişəndən sonra redaksiyada ab-hava da dəyişdi və bir ayın içində 9 nəfər öz istəyimizlə ərizəmizi yazıb çıxdıq. Hərə bir tərəfə dağıldı. Məni “Arzu” dəb jurnalına redaktor dəvət etdilər, burda işləməyə başladım. Bir müddət də burda fəaliyyətimi davam etdirdim”.

“Azərbaycanda ilk müstəqil jurnalist cəmiyyətini yaratdım”

Müsahibimiz heç zaman boş dayanmayıb. Öz dostlarını başına yığaraq Azərbaycanda ilk müstəqil jurnalist cəmiyyəti olan “Azərbaycan gənc jurnalistlər cəmiyyəti”ni yaradıb: “Bu cəmiyyətin tərkibində ““Freelancer journalists”  (Sərbəst jurnalistlər) qrupu yaratdım. Universiteti oxuyan aktiv fəaliyyətli tələbələr, yaxud da hazırda işsiz olan jurnalistlərin öz fəaliyyətlərini davam etdirmələri üçün vəsiqə hazırladıq.

Çünki vəsiqə olmayanda gedib kimdənsə, yaxud hansısa qurumdan müsahibə götürə bilmirdilər. Belə olan halda isə qonorar ala bilmir və pis duruma düşürdülər. Həmçinin jurnalistika fakültəsini bitirən jurnalistlər əllərində heç bir vəsiqə olmadığı üçün onları heç yerə buraxmırdılar və heç kimdən müsahibə ala bilmirdilər. Jurnalistikanı bitirənə kimi hansısa mətbuat orqanında heç olmasa 5-10 yazısı çıxmalıdır ki, bunu təqdim edib işə düzələ bilsin. Buna görə də “Sərbəst jurnalistlər” qurumunu yaratdım və vəsiqələrini düzəltdik, möhürünü vurduq. Bu vəsiqələri jurnalistika fakültəsinin bir neçə ən fəal tələbələrinə və işini itirmiş bir neçə istedadlı jurnalistlərə verdik. Çox yaxşı nəticəsi oldu. Qonorar sistemi ilə özlərini dolandıra bildilər”.

“Orta məktəb uşaqları divar qəzeti yox, səkkiz səhifəlik qəzet buraxırdı”

R.Ağayev fəaliyyəti boyunca bir çox ilklərə imza atıb. Bunlardan biri də “Azərbaycan gənc jurnalistlər cəmiyyəti”nin nəzdində uşaqların idarəsinə verdiyi “Təmas” qəzetini yaratması olub. Belə ki, bu qəzetin bütün işçiləri orta məktəb uşaqlarından ibarət olub: “Məktəblərdə ədəbiyyat müəllimlərinin köməkliyi ilə yaxşı inşa yazan uşaqlardan 20 nəfər seçdik və onlardan da 7 nəfər ən yaxşısını saxladıq. İki ay ərzində tanınmış jurnalistləri dəvət edirdim, uşaqlara dərs keçir, jurnalistika haqqında məlumat verirdi.

Uşaqları tam hazır etdikdən sonra “Təmas” qəzetini onların ixtiyarına verdim. Bu uşaqlar 6-11 sinifləri əhatə edirdi. Onların içərisində baş redaktor, məsul katib, dizayner  vardı və müxtəlif şöbələri uşaqlar arasında bölüşdürdüm. Hərəsinə də bir istiqamət verdim və dedim ki, sizin yazılarınıza mən əl vurmayacağam. Bu qəzet çıxandan sonra yaxşı mənada böyük səs-küyə səbəb oldu. Heç mənim xəbərim olmadan o uşaqları gedib məktəbdən tapıb televiziyaya çəkmişdilər, müsahibə götürmüşdülər. Ona görə gözəl nəticə oldu ki, böyüklərin problemlərini daha saf gözlə, uşaq gözü ilə görüb təsvir edirdilər. Hər kəsə maraqlı oldu. Orta məktəb uşaqları divar qəzeti yox, əməlli-başlı A3 formatda, səkkiz səhifəlik qəzet buraxırdı. Üçüncü dəfə də ilk edərək üç dildə nəşr olunan “Reklam. Elan. Xəbər” adlı Azərbaycan mətbuatında ilk pulsuz qəzet buraxmağa başladım. Uzun müddət onun üzərində işləyib çap texnologiyasını dəyişdirdiyim üçün mənə çox ucuz başa gəlirdi. Bu sirri də heç kimə demirdim. Bu qəzet insanlar arasında pulsuz olaraq paylanırdı. Günəmuzd işləyən  poçtalyonlarımız  bu qəzetləri evlərə, müəssisələrə çatdırırdılar. Reklamlardan da yaxşı gəlir əldə edirdik.” 

“Həyat yoldaşım da jurnalist olub”

Ailə həyatı qurmağından danışan müsahibim deyir ki, elə həyat yoldaşı da bu sahənin adamı olub: “Həyat yoldaşım “Göyərçin” jurnalında işləyirdi. Tanış olduq, daha sonra evləndik. Bir qızımız, bir oğlumuz var. Qızım İstanbulda magistraturanı bitirib orda işləyir. Oğlum isə mənim sənətimi davam etdirir. Jurnalistika fakültəsini bitirib, “Arb24” telekanalında redaktor işləyir”.

“Mənim gördüyüm, öyrəşdiyim jurnalistika tamam başqa idi”

“Azərbaycan gənc jurnalistlər cəmiyyəti”ndən sonra R.Ağayevi “Xalq” qəzetinə dəvət ediblər, bir müddət orda redaktor müavini işləyib: “Cümə günləri 16 səhifəlik “Cümə” adlı əlavə çıxarmağa başladıq.
Qəzetin məsul redaktoru mən idim. Bu əlavə əsas qəzetin özündən fərqlənirdi. Çünki rəsmi deyildi, daha oxunaqlı yazılar verirdik. Dörd il müddətində orda işlədim, daha sonra gördüm ki, jurnalistika əvvəlki kimi deyil, istiqamət tamam dəyişir.

Bildim ki, buna öyrəşə bilməyəcəm. Çünki mənim gördüyüm, öyrəşdiyim jurnalistika tamam başqa idi. Mən bir tənqidi yazı yazanda bir qovluq sənəd, arayış yığırdım. Tənqid yazıramsa, sabahı gün gəlib deməsinlər ki, yalan yazmısan. Yəni biz bu cür öyrənmişdik. Sonra gördüm ki, əlində heç bir fakt olmadan kim-kimi istəsə nəinki tənqid, cəmiyyət içində əsassız olaraq biabır edir. Baxdım ki, bu jurnalistika mənim jurnalistikam deyil və yavaş-yavaş aralandım.

2001-ci ildən bank sahəsində işləməyə başladım. Azərbaycan Beynəlxalq Bankında mətbuat xidməti açıldığını eşitdim və sənədlərimi verdim. Bir neçə nəfər namizəd var idi, nəhayətdə məni seçdilər. Mətbuat xidməti deyəndə orda tək özüm idim (Gülür). Bütün işləri mən görürdüm, elə axıra kimi tək işlədim. O cür böyük bankın mətbuat işlərini təkcə mən görürdüm. İşləyə-işləyə İqtisad Universitetinin “Maliyyə” fakültəsini bitirdim. İndi isə Azər Türk Bankda Mətbuat katibi vəzifəsində çalışıram”.   

Könül Oruc


Xəbər xətti