Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində Prezident fərmanları xüsusi yer tutur

18:10 - 22 İyun 2018 - KİVDF

Sahibkarlığın inkişafı davamlı inkişaf strategiyasının məqsədlərinin reallaşması baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir ki, bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Göründüyü kimi bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi həmişə diqqət mərkəzində olub. Hüquqi bazasını təşkil edən normativ –hüquqi aktlar sırasında isə Azərbaycan Respublikası Konstitusiyası, beynəlxalq hüquq aktları, konstitusiya qanunları və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə yanaşı, sahibkarlıq fəaliyyətini tənzimləyən digər qanunlarda mühüm əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində qeyd olunan qanunların rolu və əhəmiyyəti şübhəsiz ki, əvəzsizdir. Lakin tənzimlənən bazar iqtisadiyyatının hüquqi bazası yalnız qanunlarla formalaşdırıla bilməz. Sahibkarlıq fəaliyyəti sahəsində konkret hüquq münasibətlərinin tənzimlənməsində həmin qanunlarla yanaşı, sahibkarlıq hüququnun mənbələrini təşkil edən digər normativ aktlar- Azərbaycan Respublikası Prezidentinin fərmanları, Respublika Nazirlər Kabinentinin fərmanları, Respublika Nzirlər Kabinentinin qərarları, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları xüsusi yer tutur. Xüsusilə Preziden fərmanları sahibkarlığın inkişafında önəmli rol oynayır. Məsələn, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli, 791-IIIQ nömrəli Qanunu qüvvəyə minmiş və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli, 101 nömrəli Fərmanı imzalanıb. Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri olan normativ-hüquqi bazanın formalaşdırılıb. Hazırda prioritet istiqamətlərə uyğun olaraq xüsusi iqtisadi zonaların yaradılması və yerləşəcək ərazilərin müəyyən edilməsi istiqamətində işlər aparılır.

 Bundan başqa, Azərbaycan Respublikası Prezidenti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə 2011-ci il 15 fevral tarixli Fərman imzalayıb. Fərman sahibkarlığa dövlət himayəsinin sistem şəklində həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Fərmana əsasən 1 may 2011-ci il tarixindən müəyyən olunmuş qaydada reallaşdırılan hər bir dövlət nəzarət tədbirinin reyestrdə qeydiyyata alınması eyni vaxtda bir sahibkarlıq subyektində müxtəlif yoxlamaların aparılmasının qarşısının alınmasına, konkret məsələ üzrə aparılan araşdırmaların tezliyinə nəzarət etməyə, həmçinin sahibkarlıq subyektlərinin öncədən aparılacaq yoxlama və 5 iş günü müddətində reallaşdırmış nəzarət tədbirinin nəticələri haqqında məlumatlanmasına şərait yaradıb. Digər tərəfdən isə hər 3 aydan bir sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə, reyestrdə qeydiyyata alınmış məlumatlar üzrə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə hesabatın təqdim olunması dövlət orqanlarının bu sahədəki fəaliyyətinə nəzarəti təmin edib.

Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin 13 dekabr 2002-ci il tarixli 196 nömrəli Qərarı ilə "Nəzarət Kitabçası" haqqında Əsasnamə" təsdiq edilib. Sənədə əsasən sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2011-ci il tarixli 97 nömrəli Qərarı ilə "Nəzarət kitabçası" haqqında Əsasnamə"yə edilmiş düzəlişlərə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində (www.yoxlama.gov.az) qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinin Nəzarət Kitabçalarında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu"nun qeyd edilməsi təsbit olunmuşdur.

Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.
“Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.10.2011-ci il tarixli, 509 nömrəli Fərmanı da xüsusi əhəmiyyət daşıyır. Fərmanın 1-ci hissəsinin icrası olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirakı ilə hazırlanmış Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya (icazə) sisteminin tənzimlənməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanun layihəsi, habelə lisenziyalar və icazələrin siyahısı aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənib. Ölkədə qiymətləndirmə fəaliyyətinin təşkilati, iqtisadi və hüquqi əsaslarının möhkəmlənməsi, qiymətləndirmə fəaliyyətinə dair qanunvericilik bazasının təkmilləşdirilməsi, qiymətləndirmə fəaliyyətinin dövlət tənzimlənməsinin və bu sahədə özünütənzimləmə məsələlərinin daha səmərəli həll olunması, habelə qiymətləndirmə bazarının inkişafı məqsədilə hazırlanmış “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi aidiyyəti dövlət orqanlarının təklifləri əsasında yenidən işlənib. Bu Qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Qeyd edək ki, Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik bu qanundan, digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 2-ci maddəsində bildirilir ki, fəaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. 4-cü maddədə isə qeyd edilir ki, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ var. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. Burada qiymətləndirmə üçün əsas qiymətləndirici tərəfindən obyektin  qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.

Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənib. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilmiş və Milli Məclisə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilmişdir. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqlənib.

Burada diqqət çəkən əsas məqam odur ki,  lisenziyaların sayının azaldılması ilə sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alınıb   və onlar əlavə xərclərdən azad olublar. Başqa sözlə, sahibkarların bir neçə quruma müraciət etməmələri üçün lisenziyaların ləğv edilməsinin özəl bölmənin, əsasən də orta və kiçik sahibkarlığın inkişafında çox böyük rolu olub. İqtisadiyyatın inkişafı üçün atılan bu addım gələcəkdə də bazar iqtisadiyyatı sistemində işləyən ölkəmiz üçün çox uğurlu olub.

 

Xəbər xətti