Zakir Həsənov Türkiyə müdafiə naziri və Baş Qərargah rəisinə başsağlığı verib

21:04 - 17 Dekabr 2016 - Xəbər

Müdafiə naziri Zakir Həsənov Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı Türkiyə milli müdafiə naziri  Fikri İşıka və Baş Qərargah rəisi Hulusi Akara başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z. Həsənov qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbərin onu dərindən kədərləndirdiyini bildirib.
Müdafiə naziri qeyd edib ki, bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik: “Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.

Xəbər xətti