3 aptekdə 205 qutu keyfiyyətsiz dərman aşkarlanıb

13:26 - 20 Dekabr 2016 - Cəmiyyət

Azərbaycanda  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. 
P.Əzizbəyovun sözlərinə görə, yoxlamalar keçirilən apteklərdən ikisində qeyd olunan faktlar təsdiqlənməyib, digər üçündə isə faktlar təsdiqini tapıb: “Həmin 3 əczaçılıq müəssisəsində  81 adda 205 qutu dövlət qeydiyyatından keçməmiş, keyfiyyət sertifikatı olmayan dərman vasitələri aşkarlanıb və satışdan çıxarılıb. Hazırda həmin dərman vasitələrinin məhv edilməsi və apteklərlə bağlı tədbir görülməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib və müvafiq tədbirlər görüləcək. Araşdırmalardan sonra həmin apteklərin fəaliyyətinin dayandırılması ilə bağlı qərar veriləcək”.
Dərman vasitələrinin qiymət tənzimlənməsinə də toxunan P.Əzizbəyov qeyd edib ki, dərmanların qiymətinə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətlərinə daxil deyil: “Tarif Şurası tərəfindən məzənnəyə uyğun olaraq qiymətlər artıq tənzimlənib”. 
Dərman vasitəsinin keyfiyyətinin onun qiyməti ilə bağlı olmadığını deyən P.Əzizbəyov bildirib ki, dərman dövlət qeydiyyatından keçibsə, rəsmi yolla ölkəyə idxal olunursa,  keyfiyyətinə də təminat verilirsə, satışına icazə verilir: “ Dərmanın qiyməti ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Məsələn, Rusiyadan Azərbaycana nisbətən ucuz, Avropadan isə nisbətən baha dərmanlar gətirilir.  Dərman vasitələrinin keyfiyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən tapşırıqlar verilib və dərmanların keyfiyyətinə ciddi nəzarət olunur”.

Xəbər xətti