“Bakı Uşaq Teatrı ən yaxşı işləyən teatrlardan biridir”

19:36 - 7 İyun 2019 - Müsahibə

İlhamə Əhmədova: “Aktyor bir dəfə o səhnənin dadını biləndən sonra uzaqlaşa bilmir”

Ömrünün 25 ildən çoxunu teatra həsr edib. Teatrda və seriallarda bir çox rollar oynayıb. Deyir ki, aktyor mütləq şəkildə təhsil almalıdır: “Aktyor mütləq Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini keçməlidir. Mən bunun tərəfdarıyam.

Universitet bitirmədən, təhsil almadan aktyor olmaq istəyənlərin tamamilə əleyhinəyəm. Yatıb gecə yuxuda görür ki, aktyor olub, durub səhər teatra gələnlər var. Bu bilirsiniz nəyə bənzəyir? Elə bil, mən teatr və rejissorluq fakültəsini bitirib gedib hansısa bir xəstəxanada cərrah işləmək istəyirəm. Bu nə qədər doğru ola bilər? Bu ixtisası bitirmədən aktyor olmağı iddia edən insanları yetişdirmək çox çətindir”.

“Üç nöqtə” qəzetinin qonağı Bakı Uşaq Teatrının quruluşcu rejissoru İlhamə Əhmədovadır.

-  “Aktyor doğulmur, yetişdirilir” deyirlər. Bu fikirlə razısınızmı?
- Bilirsiniz, bu fikirlə həm razıyam, həm də narazı. Ümumiyyətlə, hər kəs dünyaya gələndə içində özünəməxsus istedad və qabiliyyəti olur. Yetişdirmək mütləq lazımdır. Onu yetişdirmək üçün də yaxşı pedaqoqlar, rejissorlar, sənətkarlara, tərəf müqabillərinə ehtiyac var.

- Bu gün teatra gələn gənc aktyorları yetişdirmək çoxmu çətindir?
- Bəli, həddindən artıq çox çətindir. Teatra gələn gənclərin əksəriyyətic çox “çiy” və bərbad vəziyyətdə olur. Onlarla işləmək, onları yetişdirmək çox əziyyətli olur və baha başa gəlir. Amma elə gənclərimiz də var ki, gələndə görürsən ki, onun potensialı var və onu yetişdirmək çox uzun müddət aparmır. Artıq tez bir zamanda onunla rahat şəkildə işləyə bilirsən.

- Onlarla iş prosesində sizi nələr qane etmir?
- Danışıqları çox bərbad gündədir. Demək olar ki, gələn gənclərin çoxunun çənə aparatında, yəni danışığında böyük qüsurları var, “c”, “ç” hərfləri bizi məhv edib.

- Bəs gənc aktyorlar bu problemləri aradan qaldırmaq üçün nə etməlidirlər?
- Bu iş universitetdə “Səhnə danışğı” kafedrasının üzərinə düşür. Onlarla mütləq işlənilməlidir. Lap dərininə getsək, bu məktəb illərindən işlənilməlidir ki, gənclər böyüdükdə bundan əziyyət çəkməsinlər. Gənclər sözlərin vurğusunu düzgün vurmurlar. Bunları mütləq öyrənməlidirlər. Universitetdə aktyorluğu oxuyan şəxslərlə səhnə müəllimləri mütləq şəkildə işləməlidir.

- Artıq 10 ildən çoxdur, Bakı Uşaq Teatrında quruluşcu rejissor kimi çalışırsınız. Az müddət deyil...
- Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və rejissorluq” fakültəsini bitirib Gənc Tamaşaçılar Teatrında çalışdım. Çox gözəl kollektivlə, sənətkarlarla, sənətçilərlə birlikdə fəaliyyət göstərdik. Ağakişi Kazımov, Bəhram Osmanov, Vaqif Əsədov, Nicat Kazımov kimi sənətkarlarla işləmişəm. Daha sonra İntiqam Soltanın rəhbəri olduğu Bakı Uşaq Teatrına gəldim. İntiqam müəllimdən çox şey öyrəndim. Uşaq tamaşalarını hazırlamağın kökünü, əsasını mənə İntiqam müəllim öyrətdi. Uşaq psixologiyasını çox gözəl bilir. Tülkü, canavar kimi heyvan obrazlarına bir qədər aqressiv yanaşırdım. Amma bu, uşaqların psixologiyasına mənfi təsir etməsin deyə, bunlara da yumşaq yanaşmağı öyrətdi mənə. Çox gözəl işlər, tamaşalar ərsəyə gətirmişik.

- Repertuarınızın əsasını nə təşkil edir?
- Teatrın repertuarı çox zəngindir. Tamaşalarımıza tələbat var, tamaşaçılar istəyir. Tamaşaçıların istəyi ilə çox tez-tez tamaşalar oynayırıq. Teatr dayanmadan işləyir. Tez-tez xarici ölkələrə səfərlərimiz olur, festivallarda iştirak edirik. Repertuarımızda maarifləndirici tamaşalar daha çoxdur. Bakı Uşaq Teatrına gəldiyim üçün çox xoşbəxtəm. Belə bir yerdə çalışdığım üçün halımdan məmnunam. Həm uşaqlar, həm də böyüklər üçün maarifləndirici tamaşalarımız olur. Müxtəlif  yerli və xarici dramaturqlara müraciət edirik. Demək olar ki, Bakı Uşaq Teatrı ən yaxşı işləyən teatrlardan biridir.

- Uşaqlarla işləməyin çətinlikləri nələrdir?
- Böyüklərdən daha çox, uşaqlarla işləmək çətindir. Böyükləri hərəkətimizlə, sözümüzlə və s. aldada bilirik. Amma uşaqları aldatmaq heç cürə mümkün deyil. Gərək uşaqlara fikirlərimizi o qədər dolğun və gözəl şəkildə çatdıraq ki, buna inansın. Uşaq inanmadısa, aktyor batdı.

- 25 ildən çox yaradıcılıq fəaliyyət dövründə İlhamə Əhmədova hansı işlərə imza atıb?  
- Gənc Tamaşaçılar Teatrında tamaşalar hazırladım, oynadım. Amma Bakı Uşaq Teatrında da aktyor kimi rollar oynasam da, əsas rejissor kimi fəaliyyət göstərirəm. Burda bir çox uşaq tamaşaları hazırlamışam. Tamaşalarım xarici ölkələrdə festivallara çıxıb və insanlar tərəfindən bəyənilərək çox gözəl yer qazanıb. Gənc Tamaşaçılar Teatrında işləyəndə müqavilə ilə Bakı Uşaq Teatrında da rollar oynayırdım. O vaxtı oynadığım tamaşa 15 ildən çoxdur ki, repertuarımda hələ də qalmaqda davam edir. Həmin tamaşa Fransada üçüncülük qazandı. Ümumilikdə bir çox tamaşalara və rollara imza atmışam.

- Bir çox yerli seriallarda da çəkilmisiniz. Yeni serial təklifləri varmı? 
- Bəli, bu günə qədər bir çox film və seriallarda rol almışam. Çox xoşbəxt aktrisayam ki, o cür dahi və gözəl rejissor Rövşən İsakla işləmişəm. Rejissor Elşən Zeynallı müharibə mövusunda “Soyuq günəş” filmini çəkdi, orda rol almışam. Buna görə özümü çox xoşbəxt hiss edirəm. İnşallah yeni serial gözlənilir. Bu yaxın aylarda yeni serialımız, çəkilişlərimiz olacaq

- Yaşlı aktyorların teatrlardan uzaqlaşdırılmasına necə baxırsınız?
- Yaşlı, amma güclü-qüvvətli, səhnəyə yararlı olan aktyorların səhnədən, teatrlardan uzaqlaşdırılmasına tərəfdar deyilik. Onları bu vəziyyətdə teatrdan qəti şəkildə uzaqlaşdırmaq olmaz. Gənclərin “bişməsi” üçün o cür yaşlı, təcrübəli aktyorları görməli və onlardan öyrənməlidirlər. Onlara səhnədə ehtiyac və tələbat var. Amma artıq səhhəti, gücü, qüvvəti yol vermirsə, aktyor bunu özü başa düşməli və səhnədən getməlidir.

- Bu gün başqa ixtisası bitirib aktyor kimi çalışan insanlar var. Fikrinizcə, aktyor olmaq üçün ali təhsil vacibdirmi?  
- Aktyor mütləq Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini keçməlidir. Mən bunun tərəfdarıyam. Universitet bitirmədən, təhsil almadan aktyor olmaq istəyənlərin tamamilə əleyhinəyəm. Yatıb gecə yuxuda görür ki, aktyor olub, durub səhər teatra gələnlər var. Bu bilirsiniz nəyə bənzəyir? Elə bil, mən teatr və rejissorluq fakültəsini bitirib gedib hansısa bir xəstəxanada cərrah işləmək istəyirəm. Bu nə qədər doğru ola bilər? Bu ixtisası bitirmədən aktyor olmağı iddia edən insanları yetişdirmək çox çətindir.  Universitetdə heç olmasa teatr sözünün necə yazıldığını, teatrda nələrin baş verdiyini, səhnənin nə olduğunu öyrənib gəlirlər. Amma küçədən gələnlər, istəyim var deyib gələnlər heç nə bilmir və teatr mədəniyyətini sıfırdan aşağı salırlar.

- Teatrların bu günkü vəziyyəti sizi qane edirmi?
- Prezidentimiz çox sağ olsun, son bir neçə aylarda teatrlara olan qayğısını göstərdi. Maaşların artması aktyorlara bir stimul verdi. Teatrlar əvvəlki kimi başlarını aşağı salıb öhdələrinə düşən işi görürlər. Amma ümumi vəziyyət o qədər də qənaətbəxş deyil. Əslində aktyorların həvəslənməsi üçün böyük heç nə lazım deyil. Gözəl dramaturji əsər, ssenari və gözəl rejissor lazımdır ki, aktyor işlədikcə həvəslənsin. Vallah az pula da, çox pula da gəlib bu “bataqlığa” düşürük və burda qalırıq. Qane etsə də, etməsə də işləyirik. Aktyor bir dəfə o səhnənin dadını biləndən sonra uzaqlaşa bilmir.

- Bakı Uşaq Teatrının bina probelminin həll olunması ilə bağlı mədəniyyət naziri çıxış etmişdi. Vəziyyət nə yerdədir?
- Vəziyyət olduğu kimi qalmaqda davam  edir. Hələ ki, Qaraçuxurdayıq. Cənab nazrimiz şəxsən özü dedi ki, bizim bina problemimizlə bağlı işlər gedir. Yəqin ki, yaxın gələcəkdə bizə yeni bina veriləcək. Biz buna əminik və inanırıq. Çünki teatr və kollektiv olaraq Əbülfəz Qarayevə çox böyük hörmətimiz var. Və nazirimizin  də bizim taetra qarşı çox böyük diqqəti və hörməti var. Biz bunu kollektiv olaraq dəyərləndiririk və onu çox istəyirik. Baş idarənin rəisi Cəlil Məlikov vəzifəyə gəldiyi vaxtdan bizim teatrda canlanma, aktyorların içində bir stimul yaranıb. Cəlil müəllim teatra qarşı çox böyük qayğı və diqqət göstərir. Teatra çox gözəl bilən və ona yaxından bələd olan bir insandır. Cəlil Məlikova öz təşəkkürümüzü bildiririk.

- Sonda demək istədiyiniz nəsə varmı?
- Hər kəsə can sağlığı arzu edirəm. Arzu edirəm ki, teatr sənəti heç vaxt inkişafdan qalmasın, hər zaman zirvələrdə olsun. Teatrda çalışan hər bir kəs tamaşaçının zövqünü oxşamağa çalışsın. Tamaşaçların zövqünü qaldırmaq, onları tamaşalara alışdırmaq lazımdır. Teatr bir məktəbdir, mədəniyyətimizin ən gözəl görünən yeri, hiss olunan məqamıdır. Tamaşaçı teatra gəlib bir tamaşaya baxandan sonra çox şey öyrənir. Ona görə teatrımız inkişafdan dayanmasın, teatra qayğı arxa planlarda qalmasın, daim diqqətdə olsun.

Könül Oruc


Xəbər xətti