“Jurnalistika, təcrübə, məntiq və savad işidir”

19:21 - 25 Fevral 2019 - Müsahibə

Cəlalə Nəzəroğlu: “Ailə içində, qohumlar arasında ləhcə ilə danışa bilərik, amma cəmiyyət içində yox”

Deyir ki, heç şübhəsiz jurnalistlərin və aparıcıların nitqi başqalarına nümunə olmalıdır: “Jurnalistika təcrübə, məntiq və savad işidir. Əsas olan xəbər, duyumu və gündəmi izləmək, ən vacibini seçməkdir. Mənə maraqsız olan şey, tamaşaçıya, dinləyiciyə və oxucuya da maraqsızdır. Bunu ona zorla sırımaq olmaz”. Müsahibim “Üç nöqtə” qəzetinin qonağı ASAN Radionun redaktoru və aparıcısı, BDU-nun Jurnalistika fakültəsinin müəllimi və natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğludur. 

- Natiqlik üzrə müəyyən kurslar təşkil edirsiniz. İnsanların marağı necədir?
- “Diksiya Akademiyası Məhdud Məsuliyyətli Cəmiyyət”i hələ ki, Azərbaycan dilində şifahi və yazılı danışığı özündə birləşdirən yeganə və birinci mərkəzdir. Mərkəzdə 15-ə yaxın kurslarımız var. Düzgün danışıq, natiqlik qabiliyyəti, təqdimat bacarıqları, satıcılar üçün kurslar, bank, sığorta, turizm əməkdaşlarının müştəri ilə davranması, şirkətlərarası rəsmi yazışmalar, məmurlar üçün xüsusi paketlər, uşaq və yeniyetmələr üçün kurslar keçirilir. Təbii ki, həmin kurslardan biri “Aparıcının danışıq kursu” adlanır. Bəzən aparıcılar bunu özlərinə ciddi kompleks edirlər və natiqliklə bağlı təlim aldıqlarının haradasa bilinməsini və eşidilməsini istəmirlər. Təbii ki, biz də hər zaman müştərilərimizin sirrini qoruyuruq.

- Aparıcının ən üstün cəhətlərindən biri, gözəl danışıq və səlis nitq qabiliyyətinə malik olmasıdır. Hazırkı aparıcıların nitq qabiliyyətini necə qiymətləndirirsiniz?
- Aparıcıların nitqində olan qüsur bizim yaralı yerimizdir. Bununla bağlı ildə bir neçə dəfə monitorinq keçirilir. Aparıcıların harada səhvə yol verməsinə dair qeydlər edilir, mətbuat konfransı keçirilir. Əslində işin tənqidi tərəfi ilə yanaşı, çıxış yolunun da göstərilməsi yaxşı olardı. Məncə, hər bir aparıcı öz üzərində işləmək, səhvlərini düzəltmək və daha peşəkar görünmək istəyir. Radio aparıcıları daha diqqətli olmalıdır. Çünki onların tək silahı sözləri və səsləridir.

- Bəs radio aparıcısı üçün vacib olan əsas xüsusiyyətlər hansılardır?
- Televiziya və radioda işləməyindən asılı olmayaraq aparıcı bəzi xüsusiyyətləri özündə daşımalıdır. Bu, onun peşə borcudur. Hər şeydən əvvəl aparıcı üzərində işləməli və məlumatlı olmalıdır. Təbii ki, bütün detalları yadda saxlamaq məcburiyyəti yoxdur. Elə aparıcı var ki, mövzu ilə bağlı olan məlumatı efirə çıxmamışdan bir neçə saat qabaq oxuyur. Ola bilsin ki, efirdən bir neçə saat sonra həmin məlumatı unudur. Əsas odur ki, efirdə dinləyiciyə və tamaşaçıya məlumatı ötürə bilir. Dinləyicini, tamaşaçını hiss etmək lazımdır. Məsələn, empatiya hissi qurmaq önəmlidir. Aparıcı fikirləşməlidir ki, “mən dinləyici olsaydım, qonaqdan nə soruşmaq istəyərdim?”. Sanki tamaşaçının istəyini eşidib dilə gətirmək lazımdır. Qoy dinləyici desin ki, “elə bunu soruşmaq istəyirdim”. Aparıcı məlumatlı olmayanda ümumi suallara əl atır. Məsələn, tez-tez eşitdiyimiz “hansı yeniliklər gözlənilir?”, “necə oldu bu sənətə gəldiniz?” və s. Bu suallar az-çox səsi, normal diksiyası olan istənilən şəxs tərəfindən də ünvanlana bilər.

- Hər bir işdə gözəl danışığın vacib olduğunu bilirik. Bəs hansı sahələrdə daha önəmlidir?
- Heç şübhəsiz ki, jurnalistlərin, aparıcıların nitqi başqalarına nümunə olmalıdır. Çünki insanlar fikirləşir ki, ən yaxşı aparıcı danışmalıdır. İndi reklam böyük qüvvədir. Mütəxəssislərin, özlərini reklam edənlərin yaxşı danışığı çox önəmlidir. Bundan başqa, bəzi sahələrin mütəxəssisləri nitqdən birmənalı şəkildə asılıdırlar. Misal üçün bir psixoloq öz pasienti ilə söhbət edəndə qarşısındakı adam hətta ucqar dağ kəndindən gəlsə belə, danışıqdan təsirlənəcək. Səbirli, sakit, axıcı, məntiqli danışıq olmasa, pasient ondan razı qalmayacaq. Vəkillər də əla danışmağı bacarmalıdırlar. Onlar kimisə müdafiə edirlər. Ümumilikdə, danışıq həyatdır. Adi məişət söhbətində belə düzgün danışıq önəmlidir.

- Aparıcı, yaxud müxbir mütləq jurnalistikanı bitirməlidirmi?
- Mənim subyektiv fikrimə görə, xeyr. Yəni, belə bir şərt yoxdur. Baxmayaraq ki, mən həm bakalavr, həm də magistratura pilləsində jurnalistikanı oxumuşam. Amma qətiyyətlə deyə bilərəm ki, jurnalistika təcrübə, məntiq və savad işidir. Əsas olan xəbər duyumu və gündəmi izləmək, ən vacibini seçməkdir. Mənə maraqsız olan şey, tamaşaçıya, dinləyiciyə və oxucuya da maraqsızdır. Bunu ona zorla sırımaq olmaz. Bu məsələ öz yerində. Bir müğənni, yaxud aktyor televiziyada aparıcılıq edirsə, biz “Onun ucbatından dilimiz korlandı” deyə bilmərik. İncəsənət Universitetini bitirən və orada “Səhnə danışığı” dərsini keçən aktyorlar dili bizim bəzi aparıcılarımızdan daha yaxşı bilir, orfoepik qaydalara uyğun danışırlar. Təsadüfi gəlişlər isə televiziya və radio rəhbərlərinin seçimindən asılıdır. Bir insan hansı kriteriyalara uyğun olaraq işə alınır? Bu, bir az sual altındadır…

- Aparıcıların təlim alması vacibdirmi?
- Bəli, peşəsindən və  daha öncəki fəaliyyətindən asılı olmayaraq, aparıcıya mütləq təlim keçmək lazımdır. Qardaş Türkiyədə buna çox diqqət edirlər. Bir aparıcının bəzən aylarla üzərində işləyib təkcə ona düzgün nəfəs almağı öyrədirlər. Bizdə düzgün nəfəsalmadan danışanda cavab gəlir ki, bu, bizim nəyimizə lazımdır axı!? Təlimlərimə gələnlərdən bəziləri nəfəsalma məsələsini adlayaraq birbaşa səlis danışığı öyrətməyimi istəyirlər. Bu, mümkün deyil. Ədəbi dildə səlis danışıq böyük sahədir. Rəhbərlik etdiyim “Diksiya Klubu” son 5 ildə Türkiyə təcrübəsindən istifadə edirik. Və təkcə orfoepik qaydalara köklənib qalmırıq, elə birinci nəfəslə başlayırıq. Səsin dolğun çıxması bir çox hallarda düzgün nəfəsalmadan asılıdır. Nə qədər çox hava, bir o qədər çox təzyiq, nə qədər çox təzyiq, bir o qədər səs tellərinin yaxşı titrəməsi deməkdir. Bundan başqa, hər bir aparıcı istər qeyri-peşəkarlıqdan, istərsə də məsuliyyətdən efirdə həyəcanlanır. Həyəcan anında əli əsir, çənəsi və dizi titrəməyə başlayır. Ola bilər ki, biz bunu kənardan görmürük.  Bəlkə də efirə yaxşı hazırlaşmışdı, beş cümləni ard-arda deyə bilərdi. Amma  həyəcandan sözləri və cümlələri qarışdırırdı. Həyəcanı dəf etməyin ən yaxşı silahlarından biri yenə də düzgün nəfəs almaqdır.

- Kitab oxumaq söz ehtiyatını artırmağa nə dərəcədə köməklik göstərir?  
- Çox kitab oxumaq söz ehtiyatını artırır. Ancaq bəzən insanlar şikayət edir ki, nə qədər kitab oxusam da, danışmağa söz tapmıram. Problem ondan ibarətdir ki, öyrəndiyini tətbiq etmir. Əgər yaxşı danışmaq istəyirsinizsə, kitabda oxuduğunuz hadisəni mütləq kiməsə nəql edin. Hər şey vərdişdən asılıdır.

- Bir çoxumuz nə qədər çalışsaq da, ləhcə ilə danışmaqdan xilas ola bilmirik.
- Ədəbi dil deyilən qanunlar toplusu var. Bu, orfoepik və orfoqrafik qaydalardan ibarətdir. Orfoepiya hamının mütləq şəkildə əməl etməli olduğu tələffüz qəlibini nəzərdə tutur. Ləhcələrə hörmət edirik. Bu, bizim milli mənliyimizin bir hissəsidir. Ailə içində, qohumlar arasında ləhcə ilə danışa bilərik. Amma cəmiyyət içində bunu göstərmək olmaz. Əgər bir sözü ətrafımızdakı insanlar, dostlarımız, həmkarlarımız istifadə etmirsə, televizorda və radioda eşitmiriksə, nadir tapılan sözdürsə, artıq o sözü araşdırmaq lazımdır.

- ASAN radioda “Ana dili” məlumatlandırma proqramı da təsis edildi. Ümumiyyətlə, bu sahədə məlumatlanma nə dərəcədədir?
- “Ana dili” ən sevdiyim layihəmdir. Bunun üçün “ASAN FM”in direktoru Emin Musəviyə təşəkkür edirəm. Çünki ideya müəllifi odur. Çoxları tərəfindən doğru bilinən yanlışları seçib, qısa formada təqdim edirəm. Ona görə qısa edirəm ki, gün ərzində dəfələrlə təkrarlana bilsin. Bundan başqa, insanlar uzun-uzadı məlumata qulaq asa bilmir, çoxlu məlumatı yadda saxlamır. Qısaca olaraq bir söz, yaxud bir ifadədən danışıram. Məsələn, Əksəriyyət bunu bilmir. “Narahatçılıq, anlaşılmamazlıq, çatışmamazlıq” kimi ifadələr var. Onlar da düzgün deyil - bir sözdə bir inkar şəkilçisi ola bilər. “Xoşbəxtçilik, bədbəxtçilik” ifadələri dilimizdə yoxdur. Sevindirici haldır ki, “ASAN” radioya gələn hər kəs ilk olaraq “Ana dili” layihəsindən danışır. Demək ki, insanların buna ehtiyacı var.

- Sonda gənclərimizə nə arzu edərdiniz?
Gənclərə arzu edirəm ki, kim olurlar olsunlar, sevmədikləri işlə məşğul olmasınlar. Sevmədikləri insanların yanında olmasınlar. Solğun, bitkin insanlar başqalarını da xoşbəxt edə bilmir və mütəxəssis kimi isə qətiyyən faydalı olmur. Odur ki, çevrənizdəkiləri və işinizi sevin !
Uğurlar!

Könül Oruc

Xəbər xətti