“Azərbaycanda özəl teatr sektoru yaradılmalıdır”

18:16 - 27 Fevral 2019 - Müsahibə

Elçin Cəfərov: “Teatrlarımız çalışmalıdır ki, məhlə festivallarında çıxış etmək və gözə kül üfürmək şakərindən əl götürsünlər” 

“Bir də görürsən, filan dövlət teatrı filan beynəlxalq festivalda iştirak edib, nə bilim filan mükafatı qazanıb və s. və i. başlıqlı xəbərlər manşetləri bəzədi. Məlumatsız auditoriya, bəlkə də, bu xəbərlərə sevinə və inana bilər. Ancaq bir balaca araşdırma aparmaq kifayətdir ki, anlayasan ki, sözügedən festivalların bir çoxu nəinki birinci, heç 11-ci dərəcəli də festival deyil. Biri gedib həvəskar teatrlar festivalına qatılır, bir başqa dövlət teatrı statusundan həya eləmədən tələbə festivallarında iştirak edib qran-pri filan alır, bəziləri də “kapustnik” səviyyəli tamaşalarla beynəlxalq festivallarda özünü və bizi biabır edir”.

Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı teatrşünas Elçin Cəfərov dedi. E.Cəfərovla ümumi fəaliyyətindən, teatrların və tamaşaların bugünkü vəziyyətindən söhbət açdıq.

- Teatrşünas olmaq bu sahəyə böyük sevgi və maraq tələb edir. Teatrşünas olmağa necə qərar verdiniz?
- 2003-cü ildə ADMİU-nun “Teatrşünaslıq” ixtisasına qəbul olundum. Məktəb vaxtlarında daha çox jurnalistika sahəsinə maraq göstərirdim. Ancaq birinci kursdan sonra teatrşünaslıq məni özünə daha çox cəlb etdi. Üçüncü kursda təhsil alan zaman Teatr Xadimləri İttifaqı “Boş məkanın dolğunluğu” Eksperimental Tamaşalar Festivalı keçirirdi. Biz də - Mədəniyyət və İncəsənət Universitetinin bir neçə tələbəsi gənc ekspertlər qrupunun üzvü idik. Hər gün tamaşalardan sonra nümayiş olunan işləri müzakirə və təhlil edirdik, qızğın mübahisələr gedirdi. Gəncliyə xas maksimalizm və cəsarətlə tamaşaları tənqid edirdik. Və elə oldu ki, bu müzakirələrdə ən çox tənqid etdiyim teatrlardan birinin - Yuğ Dövlət Teatrının rəhbəri Vaqif İbrahimoğlu məni teatra ədəbi hissə müdiri vəzifəsinə dəvət etdi. Əvvəl elə bildim, müəllim zarafat edir, onunla tanış olanlar bilir ki, V.İbrahimoğlunun ciddi sözü ilə zarafatını ayırd eləmək elə də asan iş deyildi. Ancaq zarafat eləmirmiş. 2006-cı ilin yanvar ayından rəsmi olaraq YUĞ Dövlət Teatrında ədəbi hissə müdiri vəzifəsində işə başladım. Vaqif müəllimlə tanışlığımı həyatımda dönüş nöqtəsi hesab edirəm. Çünki mən teatrın nə demək olduğunu, bu teatrın nəzəri və təcrübi əsaslarını və ən əsası, teatrı necə sevməyi Vaqif İbrahimoğlundan öyrəndim.

- Həm teatrda çalışırsınız, həm də universitetdə müəllim işləyirsiniz. Hər iki işi birlikdə görmək çətinlik yaratmır?
- Əslində, universitetdəki işimlə teatrdakı işim bir-biri ilə əlaqəlidir. Teatrşünaslıq kafedrasının müəllimiyəm. Tələbələrlə ünsiyyətdə olmaq, auditoriyaya girmək məni bir teatrşünas kimi formada saxlayır. Universitetdə öyrətdiyim qədər öyrənirəm. Yeni kitablar oxuyuram, dərs proqramları, dərs vəsaitləri tərtib edirəm. Bir sözlə, teatrşünaslıqla həm nəzəri, həm də təcrübi baxımdan məşğul oluram.

- Sizin fəaliyyət göstərdiyiniz Yuğ teatrı digər teatrlardan nə ilə fərqlənir?
- Adının üç hərfdən ibarət olması ilə (gülür).

- Yuğ Teatrında Vaqif İbrahimoğlu ənənəsinin qalmadığını və bu ənənənin davamçılarının bir-bir teatrı tərk etdiyini deyirlər. Reallıq necədir?
- Bir neçə il öncə yazdığım “Vaqif İbrahimoğlunun nağılı” adlı məqaləni belə bitirmişəm: “Vaqif İbrahimoğlunu özünə USTAD bilən sonuncu adam dünyadan köçməyincə bu nağıl davam edəcək”. Məni aşırı optimist olmaqda ittiham edə bilərsiniz, ancaq hələ də o fikirdəyəm ki, Vaqif İbrahimoğlu ənənələri onu özünə ustad bilən sonuncu adam yaşayınca davam edəcək. Fərq etməz Yuğda, yaxud teatrdan kənarda. Təbii ki, Yuğ Teatrının sənətçilərinin teatrdan ayrılması məni çox məyus edir. Bu teatra artıq adam yoxdur. heç kəs təyinatla, “tapış”la gəlməyib. Yuğda işləyən hər kəsi Vaqif müəllim özü seçib. Bu sənətçilərin hər biri elə YUĞ-dur, teatrdır. Müəllimin ənənəsinə və əxlaqına nə dərəcədə sadiq qalmaq isə yəqin ki, hər kəsin öz mənəvi seçimidir. Reallıq belədir ki, Yuğ artıq Vaqif müəllimin qurduğu teatr deyil. Əksini gözləmək sadəlövhlük olardı. Çünki o, Vaqif İbrahimoğlunun müəllif teatrı idi. Ancaq Yuğ ənənəsinin məhvindən danışmaq üçün çox tezdir. Çünki ən azı, bu gün o teatrda Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Gülzar Qurbanova, Sonaxanım Mikayılova, Vidadi Həsənov, Əbdülqəni Əliyev, Qasım Nağı, Natəvan Qeybani kimi sənətçilər çalışır.

- Azərbaycan teatrını kənardan necə xarakterizə edərdiniz?
- Azərbaycan teatrına kənardan baxmaq mənim üçün o qədər də asan deyil. Çünki bu prosesin içindəyəm. Ancaq Azərbaycan teatrının bu günü haqqında düşünəndə gəldiyim belə bir faktı konstatasiya edə bilərəm: bu gün milli teatr sənəti nə ölüdür, nə diri. Çünki canlı proses yoxdur. Prosesin imitasiyası var və ayrı-ayrı lokal təzahürləri nəzərə almasaq, heç nə baş vermir. Əsas səbəblər isə bunlardır: total savadsızlıq, köhnəlik, cəsarətsizlik, keçmişlə yaşamaq (A.Talıbzadənin təbirincə desək, “teatr keçmişin xoşuna gəlməyə çalışır”).

- Azərbaycanın müasir teatrı hansı üslubdadır?
- Düşünürəm ki, artıq teatrların hər hansı konkret üslub daxilində fəaliyyət göstərdiyi zaman çoxdan keçib. Nəinki Azərbaycanın, dünyanın heç bir ölkəsinin teatrı haqqında konkret üslub çərçivələri qoymaq qeyri-korrektdir. Bircə onu deyə bilərəm ki, artıq teatr sənəti ilə incəsənətin digər sahələri, hətta humanitar sfera arasındakı sərhədlər silinməkdədir.

- Bugünkü gənc aktyorların ifalarını bəyənirsinizmi?
- Bu gün Azərbaycan teatrında çox istedadlı gənc aktyorlar var. Adlarını sadalayıb, vaxt almaq istəmirəm. Elə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də hər il, azı, 10-15 nəfər istedadlı aktyor yetişir. Sadəcə, düşünürəm ki, onların özünürealizəsi üçün yetərincə şərait yoxdur. Dövlət teatrlarının ştat cədvəli məhduddur, onların, uzağı, 5-10 faizi teatrlarda işlə təmin oluna bilər. Seriallardan, kino industriyasından isə, ümumiyyətlə danışmağa dəyməz. Gənc aktyorların yetişməyini istəyiriksə, mütləq Azərbaycanda özəl teatr sektoru yaranmalı, gənc istedadların özünürealizəsi üçün münbit platforma yaradılmalı, onların teatr sahəsində fəaliyyəti stimullaşdırılmalıdır. Yoxsa hələ çox itirilmiş nəsillərin şahidi olacağıq.   

- Bəs, XXI əsr tamaşaçılarının teatra, tamaşalara marağı nə dərəcədədir?
 - “Azərbaycan teatrının tamaşaçı problemi yoxdur” – kimi optimist cümlələr qurmayacağam. Ona görə ki, teatrlarda tamaşaçı planının necə doldurulduğunu yaxşı bilirəm. Necə deyərlər, pessimist yaxşı məlumatlı optimistdir. Danılmaz faktdır ki, XXI əsrdə yaşayan insanın, daha konkret desək, azərbaycanlının teatr sənətinə marağı arzuolunan səviyyədə deyil. Ancaq burda günahı yalnız XXI əsrin, ETİ-nin, İKT-nin boynuna yıxmaq düzgün deyil. Tarixin müxtəlif mərhələlərində teatr sənəti tamaşaçı böhranı ilə üz-üzə qalıb. Hər dəfə yeni bir sənət növü, fərqli əyləncə vasitəsi çıxanda nekrofil xislətlilər “teatr öldü” deyə car çəksə də, təcrübə göstərir ki, teatr sənəti heç vaxt ölməyib və inanıram ki, ölməyəcək də. Çünki teatr sənəti, canlı sənət olması ilə, “burada və indi” prinsipi ilə bütün digər sənət növlərindən fərqlənir və teatrı əsrlərin sınağından çıxaran, zaman-zaman köhnəlsə də, tamamilə yox olmağa qoymayan onun canlı sənət olmasıdır.

- Ümumiyyətlə, müasir dövrdə insanların teatra olan marağını geri qaytarmaq üçün nələr etmək olar?
- Teatr sənətinin bütün problemləri kimi tamaşaçı problemi də sistemli xarakter daşıyır. Ona görə də bu problemin aradan qaldırılması yalnız sistemli tədbirlər vasitəsilə mümkün ola bilər. Bu sistemli tədbirlərə teatrın repertuarının formalaşmasından tutmuş, kadr resurslarına, maddi-texniki amillərə qədər bütün məsələlər daxildir. Belə demək olar ki, Azərbaycan teatrı bu günə qədər heç zaman tamaşaçısını tanımayıb. Azərbaycanda kütləvi şəkildə teatr sənətinin təbliği, teatr industriyasının formalaşması, bu sahədə dövlət səviyyəsində dəstəklənən mütəşəkkil reklam və təbliğat siyasətinin qurulması vacib məsələlərdəndir. Azərbaycan teatrında marketinq və PR sistemi yox səviyyəsindədir. Hələ də tamaşaların normal treyleri və ya anonsu hazırlanmır. Ölkədə konkret olaraq, teatr sənətinin təbliği işinə xidmət edən jurnallar, qəzetlər, saytlar yox dərəcəsindədir. Şəxsi imkanlarımız hesabına Teatro.az adlı sayt yaratmışıq. Bir ilə yaxındır fəaliyyət göstəririk, hələ də teatrlarla normal, peşəkar əməkdaşlıq əlaqələri qurmaq mümkün olmayıb. Teatrların mətbuat xidmətlərinin yayımladığı bəzi məlumatlardan savadsızlıq yağır. Bəzi teatr rəhbərlərimiz hələ də anlaya bilməyib ki, teatrın PR və mətbuat işi troll saxlamaq, yazılan tənqidi yazıları və onların müəlliflərini qaralamaq, rəhbəri mədh eləməkdən ibarət deyil.

- Festivallar teatra nə qazandırır?
- Festival teatra çox şey qazandırır, onu lokal çərçivədən çıxarır, özünə kənardan baxmaq imkanı qazandırır, əlaqələrin qurulmasına, beynəlxalq teatr məkanına inteqrasiyaya zəmin yaradır. Festival həmişə bayramdır – təki həmişə festival olsun. Ancaq bir məqamı da deməsəm ölləm, teatrlarımız çalışmalıdır ki, məhlə festivallarında çıxış etmək və gözə kül üfürmək şakərindən əl götürsünlər. Bir də görürsən, filan dövlət teatrı filan beynəlxalq festivalda iştirak edib, nə bilim filan mükafatı qazanıb və s. və i. başlıqlı xəbərlər manşetləri bəzədi. Məlumatsız auditoriya, bəlkə də, bu xəbərlərə sevinə və inana bilər. Ancaq bir balaca araşdırma aparmaq kifayətdir ki, anlayasan ki, sözügedən festivalların bir çoxu nəinki birinci, heç 11-ci dərəcəli də festival deyil. Biri gedib həvəskar teatrlar festivalına qatılır, bir başqa dövlət teatrı statusundan həya eləmədən tələbə festivallarında iştirak edib qran-pri filan alır, bəziləri də “kapustnik” səviyyəli tamaşalarla beynəlxalq festivallarda özünü və bizi biabır edir. Gəlib, möhtəşəm uğurlar, təntənəli qarşılanma haqqında mətbuata ağızdolusu danışmaqla deyil axı, kor-kor, gör-gör, tamaşaların səviyyəsi göz qabağındadır. Bu cür hallar nəinki Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına xidmət edir, əksinə beynəlxalq arenada milli teatr sənətimiz haqqında mənfi rəy formalaşdırır. Festivalda belə iştirak etməkdənsə, nənəm demişkən, qaxılıb evində oturmaq yaxşıdır.

 - Sizcə bəzi festivallar hansısa sənədlərə quş qoymaq xətrinə keçirilmirmi?
- Həmişə yox. Ancaq olur elə hallar. Bilirsiniz, burda məsələ daha çox vicdan məsələsidir, bir də kadr məsələsi. Dövlət teatr sənətinin inkişafı üçün vəsait ayırır, festivallar, forumlar, konfranslar keçirməyə çalışır, teatrlarımızın beynəlxalq tədbirlərdə iştirakını maliyələşdirir və təbii ki, bu işi müəyyən qurumlara və şəxslərə həvalə edir. O adamlar və qurumlar isə, bir qayda olaraq, “ağrımayan başına dəsmal bağlamaq” istəmir, özünü əziyyətə verib, ciddi iş görməyə çalışmır. Elə sınanmış üsulla, “Əlinin papağını Vəlinin başına qoymaq”, “dost-tanış məclisi qurmaq” prinsipi ilə fəaliyyət göstərir. Ona görə deyirəm ki, bu vicdan məsələsidir. İnsan ən azından düşünməlidir ki, bu festivalda, konfransda, forumda iştirakım üçün dövlət bu qədər pul ödəyir, zəhmət çəkir, gərək mən də elə davranım ki, sərf olunan vəsaiti havaya sovurmayım. Yoxsa, buna özgəsinin dövlət təminatı ilə risk eləmək deyirlər.

Könül Oruc

Xəbər xətti