Cəmiyyət sədri: "Quşçuluq müəssisələrində çeşidlənən yumurta marketlərdə qarışdırılıb baha satılır"

20:24 - 20 Dekabr 2016 - Xəbər

 "İri quşçuluq müəssisələrində quraşdırılan avadanlıq vasitəsilə yumurtalar 7 çeşidə ayırılır". Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. Onun sözlərinə görə, həmin aparatalar vasitəsilə gözlə görülməyən problemlər, çatlar da görünür: "Çeşiddən kənarda qalan yumurtalardan maye yumurta hazırlanır və dondurularaq sonradan restoran, kafe otel kimi məkanlara satılır. Dondurulmuş yumurtanın qiyməti daha bahalı olur".
O bildirib ki, yumurta vaxtında satılmasa və müəssisənin anbarlarında toplanarsa, 3-4 dərəcə temperaturda 28 gün saxlandıqdan sonra bişirilir və toyuqların yeminə qatılır: "Yumurtaya müəssisədə çeşidlənərkən müxtəlif xüsusiyyətlərinə - iriliyinə, xırdalığına və s. görə fərqli qiymətlər qoyulsa da, satış mərkəzlərində bütün çeşiddə olan yumurtalar qarışdırılaraq eyni qiymətdə satılır. Tutaq ki, satışa üç çeşiddə yumurta verilir. Marketlər yumurtanı müəssisədən fərqli qiymətə alır, amma qarışdırıb hamısını çeşidinə görə daha bahalı olan yumurtanın qiymətinə satır".
Cəmiyyət sədri vurğulayılb ki, hazırda quşçuluq müəssisələrində yumurtanın satış qiymətləri çeşidinə görə 12-13-14 qəpik arasında dəyişir. Quş əti isə 2.80, 3 manat 30 qəpik və s. qiymətlərdə satılır.
A.Vəliyev onu da bildirib ki, ölkəyə xaricdən gətirlən toyuq ətinə qoyulmuş gömrük rüsumunun yüksəldilməsinin yerli quşçuluq bazarına müsbət təsirini hələ bir neçə aydan sonra görmək mümkündür: "Bazarlara əvvəlldən o qədər çox məhsul doldurulub ki, bəlkə onları gələn ilin aprel-may aylarına qədər ancaq satıb qurtarmaq mümkündür". 

Xəbər xətti